Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / “FETÖ təhlükəsi tam olaraq aradan qaldırılmayıb” – politoloq

“FETÖ təhlükəsi tam olaraq aradan qaldırılmayıb” – politoloq

Qardaş ölkədə terror təşkilatına qarşı daha bir geniş əməliyyat həyata keçirildi, 360 nəfər həbs edildi; Elçin Mirzəbəyli onları “yatmış minalar” adlandırdı

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Terrorla Mübarizə İdarəsi tərəfindən FETÖ-nün Türkiyə Silahlı Qüvvələrindəki (SQ) qruplaşmalarına qarşı əməliyyatlar davam etdirilir.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, əldə edilən yeni dəlillərə əsasən orduda FETÖ-yə bağlı hərbçilərin həbs edilməsi barədə qərar çıxarılıb. Məlumata görə, orduda xidmət edən 360 şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Əməliyyatlara başlayan İstanbul Baş Polis İdarəsi haqqında həbs qərarı çıxan şəxslərin həbsinə başlayıb.

Həyata keçirilən daha bir genişmiqyaslı əməliyyat bu qənaəti yaradır ki, 15 iyul hadisələrindən il yarıma qədər vaxt keçməsinə, həmçinin on minlərlə şəxsin şübhəli və ya suçlu olaraq saxlanmasına baxmayaraq, terrorçu təşkilatın tərəfdarları hələ də ölkə içində qalmaqdadır. Əslində bir müddət öncə qardaş ölkənin rəhbərliyi Türkiyənin xəyanət qruplaşmasından (FETÖ) hələ də təmizlənmədiyini açıq şəkildə bəyan etmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Yeni Təhlükəsizlik Konsepsiyası” adlı konfransda çıxışında təəssüflə vurğulamışdı ki, hələ də polis, məhkəmə və digər sektorlarda FETÖ şəbəkəsinin üzvləri fəaliyyət göstərir. Ən son olaraq Silahlı Qüvvələrdə həyata keçirilən həbslər isə təhlükənin hələ də qaldığını söyləməyə əsas verir. Söhbət Türkiyənin bütövlüyünü qoruyan, terrora qarşı mübarizə aparan strukturdan gedir. Orduda xainlərin olması isə daha böyük təhlükələr vəd edir. Bu, hərbi sirlərin qorunması baxımından da problem yarada bilər. Ekspertlərsə keçirilən hərbi təlimləri normal sayır.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Türkiyədə 333-ü hərbçi olan 360 nəfər haqqında həbs qərarı aparılan istintaq nəticəsində ortaya çıxan bir qərardır: “Yəni baş verənləri hansısa yeni bir prosesin tərkib hissəsi kimi dəyərləndirmək düzgün olmazdı. Türkiyə böyük ölkədir və bu baxımdan da haqlarında həbs qərarı verilən şəxslərin sayı təəccüb doğurmamalıdır. Digər tərəfdən, Fətullahçı Terror Örgütü (FETÖ) bu günə qədər mövcud olan terror təşkilatları arasında ən geniş təşkilatlanmaya sahib olanı və ən təhlükəlisidir. Çünki bu terror təşkilatı PKK, YPQ, PYD, yaxud ASALA kimi türk dövlətinin qarşısında olmayıb, dövlətin içində olub, onunla birgə hərəkət edərək dövləti içəridən çökdürməyə çalışıb. Unutmaq lazım deyil ki, FETÖ üzvləri dövlətin aparıcı qurumlarının, təhlükəsizlik strukturlarının, ordunun ən yüksək məqamlarında təmsil olunublar. Bu adamlar dövlət sirləri və dövlətin təhlükəsizlik mexanizmlərinin ən incə detalları haqqında ətraflı məlumata malik olan şəxslərdir. Onlar ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları ilə əlaqələrə sahibdirlər”.

E.Mirzəbəyli bildirdi ki, 15 iyul 2016-cı ildən etibarən Türkiyə ikinci Qurtuluş savaşını yaşayır: “Özü də bu savaş 19 may 1919-cu ildə başlayan Qurtuluş savaşından heç də az təhlükəli deyil. Bəlkə daha təhlükəli, daha amansızdır. Məhz buna görə də Türkiyədə dövlət qurumlarının, xüsusilə də silahlı qüvvələrin FETÖ-çü adlandırılan, əslində isə Türkiyəni yenidən parçalamağa çalışan ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarını təmsil edən nüfuz müvəkkilləridir, yatmış minalardır”.

Bu arada Ankaranın Vaşinqtonla münasibətlərinin öz axarına düşməsi istiqamətində addımların atılması da xüsusi vurğulanmalıdır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığından bəhs edərkən nikbin danışıb. Bildirib ki, bu, ABŞ-Türkiyə münasibətlərində ortaq məxrəcə gəlinən söhbət idi və yaxın günlərdə danışıqların davamı olacaq. Hesab olunur ki, Türkiyədə FETÖ-çülərə qarşı növbəti dalğa terrorun kökünün qazılması istiqamətində ciddi addımdır. Üstəlik, ABŞ-ın terrorçu qruplaşmalara silah verməyəcəyini vəd etməsi FETÖ-nün də tam təklənə biləcəyi ehtimalını yaradır.   E.Mirzəbəyli Türkiyənin ABŞ-la münasibətlərindəki problemlərin aradan qalxmasından danışarkən dedi ki, “Kürdüstan” fiaskosundan sonra Vaşinqton körpüləri bərpa etmək məcburiyyətindədir: “ABŞ-ın regionda oyuncaq dövlət yaratmaq cəhdləri baş tutmadı və çox güman ki, baş tutmayacaq da. İndiki şəraitdə regionda Birləşmiş Ştatların yaxından əməkdaşlıq edə biləcəyi dövlət Türkiyədir. Unutmaq lazım deyil ki, Türkiyə həm də NATO-nun güclü hərbi sütunlarından biridir. ABŞ-ın NATO-dakı heç bir müttəfiqi Türkiyəni əvəz etmək gücündə və potensialında deyil. Lakin bir mühüm məqam da var ki, Türkiyə-ABŞ münasibətləri heç zaman əvvəlki kimi olmayacaq”. Bununla belə, E.Mirzəbəyli bir məqamı xüsusi vurğuladı: “Türkiyənin ictimai rəyində ABŞ-ın nüfuzuna ciddi ziyan dəyib. Türkiyə vətəndaşlarının əhəmiyyətli hissəsi ABŞ-ı, yumşaq desək, dost gözündə görmürlər. Bu səbəbdən də münasibətlərin qarşılıqlı etimad üzərində yenidən qurulmasına xeyli vaxt sərf oluna bilər”.

“Türkiyənin ayrı-ayrı vilayətlərində, o cümlədən ayrı-ayrı qurumlarında FETÖ-çülərdən təmizlənmə əməliyyatları davam edir. İstintaq zamanı yeni FETÖ-çülər aşkar olunub həbs edilirlər”.

Image result for qafar çaxmaqlı

Bu fikirləri isə Türkiyədə çalışan politoloq Qafar Çaxmaqlı qəzetimizə söylədi. Ekspert bildirdi ki, FETÖ-çülərin ən çox şəbəkələşdiyi ünvan ordu idi: “Ötən gün 300 FETÖ-cü həbs edilsə də, bildiyimə görə, bu iş davam etməkdədir. Dövlət bu işin başa çatdırılması üçün qərarlı addımları bundan sonra da atacaq. Bu şəbəkə uzun illər təşkilati şəkildə dövlətə qarşı fəaliyyətdə olublar. Onların aşkarlanıb ortaya çıxarılması Türkiyənin gələcək təhlükəsizliyi üçün çox lazımdır”.

Q.Çaxmaqlı ABŞ-Türkiyə münasibətləri barədə elə də nikbin deyil: “Son günlər bu qrupdan olan və xüsusən ABŞ-da lövbər salan güclər Türkiyəyə qarşı bəlli ölkələrin, o cümlədən ABŞ-ın yürütdüyü qaralama kampaniyasına dəstək verməkdədirlər. Ortada Türkiyəni yeni problemlərlə üz-üzə qoymaq kimi fəaliyyətlər var. Bu şəbəkənin şübhəsiz ki, Türkiyədə dayaqları tamamən aradan qaldırılmamışdır və haqlı olaraq onların üzərinə gedilir. Əlbəttə, FETÖ tam olaraq aradan qaldırılmayıb. Zənnimcə, bu adamların aşkar edilib ifşa edilməsi hələ çox sürəcək”.

Cavid TURAN

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …