Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Gözlənilməz dönüş: Teymur Rəcəbov FİDE-yə koronavirusa görə üsyan edib

Gözlənilməz dönüş: Teymur Rəcəbov FİDE-yə koronavirusa görə üsyan edib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İddiaçılar Turnirindən şəxsi səbəblərə görə imtina etdiyinə dair xəbərlərə aydınlıq gətirib.

Virtualaz.org bildirir ki, 33 yaşlı qrossmeyster bununla bağlı əvvəlcə “İnstagram” səhifəsi vasitəsilə açıqlama yayıb.

O, turnirdən çıxmasının şəxsi səbəblərlə əlaqədar olmadığını vurğulayıb: “Əziz həmvətənlər, şahmat həvəskarları, şahmat ictimaiyyəti, həmkarlar və dostlar, turnirdən çıxmağım üçün şəxsi səbəblərim yoxdur. FIDE-yə göndərdiyim məlumat və onların cavabı ilə bağlı tezliklə açıqlama verəcəyəm”.

Bir az əvvəl isə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, qrossmeyster yarışdan koronavirusa görə imtina edib.

Nəhayət, məsələ ilə bağlı şahmatçı özü ikinci dəfə açıqlama yayıb. Açıqlamada deyilir:

“Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə dünya çempionu tituluna namizədlər turnirində iştirak etməli idim. Bildiyiniz kimi, hazırda dünyada koronavirus epidemiyasının artması müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanı risk səviyyəsini ən yüksək qiymətləndirib – qırmızı olduğunu açıqladı. Dünyadakı bir çox yarışlar və əlamətdar hadisələr vəziyyətin inkişafına əsaslanaraq ləğv edilir və ya daha gec bir tarixə təxirə salınır. FİDE Beynəlxalq Şahmat Federasiyası bir sıra profilaktik tədbirlər həyata keçirib. Ancaq kifayət qədər deyil. Çin şahmatçılarına, onların məşqçilərinə və müşayiət edən şəxslərə Rusiyada 14 gün müddətində karantində qalacaqları bildirildi. Çin şahmatçılarından bir nəfər, onun məşqçiləri və heyəti həqiqətən karantinə alınıb.

Ancaq Çindən gələn ikinci iştirakçı karantinə alınmayacaq və turnirin başlanmasına yaxın koronavirus epidemiyasının hər gün artdığı ölkədən gələcək. Bundan əlavə, hər hansı bir iştirakçı, məşqçi və ya onu müşayiət edən jurnalistlər, müsahibə götürənlər və ya hakimlərdən birində soyuqdəymə və ya koronavirus aşkarlanarsa turnirin necə davam edəcəyi barədə FİDE tərəfindən bir açıqlama verilmir. İştirakçılar karantinə alınacaqsa analiz və virusun mövcudluğunu müəyyənləşdirmək üçün nə qədər mərhələ və vaxt lazım olacaq?

Namizədlər arası turnir 22 gün ərzində davam edən 14 turdan ibarət şahmat marafonudur. Turnirin qlobal epidemiya şəraitində necə keçəcəyi, virus və ya adi SARS aşkar edildiyi təqdirdə hansı addımlar atılacağı və ya xəstə iştirakçıya münasibətdə hansı tədbirlərin görüləcəyi barədə heç kim izahat vermir. Bütün bu məqamların mürəkkəbliyi səbəbindən FİDE-yə turnirin daha gec tarixə təxirə salınması təklifi ilə müraciət etdim. Mənim bu təklifimi qəbul etmədilər. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq hesab etdim ki, namizədlər arası turnir kimi vacib bir yarışda bu cür şərtlər maksimum oyun səviyyəsi üçün lazım olan konsentrasiya və əhval-ruhiyyəyə çox mənfi təsir edə bilər. Nəticədə mən başqa üzvlə əvəzləndim”.

***14:21

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində çıxış etməyəcək.

Virtualaz.org bildirir ki, şahmatçımız Beynəlxalq Şahmat Federasiyasını (FIDE) bu barədə məlumatlandırıb.

Ötən il Rusiyanın Xantı-Mansiysk şəhərində Dünya Kubokunun qalibi olmaqla, bu nüfuzlu turnirə vəsiqə qazanmış Teymur Rəcəbov qərarını şəxsi səbəblərlə əlaqələndirib.

Turnirin reqlamentinə əsasən onu fransalı Maksim Vaşye-Laqrav əvəzləyib. Vaşye-Laqrav 2019-cu ilin fevralından bu ilin yanvarınadək olan reytinq sıralamasında ən yüksək göstəriciyə sahib olduğundan, İddiaçılar Turnirində çıxış etmək hüququ əldə edib.

Qeyd edək ki, səkkiz şahmatçının mübarizə aparacağı İddiaçılar Turniri 15 mart-5 aprel tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.

Həmçinin oxuyun

Şəhid şöbə müdirinin ailəsindən – Videoreportaj

“Dedim istəmirəm gedəsən, uşaqlarımız var. Dedi yox, gedirəm və qayıdacağam. Mən indi 3 övladın sayəsində …