Ana səhifə / Aktual / “Fədayə sevgilisi üçün çox əzab çəkirdi” – həbsdəki müğənninin sevgi hekayəsi…

“Fədayə sevgilisi üçün çox əzab çəkirdi” – həbsdəki müğənninin sevgi hekayəsi…

Artıq iki gündür ki, ölkə gündəmini tanınmış müğənni Fədayə Laçının həbsi və olayın təfərrüatları ilə bağlı məlumatlar zəbt edib. Adətən, ətrafındakılara sakit, mülayim, qalmaqallardan uzaq sənətçi təsiri bağışlayan müğənninin gözlənilmədən kriminal aləmlə bağlılığının üzə çıxması həm pərəstişkarlarını, həm də sənət yoldaşlarını şoka saldı.

Hadisələrin gedişatından məlum oldu ki, sənətçi artıq bir neçə ildir ki, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovla sevgilidir. Report.az saytının yazdığına görə, ötən gün Nəsimi Rayon Məhkəməsində müğənni özü bunu etiraf edib.

Lakin Fədayə Laçın özünü məlum qaçış olayında təqsirli bilmədiyini, “Qoca” ilə sonuncu dəfə 2 ay öncə görüşdüyünü deyib: “Etibarın qatardan qaçacağından xəbərim olmayıb. O, bu barədə mənə məlumat verməyib. Sonuncu dəfə onunla iki ay əvvəl görüşmüşəm”.

Qeyd edək ki, Fədayə Laçının sənət yoldaşları artıq sosial şəbəkələrdə, mətbuatda ona dəstək olmağa çalışırlar, bu olayda sənətçinin yalnız sevginin qurbanı olduğunu bildirirlər.

Похожее изображение

Lalə Məmmədova: “Yalnız o, bütün həyatını,

karyerasını fədakarcasına sevgisinə qurban verə bilərdi” 

 

Fədayə Laçını yaxından tanıyan əməkdar artist Lalə Məmmədova musavat.com-a danışaraq sənətçi və onun sevgisi haqqında ilginc açıqlamalar verib: “Allah heç kəsin başına bu cür hadisə gətirməsin. Təbii ki, əgər cinayət işləyibsə, hər kəs qanun qarşısında cavab verməlidir. Amma Fədayə Laçın həqiqətən çox saf, ürəyi təmiz, genişqəlbli bir insandır. Ancaq genişqəlbli insan sevərək hər şeyi gözə ala bilərdi. Sözün düzü bilmirdim ki, onun sevdiyi şəxs kimdir. Amma bilirdim ki, çox əziyyət çəkirdi, kefi yox idi. Arada bizim yazışmalarımız olurdu. Görürdüm ki, vaxtaşırı depressiyaya düşür. Yalnız axır vaxtlar “Nanəli” verilişinə çıxanda o depressiyadan çıxa bilirdi. Yəni özünə qapanmışdı. Bilirdim ki, sevgilisi uzaqdadır. Amma bu sevgi haqqında dərin məlumatım yox idi. Bir qadın olaraq onun durumu ürəyimi ağrıdır. Bir daha qeyd edirəm ki, yalnız o, bütün həyatını, karyerasını fədakarcasına sevgisinə qurban verə bilərdi. Əlbəttə ki, o bir qadın və ən əsası anadır. Bildiyim qədərincə böyük övladı var”.

Картинки по запросу Manaf Ağayev

Manaf Ağayev: “Kriminal aləmdə olsaydı, çoxdan tutulmuşdu” 

 

Sənətçi ilə birgə məclisləri bölüşən müğənni Manaf Ağayev də onun kriminal aləmlə bağlılığına inanmadığını bildirdi: “Fədayə xanım çox ağıllı, mərifətli, məclislərdə özünü apara bilən qadındır. Məclislərdə, tədbirlərdə həmişə bir yerdə olmuşuq. Hələ də bu xəbərə inana bilmirəm. Gözəl xanım, gözəl insan olduğu üçün onun kriminal aləmlə bağlı olduğunu düşünə bilməzdim. Hələ də şokdayam. Onu təxminən 15-20 ildir ki, tanıyıram. Bu illər ərzində onda heç vaxt mənfi xüsusiyyət görməmişəm. Fədayə həmişə el içində, məclislərdə olub. Kriminal aləm hara, o hara? İndiyə qədər nə həbs edilib, nə də tutulub. Birinci dəfə idi ki, belə bir olayı eşidirik. Kriminal aləmdə olsaydı, çoxdan tutulardı”.

Похожее изображение

Faytonçu Nazim: “İstəməzdim onun bu cür halını görüm…” 

 

“Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişyari hələ də olayda yanlışlıq olduğuna inandığını dedi: “Bu xəbəri eşidəndə və oxuyanda əvvəlcə elə bildim ki, yanlışdır. Mən Fədayəni zəhmətkeş bir müğənni kimi tanıyıram. Heç kimlə işi yox idi, həmişə öz işi, sənəti ilə məşğul idi. Bu, mənim üçün açığı çox şok oldu. Yəni, kriminal aləmlə bağlılığı, hansısa məhbusun qaçmasına yardım etməsi və s… Heç vaxt bu cür olayı gözləməzdim. Nə deyim, Allah köməyi olsun. İstəməzdim ki, onun bu cür halını görüm. Çünki Fədayə çox mülayim və zərif bir insandır. Hər şeyi də ürəyinə salandır. Kaş ki, bu olay yanlış olsun və tezliklə Fədayə bizim aramıza qayıtsın”.

Müğənnin bacısı İlahə Fəda musavat.com-a açıqlamasında bacısının saf qəlbli insan olduğunu, sənətçilərin fikri ilə razılaşdığını bildirdi. Lakin bacısı Fədayə Laçının həbsi haqqında hələlik susmağa üstünlük verdiyini deyib: “Onun həbsi ilə bağlı artıq danışmaq istəmirəm. Vaxtı, zamanı gəldikdə açıqlamalar verəcəm”.

Fədayə Laçın ilə uzun müddət duet ortağı olan Tacir Şahmalıoğlunun keçmiş həmkarı haqqında söylədiyi fikirlər isə birmənalı qarşılanmayıb. Sənətçi musavat.com-a açıqlamasında Fədayə Laçının son illərdə düzgün yolda olmadığını, bu səbəbdən də həbsinin onun üçün gözlənilməz olmadığını bildirib.

Qeyd edək ki, dəfələrlə mətbuatda hər iki sənətçinin uzun illər sevgili olduğu, sonralar bilinməyən səbəbdən ayırıldıqları haqda məlumatlar dərc olunub.

Bu arada mətbuatda sənətçinin “Facebook” sosial şəbəkəsində paylaşdığı son statuslar yayılıb. Müğənninin oktyabrın 26-da paylaşdığı “Səni zindanda görən ağlasın”, “Allahım, uzaq və müşgül səfərdə olanların yolunu özün aç, Ya Rəbbim. Sənin məsləhətinə şükürlər olsun”, “Allahım, özün kömək ol, Ya Rəbbim” kimi statusları diqqəti çəkib.

Xatırladaq ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilib və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Məhkəməsinin qərarı ilə sənətçinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …