Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Gömrükdən əl ilə mini zavod keçirmək istəyənlər – Foto

Gömrükdən əl ilə mini zavod keçirmək istəyənlər – Foto

Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi “Gömrük islahatları və modernləşdirmə” mövzusunda cəlb olunduğumuz təlim növbəti gün də davam etdi. Təlim iştirakçıları gün rejiminə uyğun olaraq, səhər yeməyindən sonra “Zirvə” otelinin qarşısına toplaşaraq, xüsusi ayrılmış avtobusa əyləşdikdən sonra “Şahdağ”a yollandı. Artıq konfrans zalında hər kəs öz əyləşdiyi yeri müəyyən etdiyi üçün, konfransın başlanması geçikmədi.

Biz Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşları – Gömrük prosedurlarının idarə olunması şöbəsinin rəisi Elçin Rüstəmov, Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev və Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin rəisi Mahmud Nuriyevin təqdimatlarla çıxışını dinlədik. Diqqətçəkən vacib məqamlardan biri o idi ki, təqdimatı edən gömrük əməkdaşlarının çoxu gənclər idi. Hiss edilirdi ki, həmin əməkdaşlar bir neçə xarici dildə sərbəst danışmağı bacarırlar. Təqdimatlarından o da aydın oldu ki, həmin əməkdaşlar bir çox xarici ölkələrin təcrübəsini praktik olaraq dərindən mənimsəyiblər. “Bakı-Xəbər”in əməkdaşı olaraq mən gömrüklə bağlı ictimaiyyəti maraqlandıran bir sualla təqdimatı edənlərə müraciət etdim. Sualın məğzi ölkəyə avtomobillə daxil olan əcnəbi vətəndaşların böyük həcmdə pul vəsaitini girov qoyması tələbi ilə bağlı idi. Qeyd edək ki, dünyanın əksər inkişaf etmiş ölkələrində bu praktikadan istifadə edilmir. Gömrük əməkdaşları bu məqamla razılaşdıqlarını və onun üzərində düşündüklərini bildirdilər. Həmçinin, bildirildi ki, bu məsələ Nazirlər Kabinetinin 305 saylı qərarı ilə tənzimlənir və DGK ortaya çıxan bir sıra yeniliklərlə bağlı həmin qərarın yenidən işlənməsi vəsatəti ilə çıxış edir. Cavabdan belə aydın oldu ki, DGK-nın özü də həyata keçirdiyi islahatlar çərçivəsində deyilən məsələnin həllində maraqlıdır. Məntiqi baxımdan da ölkəyə avtomobili ilə daxil olan turist həmin pulu girov qoymaqdansa, burada xərcləyə bilər ki, bunun da büdcəmizə və turizmin inkişafına böyük töhfəsi dəyə bilər. Biz də, öz növbəmizdə, ümidvarıq ki, bu məsələ tezliklə müsbət həllini tapacaq. Tədbir həmkarlarımızı maraqlandıran başqa sualların da ünvanlanması ilə davam etdirildi.

Nahar fasiləsindən sonra, günün ikinci yarısında isə təlim iştirakçılarının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postuna səfəri təşkil olundu və media nümayəndələrinə əldə etdikləri bilikləri praktikada tətbiq etmək imkanı yaradıldı. Media nümayəndələrinə gömrük postunun iş prinsipi, buraxılış qabiliyyəti barədə məlumat verildikdən sonra, biz idxal-ixrac sərnişin və yük nəzarət xətlərində həyata keçirilən proseslər barədə məlumatlandırıldıq, gömrük nəzarətinin təşkili, nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması prosesində iştirak etdik.

Jurnalistlərə məlumat verən “Samur” Gömrük Postunun baş inspektoru Nicat Muxtarlı bildirdi  ki, postdan idxala gələn nəqliyyat vasitələrinin sayı mövsümə görə dəyişir: “Gün ərzində idxala gələn nəqliyyat vasitələrinin sayı 150-160, ixraca gedən nəqliyyat vasitələri isə 300-400 sayda olur. İxraca gedən yük avtomobillərinin sayı isə hazırda 120-130 ədəd olur. İdxala gələn avtomobillərdə bəzən insanlar qanundankənar mallar keçirməyə cəhd edirlər. Bu hal gündəlik olmasa da, həftədə bir-iki dəfə baş verir. Əsasən İrandan gələn avtomobillərdən narkotik maddələr aşkar edilir. Bəzən 500 kiloqram narkotik aşkarlanıb”. “Samur” Gömrük Postunda olduğumuz zaman bir sıra maraqlı faktlarla da qarşılaşdıq. Vətəndaşlardan birinin gömrük əməkdaşları ilə mübahisə etdiyinin şahidi olduq. Bizim jurnalist olduğumuzu biləndən sonra həmin vətəndaş səsini bir az da ucaldaraq, bir qədər də nümayişkəranə şəkildə şikayətini bizim də nəzərimizə çatdırmaq istədi. Bizi müşayiət edən gömrük əməkdaşları onunla ünsiyyətə mane olmadılar. Vətəndaşa “Şikayətiniz nədəndir?” sualını ünvanladıq. Dedi ki, Rusiyadan gətirdiyi malı süni maneə yaradaraq ölkəyə buraxmırlar. Gömrük əməkdaşlarından xahiş etdik ki, vətəndaşın şikayətini yerindəcə araşdıraq. Bizi saxlanan malın yanına apardılar. Məlum oldu ki, vətəndaş bu üsulla gömrükdən araq hazırlanması üşün nəzərdə tutulan bir mini zavodu keçirmək istəyirmiş. Həmin mini zavodun cihazılarını müxtəlif insanlar arasında paylaşdıran vətəndaş bu üsulla kommersiya məqsədi üçün nəzərdə tutulan malı sadə əl yükü kimi rəsmiləşdirib keçirməyə cəhd edirmiş. Gömrük işçiləri bunun qəti qadağan olduğunu bildirdilər və mini zavodun tam qanuni əsaslarla ölkəyə buraxılmadığını qeyd etdilər.

Digər bir vətəndaş isə bizə yaxınlaşaraq sözügedən postun rəisinin ona qarşı qərəzli davrandığından şikayət etdi. Vətəndaş bildirdi ki, onu istədiyi vaxt gömrükdən buraxmırlar, bu da onun ailəsinin dolanışığı üçün problem yaradır. Postun rəisi Allahverdi Mədətov bizə həmin vətəndaşla bağlı rəsmi məlumatları təqdim etdi. Məlum oldu ki, əslən Qubanın Nügədi kəndindən olan  şikayətçi bir ay ərzində 43 dəfə dövlət sərhədini keçib. Onun bu cür intensiv sərhəd keçməsindən şübhələnən Rusiya tərəfi sözügedən vətəndaşa deport (ölkə hüdudlarının girişinə qadağa – M.Q.) tətbiq edib. Vətəndaşın özü ilə bu barədə söhbət etdikdə məlum oldu ki, onun başlıca fəaliyyəti başqaları üçün mal daşımaqdan ibarətdir. Yəni müəyyən işbazlarla əlbir olan bu cür vətəndaşlar 30 kiloqram yükün buraxılması icazəsindən istifadə edərək, ölkə ərazisinə kommersiya məqsədli malları idxal edirlər. Bütün bu halları gözümüzlə görəndən sonra aydın oldu ki, gömrükdə işləmək olduqca ağır və məsuliyyətli bir iş imiş.

Ümumilikdə isə “Samur” Gömrük Postundan müvafiq qaydalara əməl edən vətəndaşların maneəsiz şəkildə ölkəyə buraxılmasının şahidi olduq. Gömrük ərazisində Dövlət Sərhəd Xidmətinin də işinin çox peşəkarlıqla təşkil edildiyinin şahidi olduq.

Həmin postdakı DSX-nin rəisi, polkovnik-leytenant Mirzə Mirzəyev sərhəd xidmətinin təşkili barədə bizə ətraflı məlumat verdi. Artıq hava qaralmağa başlamışdı. Postun rəhbərliyinin təşkil etdiyi çay süfrəsi ətrafında səmimi müzakirədən sonra səfər boyu bizim əziyyətimizi çəkən Həşim adlı sürücünün idarə etdiyi avtobusa minib yenidən “Zirvə”yə yollandıq və bununla da təlimimizin növbəti gününü də arxada qoymuş olduq.

(Ardı var)

Məhəmmədəli QƏRİBLİ
Bakı-Qusar-Bakı

Birinci yazı – http://www.baki-xeber.com/iqtisadiyyat/83002.html

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …