Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Fəzail Ağamalı və Əli Əliyevin “Yeni Müsavat” da debatı – VİDEO

Fəzail Ağamalı və Əli Əliyevin “Yeni Müsavat” da debatı – VİDEO

“Yeni Müsavat”ın canlı yayımında seçki debatı keçirildi

11aprelə təyin olunan prezident seçkiləri artıq Azərbaycanın siyasi həyatında canlanmalara, siyasi düşərgələrin, o cümlədən də medianın hərəkətə gəlməsinə səbəb olub.

Biz də bu aktual mövzunu sizlərin iştirakı ilə müzakirə etmək qərarına gəldik. Bunun üçün ölkənin iki tanınan siyasi xadimini “Yeni Müsavat” qəzetinin redaksiyasına dəvət etdik. Millət vəkil, Ana Vətən Partiyasının rəhbəri Fəzail Ağamalı, VİP sədri, prezidentliyə iddiaçı Əli Əliyev qonağımız oldu.

Budəfəki siyasi debatın öncəkilərdən fərqi isə onun “Yeni Müsavat”ın facebook səhifəsi üzərindən canlı yayımlanması oldu. Oxucularımızın suallarının müşayiəti ilə saat yarım boyunca canlı davam edən debatda bir-birindən fərqli suallar, mübahisə dolu fikirlər və arqumentlər səsləndirildi.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə keçirilən debatda oxucuların suallarını onlayn qaydada əməkdaşımız Sevinc Telmanqızı qonaqlara çatdırdı və ilginc bir debat ərsəyə gəldi. “Yeni Müsavat” sizə söhbətin yazılı mətnini, musavat.com isə onun video versiyasını təqdim edir.

Debat zamanı qonaqlarımızı öncə R.Arifoğlu salamladı:

– Artıq Azərbaycanın həyatına prezident seçkisi faktoru daxil olub. Gündəmin bir nömrəli məsələsidir. Sizinlə, eyni zamanda sosial şəbəkə istifadəçiləri ilə bərabər bu mövzunu müzakirə etmək istədik… Fəzail müəllim, bu mövzuya girişi sizdən başlayaq. Artıq bu məsələ müzakirə olunur ki, daha öncədən oktyabr ayına təyin olunan prezident seçkiləri aprel ayına keçirildi, ölkənin həyatında bir canlanma baş verdi və çoxları bunu sensasiya kimi qəbul etdi, bir çoxları isə bunu tərifləyərək, belə olmalı olduğunu dedi. Amma tənqid edənlər də var. Tənqid edənlərdən biri də müxalifət düşərgəsinin təmsilçisi Əli Əliyevdir. İndi bunu müzakirə edək: seçkilərin önə çəkilməsi Azərbaycan üçün nə deməkdir və siz bu məsələyə hansı mövqedən yanaşırsız?

Əli Əliyev: “Bu qərar müxalifətin pərakəndə halda haqlanması, onların 9 aylıq iş planı tutduğu halda, 2 ay ərzində təmərküzləşmə prosesinə getməyə məcbur edilməsidir”

F.Ağamalı:

– Mən sizinlə tamamilə şərikəm ki, Azərbaycan bir ölkə və xalq olaraq son dərəcə bir mühüm tarixi mərhələyə qədəm qoydu. Bu tarixi mərhələnin qarşıya qoymuş olduğu vəzifə prezident seçkilərinin Azərbaycanda keçirilməsidir. Təbii ki, biz 2018-ci ilin prezident seçkiləri ili olacağını düşünürdük. Hər zaman oktyabr ayında prezident seçkiləri keçirilirdi, 5 il tamam olandan sonra həmin aya salınırdı. Bir daha namizədlər özünü bu seçkilərdə sınayır, xalqın etimadını qazanan dövlət başçısı statusunu qazanır, beləliklə ölkədə mühüm bir mərhələ keçirilirdi. Amma indi ölkə prezidentinin sərəncamı ilə seçkilər oktyabr ayından aprelə keçirildi. Bu, zaman məsələsidir, onun üzərində böyük mübahisələr aparmaq, böyük gedişlər etməyə ehtiyac yoxdur. Bu müzakirə mahiyyətə təsir edən bir şey deyil. Mahiyyət aydındır ki, Azərbaycan xalqı 2018-ci ildə özünün prezidentini seçməlidir. Əminəm ki, Azərbaycan xalqının iradəsi ilə bu seçkilər keçiriləcək və prezident adını qazanan şəxs növbəti 7 il ərzində qarşıya qoyulan vəzifələri həyata keçirəcək. Müxtəlif yanaşmalar var aprel ayına keçirmə ilə bağlı. Təbii ki, Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov məsələyə rəsmi mövqeyini bildirdi: nə üçün ölkə prezidenti bu sərəncamı imzaladı?  Əli Həsənov bunu arqumentləşdirdi.

Mən düşünürəm ki, Azərbaycanın bütövlükdə taleyində təkcə dünyada baş vermiş olan yox, regionda, qonşu ölkələrdə baş verən proseslər də öz təsirini göstərdi. Bu, tamamilə normal bir prosesdir. Bütün ölkələr bu cür təsirlərin altındadır və heç bir ölkə təcrid olunmuş deyil. Nəzərə alaq ki, ABŞ-ın Rusiyaya qarşı təhdidləri kifayət qədər ardıcıl və sistemli xarakter daşımaqdadır. Artıq 2018-ci ildən başlanmış olan bu proses Rusiya-Amerika münasibətlərində nələri yaradacaq, hansı kataklizmalara səbəb olacaq, buna birmənalı cavab vermək çətindir. Çünki Putin də kifayət qədər sərt və iradəli görünür. Amerika da super dövlət kimi geri çəkilmək fikrində deyil. Eyni təpki İrana qarşıdır. Obama dövründə İranla Amerika arasındakı münasibətlər müəyyən qədər yumşalsa da, Tramp dövründə münasibətlər fərqli müstəviyə keçib, İrana qarşı təzyiqlər davam edir, İranın daxilində də müəyyən proseslər gedir. Belə olan halda iki qonşu ölkədə bu proseslər gedirsə, həmin proseslərin Azərbaycana da təsiri mümkündür. Bunun üçün bir imkan daxilində Azərbaycan xalqı prezident seçkilərini keçirib, növbəti aylar üçün Azərbaycan prezidentinin rəhbərliyi altında bu və ya digər təhdidlərə, təsirlərə qarşı öz müqavimətini ortaya qoymalıdır. Bu, birinci vacib, əhəmiyyətli səbəbdir. Digər tərəfdən, Azərbaycanın Dağlıq Qarabağ problemi var. Unutmayaq ki, Ermənistan zərrə qədər yaranmış boşluqdan istifadə edib, Azərbaycana qarşı işğalçılıq siyasətini reallaşdırıb. Surət Hüseynov 1993-cü ildə qiyam qaldırandan və Azərbaycanda siyasi böhran ciddi xarakter aldıqdan sonra Azərbaycan torpaqları Ermənistan tərəfindən daha sürətli şəkildə işğal olunmağa başladı. Aprel ayında Ermənistanda yeni hakimiyyət formalaşır, özlərinin müəyyənləşdirmiş olduğu kursa uyğun olaraq Azərbaycanla danışıqlara, ya da Azərbaycana qarşı təxribatlara özlərinin münasibətlərini göstərəcəklər. Azərbaycan isə faktiki olaraq bütün diqqətini oktyabr ayına yönəldirsə, bu potensial prezident seçkilərinə yönəldiyi halda, bu tərəfdən Ermənistanla danışıqların nə dərəcədə intensiv xarakter daşıyacağı sual doğurur.

R.Arifoğlu:

– Yəni siz bu məsələdə beynəlxalq faktor və Qarabağ məsələsi üzərində dayanırsız. Burda Ermənistanla münasibətlər məsələsi və Ermənistandakı mövcud dəyişim – seçkilər də rol oynayır deyə düşünürsüz.

F.Ağamalı:

– Bəli. Ancaq burda bir şey var. Artıq Azərbaycanda aprel ayında seçkilər keçiriləndən və xalqın yüksək etimad bəslədiyi, hazırkı prezident yenidən prezident seçiləndən sonra Ermənistanla daha kəskin, daha ciddi və barışmaz mövqedə duraraq işğal olunmuş torpaqlar məsələsini qoymaq mümkündür. Bu, danışıqlar yolu ilə də ola bilər. Əgər iyun ayına qədər biz danışıqlarda müəyyən sıçrayışlara, addımlara nail olmasaq, Ermənistan buna getməsə, bu ilin iyul-avqust ayı müharibə üçün ən real zəmin yaradacaq. Biz ola bilsin ki, iyul-avqust aylarında Azərbaycan qoşunlarının aprel döyüşlərinin şahidi olacağıq.

R.Arifoğlu:

– Əli bəy, Ermənistan mətbuatında da bununla bağlı bir narahatlıq var ki, Azərbaycan payız ərəfəsində hücuma hazırlaşdığı üçün indidən seçki məsələsini həll etmək istəyir, gündəmi boşaldır. Ermənistan üçün çox gərgin keçəcək mart ayından seçki sonrası dövrə salmaqla bir gərginlik yaradacaq. Amma fərqli fikirdə olanlar da var. O cümlədən də müxalifət şikayətçidir ki, onlara zaman qalmır. Bu düşərgənin təmsilçilərindən olan Əli Əliyevi də dinləyək. Və mən seyrçilər, oxucular və tarix üçün bir arayış verim ki, “Yeni Müsavat” qəzetində iki nəfərin proqnoz və məlumat xarakterli materialı dərc olunub ki, prezident seçkiləri mart, ya aprel ayında olacaq. Bunlardan biri Zahid Oruc, digəri Əli Əliyevdir. Onların hər ikisi bu iddia – öncəgörmələrə görə həmin zaman tənqidlərə məruz qalıblar. Əli bəyi dinləyək: doğrudanmı seçkilərin qabağa çəkilməsi müxalifəti seytnota salır və müxalifət üçün vaxt darlığı yaradır? Bir də imkan olsa, Fəzail bəyin də arqumentlərinə toxunarsız.

Fəzail Ağamalı: “Azərbaycan müxalifəti öz zəifliyini, problemlərini öz daxilində axtarmır. Ən böyük faciə bundan ibarətdir”

Ə.Əliyev:

– Təşəkkür edirəm ki, Fəzail bəy bu qədər mürəkkəb situasiyada bu qərarı əsaslandırmağa çalışdı. Mən düşündüm ki, Şimali Koreya və Venesuelaya da keçəcək. Amma yaxşı ki, İran və Rusiyada dayandı. (gülür)

F.Ağamalı:

– (Etiraz edir) Venesuelanın bura nə dəxli var?

Ə.Əliyev:

– O zaman İranın bura nə dəxli var?

F.Ağamalı:

– Xeyr, İrandakı vəziyyətin bizə çox dəxli var.

Ə.Əliyev:

– Mən sizin fikrinizə hörmətlə yanaşıram və mənim bu məsələyə dair arqumentasiyam var. Hesab edirəm ki, bu qərar YAP-çılar və YAP tərəfdarları üçün də gözlənilməzdir. Mən qərarın əsaslandırılmasını mətbuat vasitəsilə izləyirəm. Kifayət qədər sanballı və hakimiyyəti bu vaxta qədər güclü müdafiə gücünə malik olan şəxslər bu qərarı əsaslandırmaqda çətinlik çəkiblər. Ad çəkmək istəmirəm. Amma bu günə qədər YAP düşərgəsindən olan insanların əsaslandırmaları yetərli deyil.

R.Arifoğlu:

– O zaman siz əsaslandırın.

Ə.Əliyev:

– Yox axı, qərar onlarındır. Mən necə əsaslandırım? Fikrimcə, bu, hakimiyyətin daxilində olan gərginliklərlə, yaxın qonşumuz Rusiyanın seçkidən sonra ayılıb özünə gəlməsi, müxalifətin pərakəndə şəkildə haqlanması, beynəlxalq cameyənin tərk-silah edilməsi ilə bağlı olan qərardır. Hakimiyyətin növbəti dönəmə keçirilməsi üçün YAP-ın bu qərarı qəbul etmiş şəxsləri düzgün qərar qəbul ediblər – özləri üçün. Bu faktorların hamısı, ilk növbədə müxalifətin pərakəndə halda haqlanması, onların 9 aylıq iş planı tutduğu halda, 2 ay ərzində təmərküzləşmə prosesinə getməyə məcbur edilməsidir.

c5849c25-eafe-4836-b372-f05c8634b215.jpg (147 KB)

R.Arifoğlu:

– Əli bəy, bir replika verim. Müxalifət guya 7 ay sonra pərakəndə olmayacaqdı, birləşəcəkdi? O necə olacaqdı?

F.Ağamalı:

– Mən də onu soruşacaqdım.

Ə.Əliyev:

– Mən ümid edirdim ki, müxalifətin bir məsələ ətrafında bir araya gəlməsi üçün ciddi problemi yoxdur. Biz ən azı 2013-cü ildə Milli Şura layihəsinin, 2003-cü ildə böyük birliklərin, 1998-ci ildə, 2005, 2010-cu illərdə müxalifət birliklərinin şahidi olmuşuq. Yəni müxalifətin arasında olan münasibətləri bu cür ümidsiz təqdim etmək yanlışdır. Mən hesab edirdim ki, hələ qarşıdakı illərdə müxalifətin bir məsələ ətrafında, xalqı təmərküzləşmək potensialı qalır. Buna, baş tutmamış bir hadisəyə mənfi münasibətlə qəti fikir bildirmək də düzgün deyil. Ancaq fakt ortadadır, seçki elan edilib.

R.Arifoğlu:

– Ən azı müxalifət komponentlərindən birinin, yəni sizin kifayət qədər vaxtınız olub. YAP-çıların bilmədiyi bir mövzunu bilirdiz. Niyə hazırlaşmırdız?

Ə.Əliyev:

– Kim dedi ki, mən hazırlaşmamışam?

R.Arifoğlu:

– Bəs onda niyə tənqid edirsiz? Əksinə, sevinməlisiz ki, müxalifət komponentləri arasında yeganə olaraq VİP-in seçkilərin apreldə keçiriləcəyindən xəbəri var, gizli hazırlığını görüb. Bu, o deməkdir ki, siz müxalifətdən olan rəqiblərinizi sıradan çıxarmış sayılırsız və düşərgənin tək lideri kimi seçkilərdə iştirak edəcəksiz. Əslində belə başa düşürəm ki, bu qərar sizə də sərf edir.

Ə.Əliyev:

– Əslində bu məsələ ətrafında qərarımız yoxdur. Bu axşam Siyasi Şuranın, sonra da məclisin toplantısı olacaq. Ondan sonra mən artıq rəsmən namizəd olub-olmayacağımla bağlı fikir bildirə biləcəm. Fəzail bəy bayaq dedi ki, bu seçkilərdə elə bir fərq, “tafoot” yoxdur. Amma seçki texnologiyasını bilən, seçki sistemindən xəbəri olanlar bilir ki, misalçün, 90 günlük seçki kampaniyası ilə 60 günlük seçki kampaniyası arasında böyük fərq var. Mən 1998-ci ildə Azərbaycanda 120 günlük seçki kampaniyasının iştirakçısı və təşkilatçılarından biri olmuşam. İndi seçki kampaniyasının normalda 90 günə, növbədənkənar olanda isə 60 günə salınması seçkidə gerçəkdən iştirak etmək istəyən tərəf üçün ciddi problemdir. Biz qanunun tələblərinə görə, 60 dairədən, hər birindən ən azı 50 imza olmaqla, 42-43 min imzanı MSK-ya təqdim etməliyik. Bu işi icra etməyən adamlar bilə bilməz. Amma mən zamanında bunu icra etmiş biri olaraq deyirəm ki, bu, olduqca çətin və titanik bir işdir. Hələ mənə MSK-nın qrafiki çatdırılmayıb. İndi bu dəfə seçkilərdə imza toplamağa nə qədər vaxt ayrılması barədə məlumatsızam. Bu məlumat mənim əlimdə olduqdan sonra daha aydın və dəqiq şəkildə, o imzaların toplanması üçün nə qədər vaxt, resurs, texnika lazım olacaq kimi bir suala cavab axtaracam. Amma sizə deyim ki, 60 gün ərzində Azərbaycan kimi bir ölkədə və Azərbaycanın real müxalifəti kimi resurslardan məhrum edilmiş, kommunikasiyalardan kənarda saxladılmış, heç bir rəsmi quruma buraxılmayan, dövlətdən rəsmi heç bir dəstək almayan siyasi qüvvə üçün belə irimiqyaslı kampaniyanı həyata keçirmək olduqca mürəkkəb və çətin işdir. Bizim hazırlığımız yarım ildən artıqdır ki, davam edir. Biz, ümumiyyətlə, 2013-cü ildən seçkiyə hazırlaşmağa başlamışdıq. Ancaq mayın 28-də keçirilən qurultaydan sonra qərar qəbul etmişik. O qərara əsasən, biz cari fəaliyyətimizi seçkiyə kökləmişdik. Dediyiniz kimi, biz ehtimal edirdik ki, seçki növbədənkənar keçiriləcək. Bu, məlumat yox, analizin nəticəsi idi. Həyat da göstərdi ki, biz haqlı idik. Yəqin ki, seçkiyə qatılmaq qərarımız olsa, çalışacağıq ki, müxalifəti bu seçkilərdə layiqincə təmsil edək.

F.Ağamalı:

– Təbii ki, mənim də Əli bəyin fikirlərinə hörmətim var. Ancaq bir qayda olaraq, Azərbaycan müxalifəti öz zəifliyini, problemlərini öz daxilində axtarmır. Ən böyük faciə bundan ibarətdir. Əgər hər bir siyasi partiya özünün uğursuzluğunu-uğurunu, çətinliklərini, problemləri təhlil edib, nəticə çıxarıb, gələcəkdə ona yol verməmək taktikasını həyata keçirsə, o partiyalar gələcəkdə daha üstün mövqeyə çıxar, uğurları da üstün ola bilər. Deyirsiniz ki, “pərakəndə hala saldırılmış müxalifət”. Saldırılmış yox, müxalifət özü-özünü pərakəndə hala salıb. Əli bəy, axı bu gün müxalifətdə birlik yoxdur. Vaxtilə vardı, siz dediyiniz kimi. Amma yenə də onda “mehriban düşmən” modelində münasibətlər idi. O birliklər də müxalifətə heç bir uğur gətirmədi. Səbəbi nə idi? Çünki sizin qarşınızda olan siyasətçi nəhəng siyasətçi idi. Vaxtilə həmin siyasətçi ulu öndər Heydər Əliyev idi. Təbii ki, Heydər Əliyevin qarşısında o birliklərin heç biri uğur qazana bilməzdi. İndiki zaman kəsiyində, 2003-cü ildən bəri İlham Əliyev sübut etdi ki, Azərbaycandakı ən güclü siyasətçi, dövlət başçısı, ən praqmatik siyasətçi, vətənpərvər prezidentdir. Eyni zamanda o, 2003-cü ildən keçən müddətdə Azərbaycanı regionun lider dövlətinə çevirdi. Bu gün İlham Əliyev dünya çapında sayılıb-seçilən siyasi xadim və dövlət başçısı kimi qəbul olunur, etiraf edilir. Onun həyata keçirdiyi siyasət müxalifətin fəaliyyətini daraldır. Çünki Azərbaycan xalqı nə istəyirsə, bu sosial sifarişlər İlham Əliyevin siyasətində dərhal, bir çox hallarda qabaqlayaraq reallaşdırılır. Müxalifətin də müxalif söz deməyə yeri qalmır. Buyurun deyin, hakimiyyətin içərisində hansı qeyri-müəyyənlikdən danışmaq olar? Bu gün müxalifətin içində birlik yoxdursa, müxalifət çoxqütblüdürsə, biri digərini qəbul etmirsə, bunu özünüzə dərd etməyin. Qüvvələrinizi, potensialınızı cəmləşdirin, gedin seçkiyə…

R.Arifoğlu:

– Yəni Fəzail bəy, siz düşünürsüz ki, prezident seçkilərinin növbədənkənar keçirilməsinin müxalifətin seytnota salınması və daxili amillərlə heç bir əlaqəsi yoxdur?

(davamı növbəti sayımızda)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …