Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / “Gəmilərimizdən biri Əbülfəz Elçibəyin adını daşıyacaq” – Mübariz Mənsimov

“Gəmilərimizdən biri Əbülfəz Elçibəyin adını daşıyacaq” – Mübariz Mənsimov

Türkiyəli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov gəmilərindən birinə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin adını verəcək.

Moderator.az xəbər verir ki, bu barədə Mübariz Mənsimov özünün feysbuk səhifəsində məlumat verib.
“Bir liderin böyüklüyü inancının dərinliyi, hədəflərinin yüksəkliyi, dünya görüşünün genişliyi və sevgisinin məsafəsi ilə ölçülür. Uca Allah sadəcə 20-ci əsrdə üç böyük lider qismət etdi: Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və Əbülfəz Elçibəy. Bəzi cahillər bunların müqayisəsini aparırlar. Halbuki bu üç şəxsiyyətin missiyaları başqa olsa da, hər üçü müasir Azərbaycan dövlətinin təməlini atan kişilərdir. Məhəmməd Əmin Rəsulzadə üç rəngli bayraqla şərqdə ilk respublikanın təməlini ataraq, içimizdə bir azadlıq məşəli yandırdı. 70 il Sovet zülmü repressiyalara rəğmən bu məşəli söndürə bilmədi və əsrin sonlarına yaxın Əbülfəz Elçibəy çıxdı və bir kərə yüksələn bayrağı əbədiyyətə qədər göylərdə dalğalandırmaq qərarını verdi. Milli Azadlıq Hərəkatı məhz onun liderliyi ilə Azərbaycanın qolundakı buxovları qırdı. Bu günə qədər digər postsovet ölkələrində qalan rus qoşunlarını ölkəmizdən çıxararaq, həqiqi suverenliyimizə qovuşdurdu. Test islahatı keçirərək, varlı balaları ilə yanaşı kasıbların da üzünə ali məktəbləri açıq elan etdi. Bütün bu uğurların bir bədəli olacaqdı? Məhz o bədəli milləti deyil, özü çəksin deyə, Azərbaycanı Heydər Əliyevə əmanət edərək, getdi. Çünki bu axının qarşısında kimin duruş gətirəcəyini bilirdi. Yəni, bu üç şəxsiyyəti bir-birindən ayırmaq olmaz. Çünki hər üçü bir-birini tamamlayır. Yetər ki, bəsirət gözünlə görəsən. Biz də Cümhuriyyətimizin 100 illiyi ilə bağlı yeni gəmimizin adının Məhəmməd Əmin Rəsulzadə qoyduğumuzu bildirmişdik. Eyni zamanda 2004-cü ildən etibarən “Heydər Əliyev” gəmimiz dünya sularında üzməkdədir. Hər üç şəxsiyyət bizim üçün əziz olduğundan Əbülfəz Elçibəyi də unutmamağa və unutdurmamağa qərar verdik. Bu ilin aprel ayında, gəmilərimizdən biri bu böyük şəxsiyyətin – Əbülfəz Elçibəyin adını daşıyacaq. Beləliklə, 20-ci əsrdə yaşamış hər üç şəxsiyyətin adını daşıyan gəmilərimiz dünya sularında üzəcəklər. Mustafa Kamal Atatürk deyirdi ki, tarix yazmaq tarixi yaratmaq qədər mühümdür. Bu baxımdan yazanlar yaradanlara sadiq qalmalı, nə kimsənin rolunu azaltmalı, nə də artırmalıdırlar. Tarixə sayğı gələcəyə yatırımdır. Tarixi olmayanın gələcəyi də olmaz…”, – deyə Mübariz Mənsimov bildirib.
Qeyd edək ki, “Palmali Holding”in prezidenti M.Mənsimov bu yazısına Əbülfəz Elçibəyin Türkiyənin mərhum dövlət rəhbərləri ilə olan şəkillərini də əlavə edib.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …