Ana səhifə / Aktual / Fəxriyyə Xələfova pandemiyanın cəmiyyətə təsirindən danışdı: “İnsanlar sadəlikdən uzaqlaşmışdı“

Fəxriyyə Xələfova pandemiyanın cəmiyyətə təsirindən danışdı: “İnsanlar sadəlikdən uzaqlaşmışdı“

“Koronavirus pandemiyasından sonra dünya əvvəlki kimi olmayacaq və istənilən sənaye sahəsi kimi, moda da yeni reallıqlara uyğunlaşmaq məcburiyyətində qalacaq”.

Bu sözləri Yenisabah.az-a Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova deyib.

Modelyer virusun dəbə də çox təsir etdiyini bildirib:

“Koronavirus infeksiyasının yayılması ilə əlaqədar dünyanın üzləşdiyi qlobal problem bütün sahələrə olduğu kimi, dəb aləminə də öz təsirini göstərdi. Virusun yayılmaması üçün bütün ölkələrdə qabaqlayıcı addımlar tətbiq olunur, insanlara evdə qalmaq tövsiyə olunur. Evdə qalmaq o deməkdir ki, sosial fəaliyyətlərimizlə məşğul olmuruq, ənənəvi məşğuliyyətlərimizdən uzaqlaşmışıq, işə, ya dərsə yaxud hansısa ticarət və əyləncə mərkəzlərinə gedə bilmirik. Bu zaman əlavə geyimin alınmasına ehtiyac qalmır. Moda ənənələrinə əsasən kolleksiyalar 2-3 ay əvvəldən təqdim olunur, sonra mağazalarda satışa çıxarılır. İndi böyük ticarət mərkəzləri bağlıdır.

Təbii ki, virus məsələsi dəbə təsir göstərdi. Pandemiya müddətində geyim əvvəlki həcmdə satılmadı, hətta demək olar ki, ümumiyyətlə alınmadı. Bütün mağazalar bağlı idi. Böyük ticarət mərkəzləri istisna olmaqla mağazalar artıq açılmağa başlayıb. Geyimə tələbat hər zaman var və olacaq, amma satışların həcmi ciddi şəkildə azalıb. Pandemiyaya qədər geyimin istehsalı pik həddə çatmışdı, ona görə ki, sürətli dəb prosesi başlamışdı. Geyimə tələbat getdikcə daha da çoxalırdı, insanlar geyimlərini daha tez-tez dəyişmək həvəsində idilər və müxtəlif üslublarda geyimlər əldə etməyə can atırdılar, gecə libaslarına da tələbat olduqca çox idi. İstehsal həcmi zirvəyə qalxmışdı və bu göstəricilər sürətlə və birdən-birə aşağı endi. Bununla əlaqədar olaraq fabrik və istehsal obyektləri geyim istehsalını azaltmağa qərar verib. Dəbə hədsiz həvəs yaranmışdı”.

F.Xələfova pandemiyaya görə məşhur brendlərin də istehsal sahəsini dəyişdiyini qeyd edib:

“Bu prosesə qədər heç birimiz təxmin edə bilməzdik ki, belə bir faktla üzləşəcəyik. Gəlin 6 ay əvvələ gedək. Pandemiyaya qədər müxtəlif tədbirlər, çoxsaylı yığıncaqlar, toylar, şənliklər, ziyafətlər, sammitlər, toplantılar keçirilirdi və bunların bir çoxunda ciddi-dress kod qaydalarına riayət etmək lazım idi. Turizm çox inkişaf etmişdi, turistik stil öz aktuallığını göstərirdi. Səyahətə yollanan insanlar dəbli görünməyə çalışırdı ki, foto çəkdirib sosial şəbəkələrdə paylaşsın. Müxtəlifliyə hədsiz tələbat var idi, insanlar sadəlikdən uzaqlaşmışdı. Xüsusilə xanımlar zəngin və geniş qarderobları ilə seçilirdi. Pandemiya ilə, əlaqədar ən çevik reaksiya dəb aləmindən gəldi. Bütün brendlər istehsalı dəyişdi və maska hazırlamaq prosesinə başladı”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …