Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gülşən İbadova: “Azərbaycana gəldikdən sonra mənə çoxlu problemlər yaratdılar”

Gülşən İbadova: “Azərbaycana gəldikdən sonra mənə çoxlu problemlər yaratdılar”

“O səs Türkiyə” yarışmasından tanınan vokal ifaçısı Gülşən İbadova musavat.com-a müsahibə verib:

– İstərdik ki, yaradıclığınızdakı son yeniliklər haqqında danışasız.

– Yeniliklər ondan ibarətdir ki, bu günlərdə İtaliya bəstəkarı xüsusi olaraq mənim səsimə uyğun romans bəstələyib. Həmin əsər kino üçün nəzərdə tutulub. Hazırda onun üzərində işləyirik.

– Bəs hazırda harda işləyirsiz?

– Heç bir yerdə işləmirəm.

– Yəni, yenə də işsizsiz…

– Bəli. Amma ara-sıra konsertlərə, hətta dövlət tədbirlərinə dəvət alıram. Mən də bunun üzərində işləyirəm, məşqlərdə iştirak edirəm, çalışıram. Lakin son anda məlum olur ki, məni konsertin iştirakçı siyahısından çıxardıblar.

– Səbəb?

– Bilmirəm. Səbəb yəqin ki, həmin bəyanatla bağlıdır.

– Hansı bəyanatdan söz gedir?

– Opera və Balet Teatrı direktorunun mənim haqqımda verdiyi yalançı bəyanatdan…

– Bundan əvvəl həmin teatrın rəhbərliyi ilə aranızda qalmaqal yaşanmışdı. Hazırda vəziyyət necədir?

– Münasibətlərimiz gərgindir. Hazırda bununla bağlı məsələ məhkəmədədir.

– “Acunmedia”nı da Avropa Məhkəməsinə şikayət edəcəyinizi açıqlamışdız. Bəs həmin məsələ nə yerdə qaldı?

– Bilirsiz, Azərbaycana gəldikdən sonra mənə o qədər problem yaratdılar ki, həmin məsələ bir qədər arxa planda qaldı. Avropa Məhkəməsinə müraciət etmək o qədər də asan deyil. Bunun üçün çox böyük proseslərdən keçmək lazım gəlir.

– Yəqin ki, izləmisiz, “O səs Türkiyə”nin bu il keçirilən yarışması başa çatdı, nəticələrə görə Doden Özen qalib oldu. Necə düşünürsüz, Doden bu qalibiyyətə layiq idi?

– Həmin yarışmadan ən güclü səslər olan azərbaycanlıları uzaqlaşdırıb, elə bir insanı birinci etmək… Nə deyim, kimi istəsələr birinci edə bilərlər. Amma həqiqətən də, bu yarışmada ortalıqda böyük bir saxtakarlıq var. Bunu sosial şəbəkələrdə yazılan şərhlərdən də görmək olur. Hətta türklərin də bununla bağlı etirazları var.

– Amma Türk xalqı özü Dodeni seçdi…

– Bu cür görünə bilər, amma belə deyil, bunu hamı bilir. Burada böyük saxtakarlıq elə ilk başdan, efirə vermədən gizlin tur keçirib, azərbaycanlıları yarışmadan uzaqlaşdırmaları oldu.

– Bəs Dodenin ifaçılığına münasibətiniz necədir? Necə düşünürsüz, o, öz ifa qabiliyyəti ilə birinci olmağa layiq idi?

– Dodenə qarşı mənim heç bir kinim yoxdur. O da özünə məxsus bir ifaçıdır. Amma ondan dəfələrlə güclü ifaçılar var idi.

– Bəs birincilikdə kimi görmək istəyərdiz?

– Kimi görmək istəyərdim… sözün düzü mən artıq o yarışmadan uzaqlaşdırıldıqdan sonra yarışmanı izləmədim. Sonuncu turu da diqqətlə izləməmişəm. Amma deyə bilərəm ki, Dodenin səsi sıravi bir səs idi. Güclüləri bilərəkdən yarışmadan uzaqlaşdırdılar, xüsusən də azərbaycanlılara qarşı bu cür ədalətsizlik etdilər…

– “O səs Türkiyə”dən sonra digər beynəlxalq yarışma və festivallarda iştirak etməyi düşünürsüzmü?

– Bəli, bir yerdə addımlamaq olmaz. “O səs Türkiyə” mənim üçün çox gözəl sürpriz idi. Doğrudur, ədalət olsaydı, bu yarışmanın sonu çox yaxşı ola bilərdi. Amma hər halda, duet ortağım olan Mahmut Akından mənim üçün çox gözəl sürpriz idi.

– Duet ortağınızdan söz düşümüşkən, bir yerdə yeni duetləriniz varmı?

– Bəli, yeni layihələr, yeni duetlər üzərində işləyirik. Yaxın günlərdə bununla bağlı açıqlamalar verəcəm.

– Bir az öncə qeyd etdiz ki, konsertlərə, hətta dövlət tədbirlərinə dəvət alırsız, amma son məqamda siyahıdan uzaqlaşdırılırsız. Məsələn, sonuncu olaraq hansı konsertdə bu cür halla rastlaşmısız?

– Son olaraq Mədəniyyət kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gənc pianoçuların konserti keçirilirdi, həmin konsertdə ifalarım olmalı idi. Hər bir məşqə gedib, gərgin çalışmalar aparırdıq. Sonuncu məşqə də getdim. Konsert günü mənə dedilər ki, sən ifa etməyəcəksən. Səbəbini isə mənə izah etmədilər. Opera teatrı ilə aramızda gərginlik yaranan vaxtdan bu cür hallarla tez-tez rastlaşıram. Amma bütün bunlara baxmayaraq, mən yenə də həvəslə öz üzərimdə işləyirəm. Yəqin ki, haqq-ədalət tezliklə öz yerini tapacaq…

– Bəs toylara, məclislərə dəvət alırsızmı? Təbii ki, sizin də yaşam üçün maddi gəlirə ehtiyacınız var.

– Xeyr, mən toylara getmirəm. Nadir hallarda vokalist toylarda görünə bilər. Amma tədbirlərə, elit, kübar məclislərə dəvətlər alıram və onların arasında mənim üçün uyğun olanını seçirəm.

– Bəs diplomunuzla bağlı məsələ öz həllini tapa bildimi? Opera teatrı ilə olan qalmaqalda diplomla da bağlı iddialar var idi. Xalq artisti Xuraman Qasımova bu məsələdə sizi müdafiə etdi, bildirdi ki, maddi imkansızlıqdan diplomunuzu ala bilmirsiz, sizə köməklik lazımdır.

– Hələ ki, kömək edən yoxdur. Amma Avropa ölkələrindən mənə təkliflər gəlir. Və mən hazırda o təkliflər üzərində düşünürəm, onları düzgün dəyərləndirməyə çalışıram. Xuraman xanıma gəldikdə isə, mən ona böyük təşəkkürümü bildirirəm ki, bu mövzuda məni tək qoymadı. Çünki, Xuraman xanım Bakı Musiqi Akademiyasını bitirən hər bir vokalçının hansı potensiala malik olduğunu bilir, bütün diplomları o imzalayır. Amma mənim vəziyyətim bir qədər fərqlidir. Biri var ki, savadsızlıqdan, biri də var ki, təhsil haqqını, kreditlərini ödəyə bilmədiyin üçün diplomunu ala bilməyəsən. Məndə də savad var, amma kreditlərim olduğundan hələ ki, diplomuma qovuşa bilməmişəm. Yəni, maddi imkansızlıq bu məsələni yarımçıq qoyub.

– Bu barədə akademiyanın rəhbərliyinə müraciət etmisiz?

– Etmişəm, amma heç bir nəticə olmadı… Amma bu, son deyil. Dahi maestro Niyazinin, Vaqif Mustafazadənin də diplomu olmayıb. Lakin onlar böyük uğurlar əldə ediblər. Bu, bir faktdır.

– Gözəl efir, səhnə görünüşünüz var. Hansısa filmə və yaxud seriala çəkilmək barədə təkliflər olur?

– Bəli, dəvətlər çox olur. Üç il öncə bir filmə dəvət almışdım. Son anda fikrimi dəyişdim. Düşünürəm ki, hələ tezdir.

– O potensialı özünüzdə hiss etmirsiz, yoxsa?

– Xeyr, söhbət potensialdan getmir. Mən onsuz da vokalçı olaraq səhnədə aktrisayam. Sadəcə, hələ imtina edirəm. Səbəb isə, istədiyim obrazın olmamasıdır. Amma yaxın gələcəkdə yəqin ki, qəbul etdiyim rol olacaq.

– Bəziləri sizi gürcü qızına, bəziləri rus kökənli azərbaycanlıya bənzədir. Bu baxımdan sual vermək istərdim, milliyyətcə qarışıqlığınız varmı?

– Atam əslən Şamaxı şəhərindən, tanınmış Miri xan nəslindəndir. Anam da Bakı şəhərindəndir, lakin onun yəhudi qarışıqlığı var. Mən Rusiya Federasiyasında, Amur vilayətində anadan olmuşam və uzun müddət ailəlikcə orda yaşamışıq. Ola bilsin, ona görə bəzən sima baxımdan məni rus kökənliyə oxşadırlar.

– Yerli müğənnilərdən kimləri bəyənirsiz, kimlərin ifasında dincəlirsiz?

– Çox nadir hallarda kimlərinsə ifasına qulaq asıram. Xüsusən klassik, karifey ifaçılarımızı dinləyirəm.

– Bəs hansı bəstəkarlarla işləyirsiz?

– Aysel Kərimli, Sevda Rəhimova, Rizvan Sədirxanovla birgə işləyirik. R.Sədirxanov həm vokal, həm də əsər baxımından mənə çox dəstək olur.

– Bacınız Dilşən İbadovadan səs-soraq yoxdur. Bu sənətdən ayrılıb, ya necə?

– Xeyr. Bacım ailə həyatı qurub, yenicə ana olub. Bu səbəbdən sənətinə bir qədər ara verib.

– Maraqlıdır, bəs Gülşən İbadova ailə qurmağı düşünürmü? Sanki şəxsi həyatınızı mətbuatdan gizlətməyə çalışırsız.

– Adından göründüyü kimi, bu, şəxsi həyatdır. Ona görə bu barədə danışmağı xoşlamıram. Təbii ki, ailə qurmağı, ana olmağı düşünürəm. Amma hər şeyin öz vaxtı var.

 

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın