Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Gömrük Komitəsinin səlahiyyətləri niyə “əlindən alındı”? – iş adamı şərh edir

Gömrük Komitəsinin səlahiyyətləri niyə “əlindən alındı”? – iş adamı şərh edir

“Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”na dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Dəyişikliyə görə, dövlət sərhədinin buraxılış məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılmasını gömrük orqanları ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyi də həyata keçirəcək.

Bəs, nəzərdə tutulan dəyişiklik nə ilə əlaqədardır və bunu Gömrük Kömitəsinin səlahiyyətlərinin məhdudlaşdırılması kimi qiymətləndirmək olarmı?

Ovqat.com-un suallarını cavablandıran tanınmış iş adamı Mürvət Həsənli ölkədə aparılan islahatları bu cür bəsit arqumentlərlə əsaslandırmaqla razılaşmır. Onun fikrincə, hər bir dövlətin ən mühüm təhlükəsizlik strategiyalarından biri də qida ilə bağlı olmalıdır: “Xüsusilə xaricdən ölkəmizə gətirilən qida məhsullarının istehlaka nə qədər yararlı olub olmadığı yoxlanılmalı və bununla yanaşı bəzi xarici şirkətlərin yerli təsərrüfatları batırmaq üçün həyata keçirdikləri dempinq siyasətlərinin də qarşısı alınmalıdır. Yəni qida təhlükəsizliyi strategiyası yalnız məhsulların sağlamlıq kriteriyalarına cavab verib vermədiyini yoxlamaqla məhdudlaşmamalı, həm də yerli təsərrüfatları qorumaq qayğısına qalmalıdır. Çünki, yerli təsərrüfatların batırılması Azərbaycanı istər-istəməz xarici qüvvələrin təsir dairəsinə sala və sabah ölkəmizin “çörəklə” imtahana çəkilməsi perspektivini yarada bilər. Qida sahəsində ən böyük təhlükə də məhz budur”.

Bu vaxta qədər Azərbaycana gətirilən qida məhsullarının yalnız sağlamlığa yararlılığının araşdırıldığını, bunun da Baytarlıq idarəsi tərəfindən həyata keçirildiyini bildirən həmsöhbətimiz sözügedən birtərəfli işin belə, effektli aparıldığının mübahisəyə açıq olduğuna inanır: “Səhv etmirəmsə, sizin saytınızda bir məlumat dərc olunmuşdu. Azərbaycana sahibkarları erməni olan bir şirkətin damazlıq yumurta ixracına niyə izn verildiyinə münasibət bildirən Baytarlıq idarəsinin mətbuat katibi “biz adamları yox, məhsulları yoxlayırıq” cavabını vermişdi. Haqsız da deyildi. Baytarlıq idarəsinin işi budur: adamları yox, məhsulları yoxlamalıdır. Amma ölkənin qida təchizatının hansı əllərdə olması məhsulun sağlamlığından az əhəmiyyətli məsələ deyil. Üstəlik, həmin şirkətin dempinq siyasəti apardığını müəyyənləşdirməyin də Baytarlıq idarəsiylə əlaqəsi yoxdur. Qida təhlükəsizliyi strategiyası kompleks yoxlanış tələb edir ki, bu yoxlanışlarda Səhiyyə Nazirliyindən tutmuş Kənd Təsərrüfatı, İqtisadiyyat Nazirliklərinə və hətta dövlətin maliyyə, vergi və s. siyasətlərini müəyyənləşdirən ali qurumlara qədər yüksək səlahiyyət sahibləri yer almalıdırlar. Prezident İlham Əliyev də məhz bu amilləri nəzərə alıb Qida Təhlükəsizliyi Agentliyi yaradıb. Agentliyə Baş nazirin müavini və müxtəlif nazirlər daxildirlər”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …