Çərşənbə axşamı , Mart 19 2019
Ana səhifə / Aktual / Gənc alim Vasif Talıbovu belə təbrik etdi…

Gənc alim Vasif Talıbovu belə təbrik etdi…

Uzun illərdir ki, Bakıda yaşadığım üçün ildə bir dəfə, yalnız məzuniyyət vaxtı Naxçıvana istirahətə gedirəm. Təyyarə enir, öncə gözəl, təmiz havanı acgözlüklə ciyərlərimizə çəkirik. Hava limanının çıxışında taksilər nizamla düzülərək, müştəriləri gözləyir. Digər hava limanlarından fərqli olaraq burada müştərinin qolundan yapışıb dartan, qışqırıb müştəri səsləyən taksi sürücülərinə rast gəlinmir. Hava limanından şəhərə tərəf hərəkət edəndə yolboyu səliqə ilə salınan meyvə bağları, ağaclıqlar, təmiz və geniş yollar, səkilər göz oxşayır. Bütün yaşayış binaları təmir edilmiş, binaların həyətində uşaqların və ahılların istirahəti üçün şərait yaradılmışdır. Dövlət idarələrinin, özəl müəssisələrin hər birinin qarşısındakı güllük, təmizlik diqqəti cəlb edir. Naxçıvanda təmizliyə, səliqə-səhmana çox böyük önəm verilir. Ölkənin ən təmiz şəhəridir.

Naxçıvan daha bir təqdirəlayiq işlə tez-tez haqqında söz etdirir. Burada yas mərasimləri bir müddət əvvəl tənzimlənmişdir. Qəbiristanlıqlar ümumi şəkildə çəpərlənmiş, bütün məzarüstü abidələrin standart formada düzəldilməsi üçün göstəriş verilmişdir. Məzar yeri və dəfnetmə pulsuz, yas mərasimində ehsan üçün açılan çay və yemək süfrəsində izafi xərclərin qarşısı tam alınmışdır. Başqa regionlardan fərqli olaraq burada ehsan süfrəsi mərhumun birindən üçünə kimi yalnız çay, qənd, limon, üçündə isə çay, qənd, xurma, limon, halva və plovdan ibarətdir. İzafi xərclərin qarşısı alındıqdan sonra insanlar əzizlərinin yas mərasimində çarəsiz qalmır, xorca-xərcə düşmürlər.

Naxçıvanda şəhid ailələrinə diqqət və qayğı da yüksək şəkildədir. Şəhidlərin yaxınları daima diqqətdə saxlanılır, problemləri qısa zamanda həll edilir. Onların ailələrinə ev və maddi yardımlar verilir.

Şəhərin mərkəzindən ucqar dağ kəndlərinə qədər çəkilmiş yeni yollar, körpülər, su xəttləri, təmir edilmiş, yeni tikilmiş yaşayış binaları və təhsil ocaqları, yaşıllıqların qorunması və yüzlərlə saymaqla bitməyən gözəl işlər Naxçıvanı digər regionlardan fərqləndirən xüsusiyyətlərdəndir. Burada təbiətin qorunması xüsusilə nəzarətdə saxlanılır və ilboyu meyvə bağları, meşəliklər salınır.

Vətəni qoruyan əsgərlərə də Naxçıvanda xüsusi qayğı var. Həm toxuculuq fabrikləri, həm də sadə insanların ilboyu toxuduğu isti geyimlər və iməciliklər zamanı salınan meyvə bağlarından yığılan meyvələr onlara göndərilir.

Sadaladığım bütün bu təqdirəlayiq işlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun fədakar əməyinin, xüsusi nəzarətinin sayəsində həyata keçirilir.  Hazırda Naxçıvan ölkənin ən inkişaf etmiş, təmiz və abad regionlarından birincisidir. Biz paytaxtda yaşasaq da, daima Naxçıvanda gedən prosesləri, aparılan quruculuq işlərini izləyir, Naxçıvana ilk dəfə gedən dostlarımızın xoş təssüratlarını eşitdikcə qürur duyuruq.

…və bugün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov cənablarının doğum günüdür. Naxçıvanımızı gözəlləşdirən cənab Sədri təbrik edir, uzun ömür, can sağlığı arzu edirəm !

AMEA Folklor İnstitutunun aparıcı

elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Əpoş İslam oğlu Vəliyev

(Elyar İslam)

Həmçinin oxuyun

Ərdoğan Putinin dəvətini qəbul edib Krıma gedəcəkmi?

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Krımda Cümə məscidinin açılış mərasiminə dəvət …