Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Fazil Məmmədov güləşçilərə pul ödəməkdən imtina etdi:  “Öhdəliyimiz yoxdur!”

Fazil Məmmədov güləşçilərə pul ödəməkdən imtina etdi:  “Öhdəliyimiz yoxdur!”

 

Yığma üzvlərinin etirazı ilə bağlı yaranan qalmaqala Azərbaycan Güləş Federasiyası rəsmi münasibət bildirilib. Federasiya maaş almadıqlarını iddia edən idmançıların ittihamlarını qəbul etmir.

Öncə federasiyanın dövlət hesabına deyil, sponsor təşkilatların ayırdığı maliyyə ilə fəaliyyət göstərdiyi qeyd edilib: “Azərbaycan Güləş Federasiyası ictimai birlik statusu daşıyır və öz fəaliyyətini məhz “İctimai birliklər haqqında” Qanunun tələbləri əsasında qurur. Federasiyanın vəzifəsi güləş idman növünün inkişafına dəstək vermək, ölkədə yığma komandaların heyətini formalaşdırmaq, onların ölkədaxili və beynəlxalq yarışlarda iştirakını təşkil etmək, ölkəmizin beynəlxalq arenalarda layiqincə təmsil etməsinə şərait yaratmaqdı. Federasiya öz fəaliyyətini dövlət maliyyəsi ilə deyil, sponsor təşkilatların ayırdığı maliyyə ilə tənzimləyir. Federasiyaların sponsorların hesabına fəaliyyət göstərməsi qəbul edilmiş və geniş tətbiq edilən praktikadı. Bu baxımdan federasiyaların maliyyə durumu bir çox hallarda məhz sponsorların maliyyə vəsaitlərindən asılı olur və bəzən müəyyən çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii və anlaşılan haldı, şübhəsiz ki, müvəqqəti xarakter daşıyır”.

Bəyanatda federasiyanın yığmaya cəlb edilən idmançılara maaş vermək öhdəliyinin olmadığı vurğulanmaqla yanaşı, onların müxtəlif yarışlardakı nailiyyətlərə görə mükafatlandırıldığı da yazılıb: “İctimai birlik olaraq Azərbaycan Güləş Federasiyasının idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdu. Sponsorlar tərəfindən maliyyə ayrıldığı zaman federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun olaraq yığma komandanın üzvlərinə maddi yardımlar verilib. Belə yardımların verilməsi idmançıların ailə, məişət problemlərinin həllində onlara dəstək vermək məqsədi daşıyıb. Eyni zamanda bildiririk ki, yığma komandanın üzvləri Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında əldə etdikləri nəticələrə görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq həm Milli Olimpiya Komitəsi, həm də Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılır. Eyni zamanda məlumat üçün bildirmək istəyirik ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və paytaxtımızda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib”.

Sonda federasiyada bəzi problemlərin olduğu etiraf edilib, həmçinin idmançılara müraciət ünvanlanıb: “Təlim-məşq toplantıları ilə bağlı məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Güləş Federasiyası ictimai birlik kimi bu sahədə fəaliyyətini müvafiq strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirir. Yığma komandaların təlim-məşq toplantıları, idmançıların vitaminlə təmin olunması, sağlamlıqlarına nəzarət və digər məsələlər məhz aidiyyatı qurumlarla birlikdə həll olunur. Bir sıra texniki çətinliklərin mövcudluğunu inkar etmirik, lakin bunlar həll olunan məsələlərdi və tezliklə aradan qaldırılacaq. Azərbaycan Güləş Federasiyası idmançıların narahatlığını anlayır, təbii qəbul edir və üzərinə düşən öhdəliklər çərçivəsində mövcud çətinliklərin tezliklə aradan qalxacağını bildirir, ölkəmiz üçün hər birinin ayrıca dəyəri və yeri olan güləşçilərimizi səbrli olmağa dəvət edir.Yaranmış kiçik narahatlıqları böyütməyə, əldə olunan naliyyətlərə kölgə salmağa çalışanlara isə bildiririk ki, idman çirkli oyunların yeri deyil. Bu vətən hamımızındı və onun adının, bayrağının və nüfuzunun yüksəldilməsi üçün həm güləşçilərimiz, həm də federasiya rəhbərliyi indiyədək əlindən gələni edib və yenə də edəcək”.

“AzPolitika.info ” qeyd edir ki, Güləş Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur. Bu haqda daha geniş yazını bu linkdə oxuya bilərsiniz.

fazil memmedov məmmədov azpolitika info

Onu da qeyd edək ki, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov ölkə.az-a xəbər portalına müsahibəsində güləşçilərin qaldırdığı problemlərin mövcudluğunu etiraf edib : “Güləşçilərimizin qaldırdığı məsələni hamı bilirdi. Bu problem təkcə onların üzləşdiyi məsələ deyil. Nazirlik və Federasiyanın da bu problemdən məlumatı var. Onun üçün də səbr etmək lazım idi…
Doğrudur, təlim-məşq toplantıları əvvəlki illərlə müqayisədə bu il az olub. Bunun səbəbi maliyyə problemləri ilə bağlıdır. Hazırda bu problemin həlli üçün müvafiq yollar axtarılır.”

MTU5ODAxZmMwMGQ2OGI_1

Vitse-prezident Elçin Cəfərov məsələdən nazir Fazil Məmmədovun da xəbəri olduğunu deyib: “Məsələdən Fazil müəllimin də xəbəri var. İnşallah bu məsələ də öz həllini tapacaq.”

Ancaq maraqlıdır ki, nazirin güləşçilərin bəyanatına heç bir reaksiya vermədiyini bildirib. “Fazil Məmmədov sizinlə əlaqə saxlayıb, problemin kökü ilə maraqlanıbmı?” sualına: “Xeyr, əlaqə saxlamayıb. Yəqin ki, bu günlərdə rəhbərlik səviyyəsində məsələyə reaksiya veriləcək. Hesab edirəm ki, hər şey yaxşı olacaq”.

Bu gün verilən bəyanatdan isə belə məlum olur ki, hələlik maaş olmayacaq.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın