Ana səhifə / Aktual / Fazil Mustafa: “Uşaqlara sağlam inkişafları üçün aylıq müavinət verilməlidir”

Fazil Mustafa: “Uşaqlara sağlam inkişafları üçün aylıq müavinət verilməlidir”

“Bu durumda evə hər hansı bir gəlir daxil olmursa, uşaq normal qidadan, geyimdən, təhsildən, istirahətdən məhrum olmalıdır?”

Noyabrın 13-də Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin iştirakı ilə 2019-cu ilin dövlət büdcəsi zərfi müzakirəyə çıxarılacaq və üç gün ərzində müzakirə olunacaq. Ötən həftə yeni tərkibdə Azərbaycan hökuməti ilk dəfə Milli Məclisdəki büdcə məsələlərində iştirak etdi. Budəfəki müzakirələr əvvəlkilərdən ciddi şəkildə fərqləndimi?

Deputat Fazil Mustafa bununla bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, builki büdcə müzakirələri forma baxımından əvvəlki illərdəkindən ciddi fərqlənmədi:“Rəqəmlərdə, mülahizələrdə təbii ki, fərqliliklər olmalıydı, prosedura yeniləşməsi isə gözlənildiyi kimi, baş vermədi. Fikrimcə, büdcə müzakirələrində 4-5 komitəni bir yerə yığaraq iki saat müddətində məsələləri çözmək olduqca çətindir. Üstəlik də çıxış üçün ayrılan 5 dəqiqə müddət də qlobal bir sənədlər toplusu barədə keyfiyyətli mövqe sərgiləməyə imkan vermir. Uzaqbaşı mühüm olan 3-4 problemə toxunmaq olur ki, burada da iştirak edən deputatların heç yarısının danışmaq imkanı olmur. Müsbət hal odur ki, müxalif mövqe sərgiləyən deputatlara bütün hallarda çıxış haqqı tanınır, ən azı vacib saydığımız bir neçə məsələyə diqqət yönəltməmiz mümkün olur. Hər halda, sessiyada 10 dəqiqə danışmaq imkanı büdcənin təhlili və təkliflər üçün daha münasibdir və bu imkandan səmərəli istifadə etməyə çalışacağıq”.

Maraqlıdır, hökumət plenar iclasa hansı layihə ilə gələcək? Deputatların təklifləri nəzərə alınacaqmı? F.Mustafa:“Hökumətin plenar iclasa gətirəcəyi layihə də komitədə müzakirə olunandan çox güman ki, fərqlənməyəcək. Son vaxtlar həm Nazirlər Kabinetinin hesabatı, həm də büdcə müzakirələri ilə bağlı çıxışlarda səsləndirilən fikirlərə icra qurumlarının təmsilçilərinin həssas yanaşması müsbət tendensiyadır. Sonuncu komitə iclasında maliyyə naziri Samir Şərifovun səsləndirilən hər bir tezisə əhatəli cavab verməsi də göstərdi ki, Milli Məclisdəki müzakirələrə olduqca ciddi yanaşılır. Həm də nazir təmsil etdiyi sahəni və təqdim etdiyi sənədi dərindən biləndə, sağlam fikirləri daha rahat dəyərləndirə bilir. Təkliflərin bir çoxu əsaslı olsa belə, real imkanlara uyğun gəlmədikdə, onun nəzərə alınması  da çətin olur. Deputatın əsas vəzifəsi cəmiyyətimiz üçün vacib olan hansısa problemi ictimailəşdirməkdir, buradan o tərəfə isə səlahiyyətlər məhdudlaşır. Əslində parlament müzakirələri daha effektli aparılsaydı, alternativ layihəyə, tənqidi tezislərə daha çox imkan tanınsaydı, hökumətin özü üçün də səslənən faydalı fikirlərdən qidalanmaq imkanı geniş olardı. İxtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının isə büdcə müzakirələrinə cəlb  olunması ənənəsinin yoxluğu da bu prosesin səmərəliliyini xeyli azaldır”.

Qeyd edək ki, komitə müzakirələrində bir sıra deputatlar konkret təkliflər səsləndirdilər. F.Mustafanın uşaq pulunun bərpası barədə təşəbbüsünə maliyyə naziri Samir Şərifovun reaksiyası diqqət çəkdi. Nazir məsələyə baxılmasını istisna etməsə də, başqa ölkələrə istinad edilməsi ilə razılaşmadı.

F.Mustafa bununla bağlı səsləndirdiyi təklif və nazirin reaksiyası barədə aşağıdakıları söylədi: “Təklifim bu idi ki, heç bir bəhanəsiz Azərbaycanda uşaqların sağlam inkişafı və aztəminatlı ailələrin maddi yükünün azaldılması üçün uşaqlara normal məbləğdə aylıq müavinət verilməlidir. Hökumət 2018-ci ildə uşaqlar üçün yaşayış minimunun aylıq dəyərini 154 manat müəyyən etmişdi. Müstəqil hesablamalara görə, yaşayış xərclərinin ən azı 75-80%-i insanların minimum fizioloji normalara uyğun ərzaqla, həmçinin minimum səviyyədə geyimlə təminatı xərclərini əhatə edir. Yəni bir uşağın aylıq minimum qida və geyim təminatı üçün təqribən 120-130 manat tələb olunur. Bu durumda evə hər hansı bir gəlir daxil olmursa, uşaq normal qidadan, geyimdən, təhsildən, istirahətdən məhrummu olmalıdır? Başqa ölkələrdə əhalinin artımı üçün bu müavinətin stimullaşdırıcı vasitə kimi verilməsinin bizə uyğun gəlmədiyini bəhanə etmək doğru deyil. Müharibə riski altında olan ölkələrdə uşaq artımı probleminə daha həssas yanaşmaq lazımdır. Keyfiyyətsiz qidaya, maddi sıxıntılara, habelə idman tibbi infrastrukturunun əlçatan olmamasına görə Azərbaycanda uşaqların böyük çoxluğu sağlamlıq standartlarına uyğun mühitdə yaşamırlar. Biz təklif etdik ki, heç olmazsa normal gəliri olmayan ailələrin 6 yaşınadək uşaqlarına bu müavinət verilməlidir. Sonrakı mərhələdə isə digər yaş kateqoriyyasından olan uşaqları da əhatə etmək olar. Hər halda, problemin ictimailəşdirilməsi onun çözülməsi üçün müəyyən ümidlər yaradır”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …