Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Gəncədə körpələr evində uşaqlar bir-birinə bağlanılıb? – VİDEO

Gəncədə körpələr evində uşaqlar bir-birinə bağlanılıb? – VİDEO

Bir neçə gün əvvəl Gəncədə 2 saylı Körpələr evi ilə bağlı bir sıra xoşagəlməz məlumatlar yayılıb.

Azinforum.az  “oxu.az”a istinadən xəbər verir ki, sözügedən uşaq evində körpələri bir-birinə iplə bağlayırlar.

Səbəb isə uşaq bezləri dolanda balacaların onları çıxarmağa cəhd etməsi və ətrafı bulaşdırmasıdır.

Bundan başqa xeyirxah insanlar tərəfindən uşaq evinə verilən oyuncaqların, geyimlərin də uşaqlara verilmədiyi iddialar arasındadır.

Bu barədə sosial şəbəkələrdə uşaq evinə ziyarətə getdiyini deyən şəbəkə istifadəçisi video paylaşıb. Onun sözlərinə görə, bir neçə gün öncə körpələrə yardım üçün geyim əşyaları, oyuncaqlar aparıb və iki gün sonra getdikdə həmin geyimlərin, oyuncaqların heç birini görməyib.

Məsələnin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün sözügedən Gəncə Şəhər 2 saylı Körpələr evi ilə əlaqə saxladıq.

Körpələr evinin direktoru Lətifə Kərimova yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

Uşaqların bir-birinə bağlanması məsələsinə aydınlıq gətirən direktor deyir ki, elə bir məqam yoxdur:

“Uşaqlar bir-birinə bağlanmır.

Bir az böyük uşaqlarımıza uşaq bezi bağlayanda işçilərimiz üzərindən uzun corabla bağlayır ki, uşaqlar uşaq bezini açmasın. Bezlər açılanda yerə dağılır deyə belə edirik. Bu söhbətlərdən sonra artıq ona da icazə vermirəm”.

Onun sözlərinə görə, təxribat xarakterli məlumatları yayan şəxslər bunu bilərəkdən, qərəzli edir:

“Mən bilmirəm bu söz-söhbəti kim və haradan çıxarır. Bizim heç bir problemimiz yoxdur, qərəzli məlumatlardır. Uşaq evinə ayın 14-də hərəsindən 10 ədəd olmaqla, balaca gəlinciklər və maşınlar gətirmişdilər. Oyuncaqlar tez qırılır.

İşçilərimiz də sınan oyuncaqları yığışdırıb ki, uşaqlar qırıntıları ağızlarına qoymasınlar. Həmin oyuncaqları gətirən adam isə ayın 20-də yenidən uşaqları ziyarətə gəlib, həmin oyuncaqları axtarmağa başlayıblar. İki nəfər olublar. Soruşublar ki, uşaqlara gətirdiyimiz oyuncaqlar hanı? İşçilər də axşam saatları olduğundan deyiblər ki, hara qoyulduğunu bilmirik, digər işçilər gələndə soruşarıq.

Bu sözdən sonra həmin iki nəfər hay-küy salıb, Qaynar xəttə zəng edib. Sizin dediyiniz videolar, fotolar mənə də göndərilib. Həmin şəxsləri səhər özüm çağırdım, oyuncaqların hamısını göstərdim. Ondan sonra dedilər ki, üzr istəyirik, səhv başa düşmüşük”.

Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirən L.Kərimova bildirib ki, bu problem yaxın zamanlarda öz həllini tapacaq:

“Bu gün uşaq evində o qədər ciddi problem yoxdur. Təmirsiz olması ilə razıyam. Amma digər hər şey – hamamda isti su, kombi sistemi, paltaryuyan maşınlar, tozsoranlar, təmizlik məsələsinə tamamilə riayət edilir. Bizim uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır.

Hazırda 16 uşağımız var. Bu barədə aidiyyəti orqanlara da müraciət etmişik. Təmir məsələsi ilə bağlı Heydər Əliyev Fonduna da yazmışıq. Bizə cavab gəlib ki, bu problem yaxın zamanda öz həllini tapacaq”.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …