Şənbə , İyul 20 2019
Ana səhifə / Aktual /  Göyçə mövzusunda yazılan kitab iki qərbi azərbaycanlını üz-üzə gətirdi – “Sizin nə ixtiyarınız var Göyçədən yazmağa?”

 Göyçə mövzusunda yazılan kitab iki qərbi azərbaycanlını üz-üzə gətirdi – “Sizin nə ixtiyarınız var Göyçədən yazmağa?”

Jurnalist Nazir Əhmədlinin müəllifi olduğu və yenicə işıq üzü görən “Haqq-nahaqq seçilər Haqq divanında” adlı kitabın dərcindən sonra onun ətrafında yaranan qalmaqal yeni müstəviyə keçib. Xatırladaq ki,  XIX əsrdə yaşamış ustad aşıqlarımız Aşıq Ələsgər, Aşıq Alı, Ağ Aşıq, Aşıq Söyün Şəmkirli, Şair Məmmədhüseyn, Aşıq Musa və başqalarının həyat və yaradıcılığından bəhs edən kitabda bəzi faktların, xüsusilə də Aşıq Əlskərin doğum tarixinin təhrif edilmiş halda  yazıldığına dair iddialar səslənib, ancaq müəllif bütün bu iddiaları rədd edib. Sözügedən kitabda yazılan faktlara etiraz edənlərdən biri də, sabiq dövlət müşaviri, professor Qabil Hüseynli olub. Professorun Nazir Əhmədliyə etiraz etməsi isə kitab müəllifinin yazdığı ştrixli “Feysbuk” statusundan sonra məlum olub. Azinforum.az  həmin statusu olduğu kimi təqdim edir:

Foto – Nazir Əhmədli

“Vallah bu məsələ ciddiliyini tamam itirdi. Bilmirsən güləsən, ağlayasan, yoxsa hirslənəsən. Saat 19-48 dəqiqədə 055 434 40 39 nömrəli telefondan mənə zəng gəldi (onun nömrəsini ona görə yazıram ki, inanmayanlar asanlıqla sözlərimin həqiqət olub-olmadığını yoxlaya bilsinlər). Özünü Qabil müəllim və professor kimi təqdim edən şəxs son vaxtlar haqqında çox danışılan “Haqq-nahaqq seçilər Haqq divanında” kitabımla bağlı söhbət açdı, kitabımın adını bir neçə cəhdə höccələyə-höccələyə oxudu və aramızda belə bir dialoq oldu:


– Eşitmişəm Siz Dərələyəzdənsiniz..


– Bəli, Dərələyəzdənəm.


– Sizin nə ixtiyarınız var Göyçədən yazmağa?


– Mən Yer kürəsində yaşayan 7 milyard insanın hamısından yaza bilərəm və bunun üçün Sizdən icazə almağa ehtiyac görmürəm.


– Sən burada Aşıq Ələsgərdən yazmısan.


– Bəli, yazmışam və onu dahi adlandırmışam, kitabımı oxumusunuzmu?


– Bir az oxumuşam, sən kimsən onu dahi adlandırırsan, sən kimyaçısan, get kimya ilə məşğul ol.


– Sizin ixtisasınız nədir?


– Mən filosofam, tarixçiyəm, humanitar sahənin professoruyam. Göyçə əhalisinin adından səni məhkəməyə verəcəyəm, səni dizin-dizin süründürəcəyəm.


Evdə olduğumdan və böyük ziyalılarımız Kamil Vəlinin, Nəsir Əhmədlinin Ədalət Tahirzadənin, Firuz Mustafanın, Vurğun Əyyubun və başqalarının məni sərt sözlərdən çəkindirən qınaqlarını yadıma salıb telefonu söndürdüm.
Hörmətli “feysbuk” dostalrım, mən nə edim, nə məsləhət görürsünüz?
Vallah o adamın günahından keçirəm, amma qəlbimi ağrıdan odur ku, Azərbaycanda bu ağılda, məntiqdə professorlar var. Elmi bu vəziyyətdə olan Azərbaycanın gələcəyi varmı?
İçərinizdə həvəsi olan varsa, o adama zəng vurub öyrənin görüm, doğrudan professordur, yoxsa yalandan özünü elə təqdim etdi?
Əgər doğrudan “professor” olsa, daha bu ölkədə yaşamağa dəyməz”.

 

Foto – Qabil Hüseynli

 

Göründüyü kimi, Nazir Əhmədli ona hansı Qabilin zəng etdiyini tam çılpaqlığı ilə yazmır. Ancaq bizə məlum olub ki, Nazir Əhmədlinin barəsində bəhs etdiyi Qabil – tanınmış politoloq Qabil Hüseynlidir. O, Azinforum.az-a açıqlamasında Nazir Əhmədliyə həqiqətən zəng etdiyini etiraf etdi, amma məsələnin heç də kitab müəllifinin dediyi kimi olmadığını söylədi:

“Onun hadisəni çarpıtmasına  heyrətlənməyə bilmirəm. Əvvəla,  biz  onunla çoxdan tanışıq. Mən fəlsəfə elmləri doktoru, professoram. 30-dan çox kitabın, minlərlə məqalə və ekspert rəylərinin müəllifiyəm. Azərbaycan televiziyalarında 35 ilə yaxındır ki, siyasi verlişlərdə aparıcı, şərhçı və politoloq kimi çalışıram. Gürcüstanın Kutaisi-1, Rusiyanın İctimai Kanalı ilə əməkdaşlıq əlaqələrim var. İllərdir Azərbaycan ictimai rəyini formalaşmasında xidmətləri olan şəxslərdən biriyəm. Bu günlərdə əlimə Nazir Əhmədlinin müəllif olduğu “Haqq-nahaqq seçilər haqq divanında” adlı kitabı keçdi. Oxudum. Orada Göyçə mahalı, oranın insanları, xüsusən də aşıq sənətinin korifeyləri -Aşıq Alı, Aşıq Ələsgər haqqında həqiqi faktlara söykənməyən, hətda aşağılayıcı fikirlərə rast gəldim. Əvvəl özü ilə fikir mübadiləsi etməyi qərarlaşdırdım. Güc-bəla ilə telefonunu əldə etdim və bir neçə cəhddən sonra onunla əlaqə yarada bildim. Dostcasina hal-əhval tutduq. Sonra mətləbə keçdim və adını çəkdiyim kitabdakı bəzi faktlara görə göyçəlilərin ondan incik və qəzəbli olduğunu söylədim. Çox pis bir söyüş söyüb telefonu qapatdı”.

Azinforum.az bildirir ki, Nazir Əhmədlinin yazdığı məlum statusda bir çox insanlar Qabil Hüseynlinin müdafiəsinə qalxıb, yazılan kitabdakı faktlara iradlar bildiriblər. Müəllif isə qeyd edir ki, sabiq dövlət müşavirilə söhbətində heç vaxt söyüş işlətməyib. Kitabda yazdığı faktların doğruluğuna isə tam əmindir. Qeyd edək ki, Nazir Əhmədli ixtisaca kimyaçı olsa da, uzun müddət jurnalistika sahəsində çalışıb. Əslən Qərbi Azərbaycanın Dərələyəz malındandır.

Rövşən ƏLİ

Azinforum.az

 

Həmçinin oxuyun

Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan” (VİDEO)

Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuş Anar Məmmədxanlı barəsində sənədli film …

Bir cavab yazın