Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Aktual / “Gözlərinin içinə qədər yalan danışırlar”

“Gözlərinin içinə qədər yalan danışırlar”

Xəbər verdiyimiz kimi, ailə-məişət problemlərindən bəhs edən verilişlər televiziyalarımızdan yığışdırılmaqdadır. Ən maraqlısı isə odur ki, bu verilişləri aparan aparıcılara digər telekanallar da qapılarını açmaq niyyətində deyil. 

Bəs görəsən, doğrudanmı bizim ailə problemlərini bu cür verilişlər həll edirdi?

Moderator.az-ın sualını Xalq artisti Nurəddin Mehdixanlı cavablandırıb və belə verilişlərin heç bir problemi həll etmədiyini deyib:

“Buna inanmağın özü sadəlövhlükdür. Kifayət qədər yaşımız, başımız olan adamlarıq. Düşünürəm ki, ağlımız, şüurumuz da yerindədir ki, bunu anlayaq. O proqramların heç biri ailə problemlərini həll etmir. Əksinə, Azərbaycan ailələri haqqında ümumi rəydə mənfi bir imic formalaşdırır. Bu barədə dəfələrlə televiziya kanallarında öz fikrimi söyləmişəm. 

Deyirdilər ki, ailə dağıdan qadındır, kişidir, arvad həyasızdır, kişi evə pul gətirməyəndir və sair. Ancaq bunları və boşananları göstərirdilər. Bu boyda ölkədə heç nümunəvi, normal ailələr yox idimi? Bunların göstərdikləri ayrı-ayrı fərdi hadisələrdir, o ümumi Azərbaycan ailəsinin obrazı deyil. Azərbaycanda kifayət qədər uzunömürlü, davamlı ailələr var. Hörmət, sevgi əsasında o ailələr normal övladlar böyüdürlər. Düşünürsən ki, bizim Vətən müharibəsində 2907 nəfər şəhidimiz var, onlar hansı ailələrdə böyümüşdülər?! Əlbəttə ki, onlar normal Azərbaycan ailələrində böyümüşdülər”. 

Aktyor deyib ki, bu cür verilişlər əslində ailələri dağıdıcılıq xarakteri daşıyırdı və bunu təbliğ edirdilər:

“Mənə belə gəlir ki, bir çox o cür verilişlər dağıdıcılıq xarakterinə malik idi, əslində Azərbaycanda ailə institutunu dağıdırdı, ailəyə qeyri-ciddi bir münasibət formalaşırdı. Bu gün bizim televiziya kanallarına təkcə biz yox, qonşu ölkələrdə də baxırlar. Onlar bizim haqqımızda nə düşünürlər?! Ona görə düşünürəm ki, reytinq-filan hamısı boş şeyrlərdir, gözlərinin içinə qədər yalan danışırlar. Hər bir şəhid ailəsinin taleyinə veriliş həsr etsinlər. Birinci Qarabağ savaşından bu günə qədər nə qədər şəhid və qazilərimiz var. Onların hər birinin taleyi əsl Azərbaycan ailəsinin taleyi deyildimi? Onları göstərəydilər. Bizim elm, mədəniyyət adamlarımızı, alim xanımlarımızı, dünyanın müxtəlif yerlərində təhsil alan, çalışan həkimlərimizi də həmçinin. Niyə ancaq xəstə adamları efirdə göstərib deyirdilər ki, biz buyuq”.

N.Mehdixanlı deyib ki, bu cür verilişlər olmalıdır və onlar da ailələrin möhkəmlənməsinə xidmət etməlidir:

“Azərbaycanda əlbəttə ki, ailə haqqında verilişlər olmalıdır, amma o verilişlər ailələrin, ailə institutunun möhkəmlənməsinə xidmət etməlidir, dağılmasına yox. Çünki biz türklərdə ailə və əşirətlər əsasında dövlətlər qurulub. Məsələn, Osmanlı İmperiyası bir neçə ailələrdən qurulub və nəhayət, gəlib o boyda imperiya olub. Yəni ailələr nə qədər güclüdürsə, cəmiyyət də o qədər güclüdür. Cəmiyyətdə isə sağlam ailələrin birliyi dövləti güclü edir. Azərbaycanda bu milləti sevən, özünü bu millətdən sayan hər kəs ailələrin möhkəmliyini təbliğ etməlidir. Bu istiqamətdə isə maarifləndirici verilişlər olmalıdır. Onların xarakteri isə tamamilə başqa cür olmalıdır. Hər bir millətin qüsuru, əyrisi, oğrusu var. Amma millətin yaxşılarını göstərəcəksən ki, pislər tərbiyə alsınlar, bəlkə düzəldilər. Gözəl məsəlimiz var, deyir ki, “Dəliyə ağıllı-ağıllı deyərsən ağıllanar, amma ağıllıya dəli-dəli deyərsən və bir gün gələr dəli olar”. Gəlin biz həmin o ailə verilişlərində cəmiyyətimizin və millətimizin gözəl, örnək xüsusiyyətlərini təbliğ edək və yaxşılara oxşamağa çalışaq. Təbii ki, o verilişlərdə müəyyən insanlar çalışırdılar, maaş alırdılar, amma hesab edirəm ki, məzmun dəyişməlidir. Məzmunca qurucu, barışdırıcı xüsusiyyətə malik verilişlər olmalıdır. Hesab edirəm ki, bu işləri görmək üçün kifayət qədər qələm adamlarımız, aparıcılarımız, ziyalılarımız var və düşünürəm ki, Azərbaycan cəmiyyətində o işıqlı, barışdırıcı, birləşdirici adamları o verilişlərə daha çox dəvət etmək lazımdır. Biz böyük millətik, böyüklüyümüzü dərk etsək, daha da böyük olarıq”.

Həmçinin oxuyun

Qalib Salahzadə: “Eldar Mahmudov xəbər göndərmişdi ki…”

“Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da xəbər göndərmişdi ki, o bağ evini (Bilgəhdəki bağı …