Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Fazil Mustafa: “Cümhuriyyətin yüz illiyini layiqli şəkildə keçirmək imkanlarını itirdik”

Fazil Mustafa: “Cümhuriyyətin yüz illiyini layiqli şəkildə keçirmək imkanlarını itirdik”

Tahir Kərimli: “Cümhuriyyətin banilərini, onun gördüyü işləri yad etmək heç kimə maneçilik yaratmır”

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə bir aydan az müddət vaxt qalır. Mayın 28-də ən önəmli tarixi günlərimizdən biri keçiriləcək. Bu ilin yanvarında prezident İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

İndiyə qədər Cümhuriyyətimizin yubileyi ilə bağlı görülən işlərin qənaətbəxş olmadığı barədə fikirlər çoxluq təşkil edir. Deputatlar səviyyəsində dəfələrlə bununla bağlı məsələ qaldırılsa da, belə önəmli tarixi günlə əlaqədar atılan addımlar təqdirəlayiq sayılmır. Qalan 28 gün  ərzində Cümhuriyyətə layiq bəzi işlərin görülməsi vacib hesab olunur.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli “Yeni Müsavat”a açıqlamasında AXC-nin yubileyinə olan biganə münasibəti sərt tənqid etdi: “Cümhuriyyətin yubileyi ilə bağlı bir sıra kompleks təkliflər irəli sürənlərdən biri də mənəm. Özü də real təkliflər irəli sürmüşdüm. Ürəklənməyimin səbəbi də o idi ki, prezident bu ili ”Cümhuriyyət ili” elan edib, müəyyən tədbirlərin görülməsini ortaya qoyub. Açıq deyirəm, sanki bəzilərində Xalq Cümhuriyyətinin, onun xadimlərinin adına allergiya var. Prezident bununla bağlı sərəncam veribsə, bunu yerinə yetirmək lazımdır. Bunu qapalı məkanlarda, tədris müəssisələrində keçirmək yetərli deyil. Yaxınlarda Türkiyə Böyük Millət Məclisində bununla bağlı fikirlər söylənildi. Bundan insan fəxr hissi keçiririk ki, Şərqdə ilk demokratik cümhuriyyəti biz yaratmışıq, müsəlmanların ilk demokratik cümhuriyyətinə bu cür yüksək səviyyədə qiymət verilir, onun liderləri layiqli dəyəri alırlar. Bizdə də yüksək səviyyədə diqqət olsa da, təəssüf ki, yerinə yetirilmir. Amma bir sıra məsələlər var ki, bundan şəxsən məmnunam. Əsas təkliflərimizdən biri o idi ki, Cümhuriyyətin yüz illiyi ilə bağlı medal təsis olunsun. Artıq bu medalı bu günlərdə təsis edəcəyik. Cümhuriyyətimizin parlamentinin də yüz illiyi ilə bağlı medal təsis olunması təklifini vermişik ki, yaxınlarda bu da olacaq. Milli Məclisdə böyük bir beynəlxalq tədbir keçiriləcək. Bu, hökmən yayda olacaq, çox güman ki, iyulda keçiriləcək. Bundan əlavə də bir sıra tədbirlər həyata keçiriləcək. İndiyə qədər bəzi tədbirlər keçirilə bilərdi. Məsələn, İtaliya, Norveç, Sinqapur kimi dövlətlərdə vətəndaşlara yardımlar paylanılır. Azərbaycanda da ehtiyat fondumuz yetərli olduğundan yüz illiklə bağlı adambaşı yüz dollar həcmində yardım edilməsi mümkün idi. Təkliflərimizdən biri bu idi ki, iqtisadi vəziyyəti bu bir qədər yaxşılaşdıra bilərdi. Təkliflərimiz sırasında AXC ilə bağlı böyük kompleksin yaradılması idi. Bu kompleks elə böyük olmalıdır ki, hətta ermənilərin qondarma soyqırımla ucaltdıqları abidədən də böyük olsun. Çünki bu təkcə abidə deyil, orada çoxlu simvolik rəmzlər var. Bunlar olardısa, böyük bir muzey ortaya çıxar, Cümhuriyyətimizin xadimlərinin nəşlərinin Azərbaycana gətirilməsi məsələsi də aktuallaşa bilərdi. Orada daim musiqi səslənərdi. Bu kompleks əbədi bir xatirə olar, xalqımızın yaddaşsız olmasına imkan verməzdi. Çünki biz o yaddaşsız xalqıq ki, öz torpağımızda, Bakımızda ermənilər generalımız Səməd bəy Mehmandarova küçə süpürtdürürdü. Buna baxmayaraq ki, biz bu faktı yaddan çıxarıb, Şaumyanın heykəli qarşısında komsomola biət edirdik. Milli Məclisdə də bu fikirlərimi demişəm. Çox ciddi tədbir keçirmək lazımdır. İnsanların qürur duyduğu işləri görmək çox vacibdir. Bunları etmək üçün Azərbaycanın maddi imkanları var. Nələrisə əsirgəmək lazım deyil. Keçmiş gələcəyin dövlət quruluşunu təmin edir. Açığı, çox nigaranam, bəzən hədsiz dərəcədə narahat oluram. Amma yenə deyirəm ki, yuxarıdan bu barədə sərəncam verilibsə, bu işləri görmək lazımdır. Cümhuriyyətin banilərini, onun gördüyü işləri yad etmək heç kimə maneçilik yaratmır. Bu, kampaniya xətrinə olmalı deyil, əbədiyaşar proses olmalıdır”.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli ile ilgili görsel sonucu

Deputat bu işləri görməyən aidiyyəti qurumlardan da söz açdı: “Cənab prezident yüz illik yubileylə bağlı sərəncam veribsə, kimsə cürət edib buna mane ola bilməz. Amma görünən odur ki, ləngimələr var. Bu işlə öncəliklə Nazirlər Kabineti məşğul olmalıdır. Məsələni Mədəniyyət Nazirliyinin, Tarix İnstitutunun üstünə atardım. Nazirlər Kabineti böyük bir işlər planı hazırlamalı, ən yüksək səviyyədə buna nəzarət olunmalıdır. Təəssüf ki, bəzən indiki dövlət rəhbərliyi ilə keçmişdəkini üz-üzə qoyurlar, lazımsız mübahisələr açırlar. Keçmişimizlə bizi ayırmaq istəyənlər də az deyil. Cəmiyyətimizi bölməyə cəhdlər var. Biz dünyanın ən hündür bayrağını qoymuşuq, qəlbimizdə də bunu yaşatmalıyıq. Soyuqluğun olduğunu hər kəs hiss edir. Yaxınlarda AMEA-nın Coğrafiya İnstitutunda bir tədbir keçirildi, çox gözəl tədbir idi. Orada bir xatırlatma etdim ki, burada alimlərə dediyimizi Gürcüstanda birinci sinif şagirdləri bilir. Biz də isə cəmiyyətimizin çox hissəsi AXC-nin, onun banilərinin fəaliyyətindən məlumatsızdır. Bunları insanlara öyrətməliyik. SSRİ qurulanda məhz Cümhuriyyətimizin adına görə Azərbaycan adı saxlanıldı. Yubileyə çox az müddət qalır. Heç olmasa bundan səmərəli istifadə edək. Amnistiya qəbul edə bilərik. Parlamentdə bu məsələ bir neçə dəfə qaldırılıb. Əfv sərəncamı mütləq olacaq. Qalan müddətdə telekanallarda rublika hazırlayıb, hər gün Cümhuriyyət barədə məlumat vermək olar. Məsələn, verilişin vaxtı bir saat ola bilər. Ora da tarixçilər, mədəniyyət xadimləri, siyasilər dəvət olunar. Bunu dekabrın sonuna qədər də etmək olar, çünki bu il ”Cümhuriyyət ili”dir”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa ile ilgili görsel sonucu

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da Cümhuriyyətə olan ögey münasibətdən narazıdır: “İndiyə qədər görülən işlər qaneedici deyil. Sanki Cümhuriyyətin yubileyinə hazırlıq getmir. Burada iştirakçılıq önəmlidir. Cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesə cəlb olunması baş vermir. Dövlət səviyyəsində bəllidir, atəşfəşanlıq olacaq, fişənglər atılacaq, bu və ya digər yerlərdə bu yubiley qeyd olunacaq. Amma bunun yüz illiyə adekvat olduğunu demək düzgün olmazdı. Cümhuriyyət üçün bir neçə film versiyası olmalı idi. Lakin heç bir film çəkilmədi. Hətta şəxsən özüm filmlə bağlı iki il öncə mədəniyyət nazirinə müraciət etdim, amma heç bir cavab verilmədi. Bakının işğaldan azad edilməsi və digər məsələlərlə bağlı heç bir addımlar atılmadı. Bu gün Məhəmməd Əmin Rəsulzadənin  Novxanıdakı ata evi uşaq bağçasıdır. Bunu muzeyə çevirmədilər. Cümhuriyyətlə bağlı beynəlxalq konfransların keçirilməsi vacib idi, lakin bunlar da olmadı. Hesab edirəm ki, Cümhuriyyətin yüz illiyi çox sönük şəkildə qeyd olunacaq. Bu da bizim Cümhuriyyət ideyasına uyğun davrandığımızı göstərməyəcək. Məndə olan məlumata görə, bu məsələ ilə bağlı Gürcüstan və Ermənistan bizdən çox öndədirlər. Onlar cümhuriyyətçiliyin, dövlətçiliyin nə olduğuna daha çox diqqət yetirirlər. Ümid edək ki, qarşıdakı 28 gündə təxirəsalınmaz addımlar atıla bilər. Amma gecikmişik. Bu da hər halda bizə başucalığı gətirməyəcək. Bakının işğaldan azad edilməsinin yüz illiyinə heç olmasa yaxşı hazırlaşaq, Türkiyədən qonaqlar dəvət edək. Lazımi səviyyədə kitablar buraxılmayıb. Burada bir neçə filmin olması olduqca vacib idi. Bunların isə heç biri yoxdur. Ümid edək ki, yüz illiyi yaxşı keçirə bilməsək də, yüz əlli illiyi daha sağlam, normal bir anlayışla keçirməli olarıq. Çünki Cümhuriyyətin yüz illiyini layiqli şəkildə keçirmək imkanlarını itirdik”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …