Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Gəncədə icra başçısının adı keçən mülk qalmaqalı – FOTOLAR

Gəncədə icra başçısının adı keçən mülk qalmaqalı – FOTOLAR

Sahibkarın obyekti qanunsuz olaraq dağıdılıb, yerində «Biznes mərkəzi» ikilib»
İlqar İbrahimov: «Elmar Vəliyev dedi ki, həmin binadan sənin yerini mən verəcəm və mənim atama rəhmət oxuyacaqsan»
Gəncə şəhər sakini İbrahimov İlqar Həsənəli oğlu bildirir ki, bu şəhərdə mülkiyyətində olan torpaq sahəsinin üzərindəki qeyri-yaşayış binası sökülüb, mülkiyyəti zəbt olunub və onun sahibkarlıq fəaliyyətinə son qoyulub.
“Gəncə şəhəri H.Əliyev prospekti, 161A ünvanında yerləşən 110.30 kvm. torpaq sahəsi və onun üzərində yerləşən 91.70 kvm. qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) dövlət  reyestrindən verilmiş 21.09.2011-ci il tarixli, MA 0260663 seriyalı, qeydiyyat nömrəsi 1511012110 olan “Çıxarış”a əsasən mənim tam mülkiyyətimdədir. 39551
Mən həmin binada 1988-ci ildən fotoqraf fəaliyyəti ilə məşğul olmuşam. 31.10.1996-cı ildə həmin bina ƏMDK-də keçirilən auksionda özəlləşdirilərək mülkiyyəti təsdiq edən şəhadətnamə ilə mənim mülkiyyətimə verilib. Hələ 2004-cü ildə şəhərdə abadlaşdırma işləri aparılarkən həmin bina o zamankı şəhər rəhbərliyinin göstərişi və təqdim etdiyi layihə əsasında tərəfimizdən sökülərək öz vəsaitimizlə zirzəmi də əlavə olunmaqla müasir üslubda yenidən tikilib. Bütün bu işləri görmək üçün 200 000 manat məbləğində vəsait xərcləmişəm. Binanın qonşu binalarla heç bir müştərək divarı olmayıb və bina bütövlüklə istismara tam yararlı vəziyyətdə olub”,-deyə İlqar İbrahimov bildirib.
Gəncə şəhəri Cavadxan küçəsi 34 saylı ünvanda yerləşən dövlət tərəfindən mühafizə edilən XVIII əsrə aid tarixi abidə sökülməsi barədə heç bir rəsmi qərar olmadan 2011-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən uçurulub.
İ.Məmmədov bildirir ki, həmin bina uçurulduqdan sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev onu qəbul edib: “Cavadxan küçəsi ilə H.Əliyev prospekti qonşudur. Bu tarixi bina da mənim mülkiyyətimin arxasında idi. İcra başçısı bildirdi ki, həmin ərazidə bir il ərzində möhtəşəm bir bina ucaldılacaq. “Həmin binadan sənin yerini mən verəcəm və mənim atama rəhmət oxuyacaqsan”. Bundan sonra 04.11.2011-ci il tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin vəzifəli şəxsləri protokol və akt tərtib etdi. Bina sökülərək torpaq sahəsi hasarlandı və şəxsi mülkiyyətimə sahiblik, istifadə hüququ qanunsuz olaraq bu günədək məhdudlaşdırılıb. Bununla da sahibkarlıq fəaliyyətimə son qoyulmaqla hər ay 2 000 manat olmaqla ötən üç il müddət ərzində 72 000 manat məbləğində gəlirimdən məhrum edilmişəm”.
Şikayətçi sahibkarın sözlərinə görə, o Prezident İlham Əliyevə pozulmuş hüquqlarımın bərpası üçün çoxsaylı teleqramlar və müraciətlər edib: “Prezident Administrasiyasında bu işə cavabdeh olan məsul şəxslər problemin həllinə qərəzli olaraq yardımçı olmayıblar. Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevin qəbuluna beş dəfə yazıldım və hər dəfə onun köməkçiləri məni qəbul etdi. Köməkçilərdən biri Rəhim müəllim sonuncu qəbulda mənə  bildirdi ki, sənin bu şikayətlərindən biz bezmişik, Gəncənin icra başçısı şəhəri gözəlləşdirir, bu qədər işlər görür, siz ondan nə istəyirsiniz? Başa düşə bilmirəm, mən neyləməliyəm? Şəhərdə aparılan abadlıq işlərinə görə mən qanunsuz olaraq zəbt edilmiş xüsusi mülkiyyətimdə olan əmlakımı geri tələb etməməliyəm?”
İ.İbrahimovun zəbt olunmuş mülkiyyətinin üzərində tikilən “Biznes Mərkəzi”nin sifarişçisi “Gəncə Bazar Store” MMC-dir. Onun təsisçisi Yevlaxda yaşayan Cəbrayıldan məcburi köçkün Məmmədov Fikrət İbi oğludur. Elmar Vəliyev Gəncədən öncə Yevlaxın icra başçısı olub. “Gəncə Bazar Store” MMC-nin hüquqi ünvanı onun nizamnaməsində Xəqani Əbdüləzimova məxsus ev (Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi ev 9, mənzil 49) göstərilib. Xəqani Əbdüləzimov da hazırda Gəncə şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiridir.
 “Biznes Mərkəzi”nin tikintisinin Şəhərsalma və Tikinti sahəsində mövcud qanunvericilik aktlarına zidd aparıldığı məhkəməyə təqdim etdiyimiz iddia ərizəsində, Fövqəladə Hallar Nazirliyinə və Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış şikayət ərizələrində kifayət qədər əsaslandırılıb. Qısa şəkildə sıralasaq həmin ərazidə aşağıdakı qanun pozuntularına yol verilib:
1. Gəncə şəhəri H.Əliyev prospekti 161A  və Cavadxan küçəsi 34 saylı binalar heç bir əsas olmadan qanunsuz olaraq uçurulub.
2. 04.11.2011-ci il tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin vəzifəli şəxslərinin tərtib etdiyi protokola əsasən yeni tikilən binada mənim mülkiyyət hüququmun təmin ediləcəyi öhdəliyi icra edilməyib.
3. Şəhərsalma və Arxitektura Komitəsinin saytından götürülmüş Gəncə şəhərinin Baş Planında həmin ərazidə Biznes Mərkəzinin tikintisinin nəzərdə tutulmadığı görünür. Yəni həmin binanın tikintisi şəhərin Baş Planına ziddir.
4. Tikintiyə dair sənədlərə baxdıqda görünür ki, obyektin tikintisi üçün Gəncə şəhər İcra Hakimiyyətinin icazə sərəncamı olmayıb. Gəncə şəh. Nizami rayon İcra Hakimiyyətinin 377 saylı sərəncamı tikintiyə icazə sərəncamı deyil, torpaq sahəsində “Biznes Mərkəzi” binasının yerləşdirilməsinə (layihələndirilməsinə) dair  sərəncamdır. Qanunun tələbinə əsasən həmin sərəncamı da rayon bölgüsü olan şəhərlərdə şəhər İcra Hakimiyyəti verməlidir. Sərəncamda Cavadxan 34 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 840 kvm göstərilsə də, DƏDRX-dən verilən arayışda 422 kvm göstərilib. Yəni torpaq sahəsinin ərazisi qanunsuz olaraq qonşu torpaqlar hesabına artırılaraq 840 kvm-ə çatdırılıb.
5. DƏDRX-dən verilən arayışda Cavadxan 34 ünvanında yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu və həmin torpaq sahəsinin satılması, icarəyə və ya istifadəyə verilməsi haqqında onlarda məlumatın olmadığı bildirilir. Deməli, “Gəncə Bazar Store” MMC həmin torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququ əldə etmədən tikintiyə başlayıb.
Mən qarşılaşdığım qanunsuzluqla bağlı bu ilin mayın 22-də Baş prokuror  Zakir  Qaralova da müraciət etdim”.
Mübahisəli vəziyyətə bir ildən artıq müddətdir Gəncə İnzibati-İqtisadi Məhkəməsində (hakim Kamil Rzayev) baxılır. İddia ərizəsində cavabdeh  Gəncə  Şəhər  İcra  Hakimiyyəti göstərilib. Bu işlə bağlı son məhkəmə baxışı iclası 03.06.2015-ci il tarixində keçirilib.
“Həmin prosesdə İcra hakimiyyətinin nümayəndəsi guya məsələnin məhkəmədən kənar həll ediləcəyi ilə bağlı hakimdən 20 gün vaxt istəyib və məhkəmə cavabdehin ərizəsini təmin edib. Mən hər halda ümid edirəm ki, məhkəmə Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin qanunsuz hərəkətlərinə göz yummayacaq”-deyə İ.İbrahimov bildirir.
İ.İbrahimovun müraciətinə Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 05.08.2014-ci il tarixli verdiyi cavabda tarixi binanın sökülməsi bu şəkildə əsaslandırılıb: “Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq  abidələrinin siyahısına daxil edilən Cavadxan küçəsi, 34 nömrəli ünvanda yerləşən birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olan ikimərtəbəli yaşayış evinin sökülməsi ilə əlaqədar mütəxəssislər bu binaya vizual texniki baxış keçirib və müvafiq akt tərtib edib.  Mütəxəssislərin rəyinə əsasən binada mühəndis-gücləndirmə və əsaslı təmir işlərinin aparılması iqtisadi cəhətdən səmərəsiz hesab edilib”.
Cavabda o da bildirilir ki, həmin tarixi binada yaşayanların mənzillə təmini üçün  Nazirlər Kabinetinin 2011-ci il 04 iyul tarixli  177s nömrəli sərəncamı ilə Gəncə şəhər, Atatürk prospektində yeni yaşayış binasının  tikintisi davam etdirilir.
“Eyni zamanda Sizə bu binanın qeyri-yaşayış sahəsindən mülkiyyətinizin əvəzinə sahə veriləcək. Buna baxmayaraq siz  özünüzə məxsus qeyri-yaşayış binasının yerində nəzərdə tutulan tikintiyə layihə sənədlərinin verilməsi, pozulmuş mülkiyyət hüququnun bərpasına və məcburi iş buraxma müddətində sizə dəymiş maddi ziyanın  ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmisiniz”, deyə icra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin cavabında bildirilir.
Gəncə şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin əməkdaşı Xəqani Əbdüləzimov bildirdi ki, məsələni məhkəmə dəyərləndirəcək.
İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin mətbuat üzrə məsul şəxsi Həsən Məmmədov isə dedi ki, o iş yerində deyil.
Ramid İBRAHİMOV
bizimyol.info
19220192231922519226192271922819229

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın