Ana səhifə / Aktual / “Fədayə Laçının Etibarla görüşməsinə razılıq vermədim”

“Fədayə Laçının Etibarla görüşməsinə razılıq vermədim”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar – “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər – müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Əli Ağami və digər şəxslərin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlər dindirilib.

Penitensiar Xidmətin karol rəisi Taleh Yusifov dustaqları qohumları ilə görüşdürmək müqabilində pul alması ilə bağlı danışıb: “Sadəcə yola vermişəm, bizim işimiz yola verməkdi, bu gün də yola verirəm. Hər adamın öz iş prinsipi var, mən də belə işləmişəm. Amma heç kimdən pul almamışam, heç kimlə alış-verişim olmayıb. Təlimatdan kənar heç bir iş görməmişəm. Gündə 70-80 dustaq qəbul etmişik, çətin vəziyyətdə işləmişik. Komandirimin də həmişə tövsiyəsi bu olub ki, “Taleh, qanunsuz işlərdən uzaq ol”.

Konvoy taborunun digər vəzifəli şəxsləri də şahid kimi ifadə verərək təlimata uyğun olaraq işlədiklərini deyiblər.

Lənkəran Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin rəisi Əlişir Fərəcov ifadəsi zamanı bildirib ki, Etibar Məmmədov məhkum olduğu vaxt etap olunarkən onlara təhvil verilib:  “Ona şərait yaratdıq, ailəsi ilə danışdı. Sonra Fədayə xanım gəlib Etibarla görüşmək istədiyini dedi, razılıq vermədim. O, cəmiyyətdə tanınmış adam olduğunu, rəislə görüşmək istədiyini dedi. Rəislə danışandan sonra onun tapşırığı ilə görüş təşkil etdik. Qadın xeylağı olduğuna görə Fədayə xanımın üstünü yoxlamadıq”.

Hakim bildirib ki, MSY-də F. Laçın üzərində keçirdiyi telefonla Etibar Məmmədovla şəkillərini çəkib.

Hakim şahidə sual verərək oktyabrın 21-də E. Məmmədovu niyə qəbul etmədiklərini soruşub.

Ə. Fərəcov deyib ki, əmrli strukturda işlədiyi üçün rəisinin tapşırıqlarını icra edib:  “Bizim polis rəisi İslam Hümbətov daxili telefonla mənə dedi ki, Etibarın işinə Lənkəranda baxılmayacaq, onun əvəzinə başqa 2 dustaq qəbul edəcəyik. Ona görə də mən siyahıya Etibarın adını yazmadım. Etibarı bizə təhvil vermək istəyəndə hakim Asim Hacıyevin köməkçisi Tofiq Tağıyevlə danışıb dəqiqləşdirmək istədim. Tofiq dedi ki, Etibarın gəlməyi lazım deyil. İslam müəllim sonra mənə dedi ki, Etibarı şöbəyə gətirin, sonra da axşam Bakıya yola salın getsin. Rəis dedi hakim bunla bağlı qərarı yazır, göndərəcək. Biz də onu qəbul etdik, onda da yoxladıq, yola salanda da yoxladıq. Etibarın üzərində pul və ya hər hansı qanunsuz əşya yox idi”.

Hakim bildirib ki, E. Məmmədov Lənkəran və Astara MSY-lərdə olarkən özünün şəxsi telefonundan istifadə edərək başqa şəxslərlə danışması barədə cinayət işinin materialları arasında sübutlar var. Aqil Nəcəfovla oktyabrın 21-də də 18 dəfə, 22-də 36 dəfə danışıq aparıb. Etibar həmin telefonla “raşotka”nın şəklini çəkərək votsapla Fədayəyə göndərib və belə bir açar lazım olduğunu deyib.

Polis rəisi Əlişir Fərəcov və qarovul rəisi Ceyhun Səmədov E.Məmmədovun telefondan necə istifadə etməsi barədə suala cavab verə bilmədiklərini deyiblər.

Hakim qeyd edib ki, hökmdə Lənkəran Rayon Polis Şöbəsində həmin zaman baş verən proseslə bağlı ayrıca qərar çıxarıla bilər.

Proses sentyabrın 10-da davam etdiriləcək.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …