Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / General-leytenant Etibar Mirzəyev BMT nümayəndələri ilə görüşdü

General-leytenant Etibar Mirzəyev BMT nümayəndələri ilə görüşdü

Dünən Fövqəladə Hallar Nazirliyində nazir müavini general-leytenant Etibar Mirzəyevlə ekspert Roberto Kolancelonun rəhbərlik etdiyi BMT-nin Humanitar məsələlərin koordinasiya ofisi və Beynəlxalq Səhiyyə Təşkilatının təmsilçilərindən ibarət qiymətləndirmə qrupu arasında işçi görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 4-9 noyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilməsi planlaşdırılan beynəlxalq regional təlimə hazırlıq məqsədi ilə təşkil olunan bu görüşdə təlimin ssenari layihəsi, məqsədləri və fəaliyyət planı müzakirə edilib. Tədbirdə Fövqəladə hallar zamanı idarəetmə, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar, eləcə də hökumət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili sahəsində fikir mübadiləsi aparılıb.

Nazir müavini Etibar Mirzəyev Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və fövqəladə hallar zamanı milli idarəetmə sistemi haqqında qonaqlara ətraflı məlumat verib. O, fövqəladə hallar sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan Respublikasının təmsil olunması məqsədi ilə Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin yaradıldığını diqqətə çatdırmaqla yanaşı, qeyd olunan təlimin Beynəlxalq dəstənin Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçirilməsinə hazırlığında mühüm rol oynayacağını bildirib.

Ekspert qrupunun rəhbəri Roberto Kolancelo səmimi qəbula görə təşəkkür etməklə yanaşı, əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq regional təlimin hazırlığı sahəsində birgə səylərin yüksək nailiyyətlərin əldə olunmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Tərəflər həmçinin beynəlxalq regional təlimin keçirilməsinin təcrübə mübadiləsi və əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını qeyd ediblər.

Səfər çərçivəsində, həmçinin, ekspert qrupu nazirliyin Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, FHN Akademiyasının, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və Bakı Regional Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.   

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …