Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Aktual / Fəzail Ağamalı sabiqlərin mülklərinin müsadirəsi təklifində israrlıdır – həmkarından reaksiya

Fəzail Ağamalı sabiqlərin mülklərinin müsadirəsi təklifində israrlıdır – həmkarından reaksiya

Fərəc Quliyev: “Məhkəmə qərarı yoxdursa, mülkə toxunmaq olmaz”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının parlamentin son iclaslarının birində işdən çıxarılan məmurların əmlaklarının müsadirəsi ilə bağlı təklifi maraqla qarşılanıb. Deputat konkret şəkildə Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin və Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlının hər şeyinin əlindən alınmasını təklif edib.

Partiya sədri çıxışında sabiq vergilər naziri Fazil Məmmədovu da sözlərinə “qonaq edib”. F .Ağamalı deyib: “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə 24 min insan şəhid olub. Onlar evini, maşınını satıb ov tüfəngi, avtomat alaraq ermənilərə qarşı döyüşərək şəhid olublar. Şəhid olanların hər birinə 11 min manat birdəfəlik ödəmə verilsə, bu, 264 milyon manat edir. Dövlət büdcəsində müəyyən problemlərin, məhdudiyyətlərin olduğunu bilirik. Cahangir Hacıyevin və Rüfət Aslanlının mülkləri, obyektləri, maşın kolleksiyaları satışa çıxarılsın, həmin mülklərin pulları vətən yolunda şəhid olan insanların vərəsələrinə verilsin. Çünki həmin pullar xalqın, dövlətin puludur. Bu barədə düşünmək vacibdir”.

Deputatın belə bir təkliflə çıxış etdiyi günlər Bakı Dövlət Universitetinin reaktoru Abel Məhərrəmovun işdən qovulduğu və onun ətrafında çoxsaylı iddiaların meydana çıxdığı günlərə təsadüf etdi. F.Ağamalı parlamentin növbəti iclaslarında A.Məhərrəmovun da mülklərinin müsadirəsi barədə təklif verəcəkmi kimi suallar yaranıb. Eyni zamanda deputatın sabiq məmurlarla bağlı açıqlamalarında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, demək olar ki, adını çəkməməsi ilə bağlı da müzakirələr gedir.

F.Ağamalı “Yeni Müsavat”a açıqlamasında barəsində gedən müzakirələrə bu cür aydınlıq gətirdi: “Abel Məhərrəmovun işdən çıxarılmasından sonra onun ətrafında bu cür müzakirələrin aparılmasını məqbul hesab etmirəm. Bir insanın bir səhvinə görə onun üzərinə bu qədər getmək olmaz. O, bir səhv etdi və ölkə prezidenti də bunu bağışlamadı, onu vəzifəsindən uzaqlaşdırdı. Ən azından o, 20 ilə yaxın BDU-ya rəhbərlik edib və kimya sahəsində çox görkəmli bir alimdir. Mən Ziya Məmmədovun adını çəkəndə heç kim çəkmirdi. Necə yəni o, vəzifədən getdikdən sonra çıxışlarımda onun adını çəkmirəm? Hələ o, vəzifədə olarkən üzərinə dəfələrlə getmişəm. Ona qarşı heç kimin söyləmədiyi fikirləri mən söyləmişəm. Açığı, bilmirəm ki, hansı üslubu tapmaq lazımdır ki, məmurlar onlara verilən səlahiyyətlərdən öz məqsədləri üçün istifadə etməsinlər. Etiraf edim ki, indiyə qədər onların ciddi şəkildə ölçü götürmələri üçün bir metod tapa bilmirəm. Çünki hər bir məmurun üzərinə bir polis qoymalı deyilsən ki, görəsən, səlahiyyətlərindən kənara çıxırmı, vəsaiti doğru xərcləyir ya yox və s. Bu, ictimai şüur problemidir. Məmurların hamısı deyil, bəziləri vəzifələrinin məsuliyyətini dərk etmirlər. Prezident seçkilərindən sonrakı təyinatlarla sağlam təfəkkürlü insanların yüksək vəzifələrə gətirilməsi düşünürəm ki, bu cür halları qısa zamanda aradan qaldıracaq. Son təyinatlarla vəzifələrə gətirilən şəxslərlə bağlı korrupsiya, rüşvət halları yox dərəcəsindədir. Bundan sonra imici təmiz insanların vəzifələrə gətirilməsi xoşagəlməz hallardan cəmiyyəti xilas edəcək. Parlamentdəki təkliflərimin həyata keçəcəyinə ümid edirəm. Ümidvaram ki, bundan sonra bu cür hallar olmayacaq”.

Fərəc Quliyev ile ilgili görsel sonucu

F.Ağamalının həmkarı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, bir şəxs haqqında məhkəmə hökmü olmadan qərar verilə bilməz: “Hər bir işdən çıxan şəxs haqqında məhkəmə qərarı yoxdursa, hər hansı bir cinayət hallarına yol verməyibsə, onun mülkünə toxunmaq olmaz. Bir müddət öncə təklif etmişdim ki, korrupsiyaya qurşanmış məmurlar haqqında ölçü götürülüb, cinayət işi qaldırılıb, o vəsaitlər geri qaytarılmalıdır. Milli Məclisdəki son çıxışımda da bildirdim ki, büdcəyə daxil olmalar bölümü hissəsində bir xüsusi qrafa ayrılsın ki, oğurlanmış, talanmış, korrupsiya ilə əldə olunmuş vəsaitlər geri qaytarılırsa, büdcəyə daxil olmalıdır. Həmin vəsaitlər də problemli kreditlərin ödənilməsi, təqaüdlərin və maaşların artırılması ilə bağlı istifadə olunmalıdır. Bir zamanlar cinayətə yol vermiş, korrupsiyaya bulaşmış şəxslərin mülkləri var idi, Bakıda həmin mülkləri sökürdülər. O dönəmdə də təklif etmişdim ki, bu mülkləri söküb dağıtmaq lazım deyil, onları hərraca çıxarıb xaricilərə satmaq, yaxud milliləşdirmək lazımdır. İndiki halda bir məmur işdən çıxarılır, bunun üçün əmlakının müsadirəsi doğru olmaz. Araşdırma aparılmalı, məhkəmə olmalıdır. Əgər sübut olunsa ki, bu əmlak qanunsuzdur, o zaman dövlətin xeyrinə müsadirə olunmalıdır”.

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …