Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / General oğlu ilə bağlı yayılan xəbər təsdiqini tapmadı – Yenilənib

General oğlu ilə bağlı yayılan xəbər təsdiqini tapmadı – Yenilənib

Baş Prokurorluq Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin bıçaqladığı şəxsin ölməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Tamerlan Əsədullayevin bıçaqla xəsarət yetirdiyi şəxs xəstəxanada müvafiq müalicə aldıqdan sonra evə buraxılıb: “Onun ölməsi barədə bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, bu gün jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu virtualaz.org saytına istinadən bir sıra internet resurslarda T. Əsədullayevin bıçaq xəsarəti yetirdiyi şəxsin ölməsi barədə məlumat yayılıb. Eyni məlumatı tirajlayan Qafqazinfo.az saytı isə general Şərif Əsədullayevin yaxın vaxtlarda işdən uzaqlaşdırılacağını yazıb.

 “Strateq.az”-n mötəbər mənbələrdən əldə etdiyi informasiyada bildirlir ki, hakimiyyət daxilində müəyyən dairələr məlum cinayət hadisəsindən istifadə edərək  generalın “vurulmasına” çalışırlar.  Bu gün mətbuata sızdırılan həmin dezinformasiya da həmin məqsədə xidmət edir.  

Xatırladaq ki, aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən  restoranların birində  dava – dalaş baş verib, bir nəfər bıçaqlanıb.

Həmin faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. T. Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Bu barədə ilk xəbəri “Strateq.az” saytı yayıb.  Həmin məlumatda deyilirdi ki, general Şərif Əsədullayev özü oğlunu polisə təhvil verib və israrla  onun cəzalandırılmasını istəyib. 

********

Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin də iştirakçısı olduğu dava-dalaşda bıçaqlanan şəxs vəfat edib.

Virtualaz.org saytının hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, adı açıqlanmayan həmin şəxs müalicə aldığı xəstəxanada keçinib. Ölən şəxsin kimliyi haqda məlumat verilmir.

Xatırladaq ki, 10-da Bakının “Senator” restoranında general-mayor Şərif Əsədullayevin oğlunun iştirakı ilə dava-dalaş baş vermişdi. Dava zamanı bir nəfər bıçaqlanmışdı. O, ağır vəziyyətdə paytaxtdakı xəstəxanaların birinə yerləşdirilmişdi. Yerli mətbuatda onun restoranın mühafizəçilərindən biri olması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, bu faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Polisdən gizlənməyə çalışan Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tamerlan Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının oğludur.

Onu da yada salaq ki, “Senator”da baş verən hadisə T.Əsədullayevin ilk əməli deyil. Ötən ilin mayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüklərinə görə gündəmə gəlmişdi. Bakıda, “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən Post Patrul Xidməti polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd etmişdilər. Lakin generalın oğlu onlara tabe olmamış, polisləri söymüş və onları vuraraq hadisə yerindən uzaqlaşmışdı. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir etmişdi. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalmışdılar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa 27-ci polis bölməsinə aparmışdılar.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın