Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Gömrükçülərdən anormal addım: erməniləri deşifrə edən kitabı ölkəyə buraxmadılar

Gömrükçülərdən anormal addım: erməniləri deşifrə edən kitabı ölkəyə buraxmadılar

Milli Şuranın sədri, professor Cəmil Həsənlinin ABŞ-də nəşr olunan “Stalin və soyuq müharibənin Türkiyə böhranı” adlı kitabı Bakı aeroportunun gömrük postunda saxlanılıb.
Cəmil Həsənli baş verən bu olayla bağlı “Amerikanın Səsi”nə müsahibə verib.
Xatırladaq ki, “Stalin və soyuq müharibənin Türkiyə böhranı” kitabını Harvard Universiteti ingilis dilində nəşr edib. Kitab 1945-1953-cü illərdə baş verən prosesləri əhatə edir. Bu kitab II Dünya müharibəsindən sonra Sovet-Türkiyə münasibətləri və Ermənistanın Türkiyəyə qarşı iddialarının pərdəarxası məqamlarına aydınlıq gətirir. Kitaba Harvard, Corc Vaşinqton, Kollec Kork universitetlərinin nüfuzlu alimləri rəy veriblər.
Mia.az Cəmil Həsənlinin baş vermiş hadisəylə bağlı Amerikanın Səsi-nə qısa müsahibəsini təqdim edir:
– Cəmil bəy, bu yaxınlarda sizin kitablarınız Azərbaycan gömrüyündə saxlanılıb. Bu kitabların saxlanılmasının səbəbləri nədir?
– Səbəblərini Gömrük Komitəsindən soruşmaq lazımdır. ABŞ-da vaxtilə, 2011-ci ildə çap olunmuş “Stalin və soyuq müharibənin Türkiyə böhranı” 1945-1953 illəri əhatə edir. Bu kitab 2011-ci ildə ölkəyə daxil olub. Kitaba oxucular tərəfindən ehtiyac olduğu üçün 2 il sonra nəşriyyat təkrar çap edib. Bu dəfə kağız yumşaq üz qabığında çap olunub. Həmin, 2013-cü ildə çap olunan nüsxələr yenə mənə göndərilib və bu kitab respublikanın əsas kitabxanalarında da var. Bu kitablar artıq respublikaya daxil olub. Özü də, bilirsiniz, söhbət nədən gedir? Poçt vasitəsilə nəşriyyat 4 kitab göndərib. Məndə olan nüsxələr qurtardığı üçün nəşriyyatdan xahiş eləmişəm. Onlar da mənə sürətli poçtla göndəriblər. Normal qaydada klitabları UPS (Beynəlxalq poçt xidməti ) bizə, evə gətirib təhvil verməli idi. Poçt xidmətinin də qaydası budur. Lakin 7 il bundan öncə çıxmış 4 nüsxə kitab indi Bakı aeroportunun Karqo xidmətində olan gömrük postunda saxlanılıb.
Bu gün mən həmin 4 kitabdan ötrü – hansı ki, bizə evə gətirib təhvil verilməli idi, – durub şəhərdən aeroporta getməli olmuşam. Soruşuram, niyə saxlanılıb bu kitab? Mənə dedilər ki, sadələşdirilmiş gömrük bəyannaməsi lazımdır. Bundan sonra Dövlət Gömrük Komitəsində ingilis dilində olan kitbalarla tanış olunacaq. Ondan sonra təhvil veriləcək və yaxud verilməyəcək.
Adam heyrət edir. “Stalin və soyuq müharibənin Türkiyə böhranı” adlı kitabın bu ölkənin gömrük siyasətinə və yaxud ideoloji siyasətinə nə aiddiyəti var? Əvvəla, kitab ingilis dilində çıxıb. Rus dilində Moskvada çıxıb. Türk dilində Ankarada çıxıb. İngilis dilində Harvard “Soyuq müharibə” seriyasında çıxıb. Söhbət indi Harvard seriyasında çıxan nüsxələrdən gedir.
Bilirsiniz, bu ölkə birdəfəlik qadağan eləsin ki, ölkəyə kitab göndərmək olmaz, ya da normal qaydada göndərilən kitabların çatdırılmasını təmin etmək lazımdır. Bu, təxminən 500 səhifə həcmində kitabdır. Kim bunu oxuyacaq, hansı mütəxəssis oxuyacaq?
– Siz bu hadisəni necə dəyərləndirirsiniz?
– Bilirsiniz, bu, ölkədə avtoritarlaşmanın, totalitarlaşmanın təzahür formalarından biridir. Ölkəyə gələn belə elmi ədəbiyyata münasibətdir. Üstəlik də bu, ölkəyə xarici müəllifin əsəri kimi daxil olmayıb. Bu, mənim özüm tərəfimdən yazılıb. Bunun müəllifi azərbaycanlıdır. Bu kitab Azərbaycanda da çıxıb. Bu, ölkədə hal-hazırda mövcud olan repressiv siyasətin, totalitar siyasətin son dərəcə gülməli təzahür formalarından biridir. “Stalin və soyuq müharibənin Türkiyə böhranı”nın bu ölkə üçün nə təhlükəsi var? Orada Azərbaycanın maraqları müdafiə olunur. Orada Türkiyənin maraqları müdafiə olunur. Orada, deyək, ötən əsrin 40-ci illərində ikinci dünya müharibəsindən sonra Ermənistanın Türkiyəyə torpaq iddialarının əsassız olduğu elmi mənbələr əsasında ifşa olunur.
Mən başa düşə bilmirəm, bu, nə siyasətdir? Bunu kim müəyyən edir? Bunu müəyyən edən adamın düşüncə tərzi nədən ibarətdir? Hesab edirəm ki, baş verən hadisə Azərbaycanda totalitar, avtoritar idarəçilik sisteminin qurulmasının daha bir təzahürüdür. Bunlar elmdən qorxurlar. Bunlar ədəbiyyatdan qorxurlar. Bunlar gerçək tarixdən qorxurlar. Bunlar Qərb dünyasından daxil olan ədəbiyyata şübhə ilə yanaşırlar.

 

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …