Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Gəncənin mərkəzində Əhməd Cavadın barelyefinin götürülməsinə rəsmi reaksiya…

Gəncənin mərkəzində Əhməd Cavadın barelyefinin götürülməsinə rəsmi reaksiya…

Gəncədə istiqlal şairi Əhməd Cavadın xatirə lövhəsinin yoxa çıxdığı bildirilir. Bu barədə məlumatı həmin küçədə yaşayan sakinlər sosial şəbəkələr vasitəsilə ictimailəşdiriblər.

Bildirilir ki, istiqlal şairi, maarifçi, Azərbaycan Dövlət Himninin müəllifi Əhməd Cavadın Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 495 (keçmiş Zərdabi küçəsi) ünvanında yerləşən binanın fasadına vurulan xatirə lövhəsi yoxa çıxıb. Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, tarixi binanın fasadı 2017-ci ildə İcra Hakimiyyəti tərəfindən təmir edilərkən xatirə lövhəsi götürülüb. Həmin müddətdən bu günə qədər lövhə öz yerinə qaytarılmayıb.

Əsərləri dövlət varidatı elan edilən, repressiya qurbanı olan şair Əhməd Cavad 1906-cı ildən ömrünün sonuna qədər Gəncədə həmin evdə yaşayıb. Azərbaycan Dövlət Himninin sözlərini də məhz həmin evdə yazıb.

Azərbaycanın görkəmli yazıçısı və ictimai xadimi Əhməd Cavadın xatirə lövhəsinin niyə yerinə quraşdırılmadığını araşdırmaq qərarına gəldik.

  • Naqif Həmzəyev: “Sizi əmin edirəm ki, tədbirlər bitən kimi bu məsələ müsbət mənada öz həllini tapacaq”

Gəncədən millət vəkili seçilən Naqif Həmzəyevlə əlaqə saxladıq. O, “Bakl-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələ barədə məlumatı var: “Mənə də bu barədə məlumat verilib. Dərhal Gəncə İcra Hakimiyyətinə millət vəkili kimi sorğu etmişəm. Hələlik baş Məhərrəmliklə bağlı Aşura tədbirlərinə qarışıb. Həmn tədbirlər bitəndən sonra bu məsələ barədə ətraflı məlumat alacam. Çünki mən rəsmi mövqeyə əsaslanmalıyam. Hətta büst və ya barelyef  orada yoxdursa belə, bunun niyə yerinə qoyulmadığı barədə rəsmi cavab alandan sonra nəsə deyə bilərəm. Ancaq sizi əmin edirəm ki, tədbirlər bitən kimi bu məsələ müsbət mənada öz həllini tapacaq. Əhməd Cavad xalqımızın qürur duyduğu milli ziyalımızdır. Ona qarşı Gəncədə hər hansı ögey münasibət ola bilməz. Nəsə olubsa da, texniki məsələlərlə bağlıdır. Bir daha qeyd edirəm ki, şəxsən bu məsələ ilə məşğul oluram”.

  • Sənan Məhərrəmov: “Hazırda həmin evdə özəl bağça yerləşir, son təmiri də onlar edib”

Biz Gəncə Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxlayıb, bu məsələyə aydınlıq gətirmək qərarına gəldik. Şəhər təsərrüfatı şöbəsinin əməkdaşı Sənan Məhərrəmov qəzetimizə açıqlamasında  bildirdi ki, həmin məsələ ilə maraqlandıqdan sonra məlum olub ki, orada nə kommunal, nə də təssərüfat idarəsi heç bir iş aparmayıb: “Bizim üçün də bu maraqlı məlumat oldu. Maraqlandım, bildirdilər ki, hazırda həmin evdə özəl bağça yerləşir. Evin icarə götürüldüyü və ya alındığı barədə nəsə deyə bilmərəm. Son təmiri də onlar edib. Yəni orada hansısa dövlət qurumu iş aparmayıb. İstənilən halda, bununla daha geniş maraqlanıb sizə məlumat verəcəyik”.

Əslində, hansısa özəl qurumun da belə bir addım atması şəhərin rəsmi qurumlarını məsuliyyətdən azad etmir. Çünki son iki il müddətində Əhməd Cavadın xatirə lövhəsi oradan hətta özəl qurum tərəfindən götürülübsə və buna reaksiya verilməyibsə, burada ən böyük məsuliyyət elə İcra Hakimiyyətinin üzərinə düşür.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …