Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Fikrət Hüseynli Mirzə Sakitə cavab verdi: “Cibində tapılan narkotik icra başçılarının birinin göndərdiyi  100 dolların içində olub”

Fikrət Hüseynli Mirzə Sakitə cavab verdi: “Cibində tapılan narkotik icra başçılarının birinin göndərdiyi  100 dolların içində olub”

“Yeni Müsavat”ın 27 mart tarixli sayında satirik yazar Mirzə Sakitin geniş müsahibəsi dərc edilib. Müsahibədə satirik bir neçə şəxsə, eləcə də “Azadlıq” qəzetinin keçmiş əməkdaşı, hazırda mühacirətdə olan Fikrət Hüseynliyə qarşı müəyyən ittihamlar yönəldib.

F.Hüseynli də “Yeni Müsavat”a müraciət edərək, Mirzə Sakitin onun barəsində dediklərinə cavab verib. Jurnalist öncə bildirib ki, satirik tərəfindən səsləndirilən iftiraları oxuyaraq dərin təəssüf hissi keçirib:

“Çünki onun söylədikləri çox çirkin iftiralardır.  “Mirzə” təxəllüslü bu Sakit Zahidov Azərbaycanda 3 il həbs yatdığına görə, düşünür ki, bütün ölkə, xalq ona borcludur. Hansı ki, bu adam 3 il həbs yatdıqdan sonra Almaniyaya dəvət edilib, Hamburq şəhərində evlə təmin edilib. Bir il ərzində hər ay Almaniya hökuməti tərəfindən 3 ay 1200, sonra isə 1500 avro təqaüdlə təmin edilib. Ailə üzvlərilə görüş üçün şərait yaradılıb. Bütün xərcləri Almaniya dövləti ödəyib. Həmin dövrdə məhz AXCP sədri Əli Kərimlinin xahişilə Hamburq Azərbaycanlıları Cəmiyyətinin sədri Azər Rövşən Sakit Zahidova olmazın diqqətlərini göstərib. Lakin çörəyi dizinin üstündə olduğundan, sonradan bunları çox tez unudub”.

F.Hüseynli cavabında həmçinin Sakit Zahidovu “dini-imanı pul olan şəxs” adlandırıb. Onun iddiasına görə, satirik hələ Azərbaycanda ikən pul üçün ən müxtəlif adamlara ağız açıb: “Hətta həbs olunan zaman cibində tapılan narkotik onun şantajlardan bezən icra başçılarının birinin göndərdiyi – adını bilirəm, etika xatirinə çəkmirəm – 100 dolların içində olub. Bunu həmin pulu Goranboydan Bakıya qədər gətirib çıxaran və Mirzəyə kafedə hesab verən, sonradan Rusiyaya gedən dostu da təsdiq edə bilər. Mirzə də restorandan çölə çıxanda həmin dostu onun cibinə 100 dolları qoyub. O da bilməyib ki, içində narkotik var. Nəticədə saxlanılanda cibindən narkotik çıxıb. Sakit Zahidov həbs və təzyiqləri bəhanə edərək, bütün ailə üzvlərini Belçikada yerləşdirib. Yəni, onun 3 illik həbsi həm də bütün ailə üzvlərinin gələcəyini gözəl bir dövlətdə qurmasına səbəb olub. Nə Azərbaycan xalqının, nə də müxalifətin ona bir borcu yoxdur. Əksinə, o borcludur. Belə demək mümkünsə, o, yuxuda görə bilməyəcəyi vəziyyətə düşüb və bundan sonra özündən razılıq xəstəliyinə tutulub”.

F.Hüseynli eyni zamanda iddia edib ki, S.Zahidov davamlı “Azadlıq”a qarşı istifadə edilib. Onun yazdığına görə, satirik hətta 2009-cu ildə Osloda olan zaman sığınacaq istəmək bəhanəsilə təyyarəyə gecikib:“Sonradan isə “Azadlıq”ı nüfuzdan salmaq üçün norveçlilərə dedi ki, guya onu aldadıb küçənin ortasında qoyub gediblər. Və sonra da heç nə olmamış kimi norveçlilərin hesabına yeni bilet aldırıb öncə Tbilisiyə, sonra da Bakıya gedib. Olayın şahidi özüməm. Sakit Zahidov Avropaya gələndən sonra da tamahına sahib ola bilməyib. Dəfələrlə Fəzail Ağamalıya, İqbal Ağazadəyə, Aqil Abbasa, Qüdrət Həsənquliyevə, Rəsul Quliyevə və digərlərinə, hətta sadə vətəndaşlara da zəng vurub pul istəyib və alıb. O, Avropaya gələndə də Qüdrət Həsənquliyevdən yolpulu almış adamdır. Bu şəxslərlə yanaşı, o, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə daim əlaqədə olub. Əlaqəni “Müasir Müsavat” qəzetinin mərhum baş redaktoru Təranə Ramazanzadə yaradıb. Hafiz Hacıyev Ramazanzadə vasitəsilə Sakit Zahidova onun barəsində status yazmağı sifariş verib. Hər statusun da dəyəri 50 dollar olub. Hafiz Hacıyev də bu statusları print edərək öz sahiblərinin yanına gedirmiş ki, iqtidarı müdafiə etdiyinə görə, onu guya tənqid və təhqir edirlər. İllərlə bu proses davam edib və Təranə Ramazanzadə rəhmətə getdiyi üçün yəqin Sakit Zahidovun başqa əlaqələndiricisi var”.

Jurnalist redaksiyaya cavab məktubunda Mirzə Sakitə qarşı başqa ittihamlar da səsləndirib. Onun yazdığına görə, S.Zahidovun müxalifətə – xüsusilə AXCP sədri Əli Kərimliyə, “Azadlıq” qəzetinə, Milli Şuraya qarşı davamlı iftira dolu statuslar yazmasının özəl və xüsusi səbəbi var: “Belə ki, məndə olan məlumata görə, Azərbaycanın xüsusi xidmət və hüquq mühafizə orqanlarının əlində Sakit Zahidovun Türkiyədə oteldə çəkilmiş videoları var. Hətta bəzi məlumatlara görə, bunlar elə çəkilişlərdir ki, Sakit Zahidova “özünü çıx Eyfelin başından at” desələr, onu da edər. Sakit Zahidovun guya AXCP sədri Əli Kərimli, hörmətli Cəmil Həsənliylə bağlı mənim hansısa ifadələr dediyimi utanmazcasına iddia etməsi ağ yalandır. Çünki hər kəs mənim müxalifətlə əlaqələrimi, münasibətlərimi bilir. Eyni zamanda, mənim leksikonumda Sakit Zahidovun dediyi sözlər yoxdur. Həmçinin biz bir neçə dəfə aksiyada görüşmüşük. Amma bütün görüşlərdə siyasi mühacirlər, Demokratik Azərbaycan Hərəkatının üzvləri olub. Sakitlə mənim ikili görüşüm olmayıb. O üzdən də belə çirkincəsinə yalan danışması həm də digər siyasi mühacirlərə atılmış şər və iftiradır. Ona ölkəsindən didərgin düşmüş bir şəxs kimi, hər zaman qapımı açmışam. Ən çətin günlərində diqqət göstərib düşünmüşəm ki, Sakit Zahidov nəhayət ki, yaşına, ağarmış başına, nəvə-nəticəsinə baxıb düzələcək. Maləsəf, görünür ki, səhv etmişəm və “qozbeli qəbir düzəldər” ifadəsi doğru imiş”.

F.Hüseynli Mirzə Sakitin yazdığı statuslar və onların arxasındakı səbəblər barədə də mövqeyini açıqlayıb:“Sakit Zahidov Mirzə Sakit adıyla idarə etdiyi facebook səhifəsində Milli Şuranın son mitinqinin iştirakçılarını və hörmətli ziyalımız Eldəniz Quliyevi təhqir etmişdi. Mən həmin statusa fikrimi bildirdim və orda müəyyən qədər yazışdıq. Bir gün keçməmiş gördüm ki, Sakit Zahidov mənim və başqalarının etirazlarını yox, ancaq öz fikirlərini saxlayıb. Yəni, insanlar görsün ki, bu yazdı, cavab verən olmadı və sair. Bununla bağlı ona etirazmı bildirdim. Məhz bu cür davamlı çirkin statuslar yazdığına, görə, dostluqdan çıxardım. Bunu da səhifəmdə açıq yazdım.  Bütün bunlarla yanaşı, Sakit Zahidovun elə çirkin işləri var ki, onu yazmıram. Məni məcbur etməsin ki, onun daha çirkli əməllərini açıqlayım. Sakit Zahidovun söylədiyi bu iftiralar şəxsən mənə yapışan deyil. Mən Azərbaycanın demokraqtikləşməsi uğurunda mübarizə aparan bütün liderlərə – Cəmil Həsənliyə, Əli Kərimliyə, İsa Qəmbərə və digərlərinə hər zaman sayğıyla yanaşmışam”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın