Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Fərda niyə “plagiatlıq” edib?

Fərda niyə “plagiatlıq” edib?

Düz üç gündür ki, Fərdanın üstünə düşüblər: “sən plagiatlıq etmisən”. Onun kimi danışırsan, onun kimi dekorasiya qurmusan, hətta əlini də Cem Yılmaz kimi sağa-sola fırladırsan. Bu məsələdə Fərdanı qınamıram, çünki ölkədəki özəl telekanalların əksəriyyəti plagiat layihələrlə doludur. Ölkənin adamları başdan-ayağa plagiatdır. Gənc qızlar özlərini Selena Qomes kimi aparırlar, 40 yaşdan yuxarılar Robert de Niro kimi gülürlər, Al Paçino kimi yeriyirlər, kriminal uşaqlar Yaponçik kimi dişinin ikisini qızıl edir, onun kimi bədəninə tatu döydürür, müğənniliyə yeni başlayanlar CİN kimi qərb səsləri çıxarırlar. Bizim əksər adamlar özləri olmur. Həmişə nəyisə tez götürüb özündə tətbiq etməyi sevənlərik. Rihannaya oxşamaq üçün dərilərini qaraldırlar, Beyons kimi saqqız çeynəyirlər, Ledi Qaqa kimi çənələrini qabağa uzadırlar. Bunu özlərini tapmayanlar edir. Hələ özünü təsdiq etməyənlər, hələ yaradılışının nə məqsəd daşıdığını anlamayanlar qondarma fizionomik göstəricilərlə qarşımızda peyda olub beynimizi xarab edirlər. Hələ özü tapmayan minlərlə başqa toplum isə onlara “ekstravaqant” adı qoyurlar. O insanlar qocalırlar və sona qədər də özlərini tapa bilmirlər.

Verilişlər də elədir. Özəl telekanallara ciddi, yaxud baxışlı layihə aparırsan. Proqram rəhbəri baxır ki, yaxşı layihədir. Ağzını nırçıldadıb deyir ki, “baxıb deyərik”.. İki-üç gündən sonra başını bulayır ki, “xoşumuza gəlmədi”. Bax onda bilin ki, kserokopiya edib əkişdirib. Üstündə bir balaca əl gəzdirib özünküləşdirir. Ondan sonra ölünü qoyub dirini ağlayırsan. Ya da layihə aparırsan, televiziya işini bilməyən məsləhət görür ki, “Rusiyada, Türkiyədə filan veriliş var, elə onlardan əkişdirib özümüzə veriliş açaq”. İndi əkişdirmək adi hala çevrilib. Bir ara özəl telekanallar lisenziyası olmayan filmləri efirə verirdilər. Bu gün lentinin nəmi qurumayan film həmin ölkədə kinoteatra çıxırdısa, artıq kanallarımızda o film göstərilirdi. İllər keçdi, məsələ ciddiləşdi, daha kinoteata kamera qoyub filmi lentə alıb əkişdirmək yığışdırıldı.

Biri özünü İvan Urqanta bənzədir, biri Cem Yılmaza. Amma burada incə detal nədən ibarətdir. İnsan özünü adını çəkdiyim adamlara oxşada bilər. Burada qəbahət yoxdur. Ona görə yoxdur ki, insan təsir altına düşür və bir də ayılır ki, dönüb olub Mixail Zadornov, ya Semyon Altov, ya da Jvanetski. Bizdə elə yazıçılar var ki, Markes, Eko, Şəfəqin təsiri altındadır. Hər sətrinə elə daxil olublar ki, hələ də o kölgədən çıxa bilmirlər. Özləri olmağı bacarmırlar. Bir də ayılırlar ki, hamının ittiham aktının hədəfinə çevriliblər. Ona görə də vaxtında Hüseyn Arif deyirdi ki, xarici ədəbiyyatı 30 yaşdan sonra oxuyun. O yaşa qədər gənc yazıçı təsir altına düşür.

Məhz bu nöqteyi-nəzərdən Fərdanı qınamıram. O, Cem Yılmazın aşiqinə çevrilib. Ancaq məsələ bundadır ki, Fərda hərəkət və dekorasiyada Cem Yılmazı oxşadır. Mövzular isə özünündür. Danışdıqları Azərbaycana, onun məişət-psixoloji məqamlarına aiddir. Bu cəhət onu deməyə əsas verir ki, Fərda plagiat deyil. Sadəcə, sevdiyi, ideallaşdırdığı şəxsə çox aşiqdir. Bu onun mənfi cəhətidir. Yadınıza gəlirsə, vaxtilə telekanalların birində “Tək səbir” verilişi gedirdi. Orada Fərda azərbaycanlılardan çox danışırdı: “azərbaycanlı xaricdə”, “azərbaycanlı restoranda”, “azərbaycanlı liftdə”. Həmin dövrdə Mixail Zadornov öz ruslarını çox tənqid edirdi. Həm də Zadornov amerikalıların necə kütbeyin olması barədə də monoloqlar söyləyirdi. Onda Fərda da azərbaycanlılar mövzusuna müraciət etdi. Təkcə o yox. Bəzi gənclər başladılar ki, filan şey yalnız Azərbaycanda ola bilər, filan şeyi yalnız Azərbaycanda görə bilərsiz. Zadornov hamını təsir altına salmağı bacarmışdı. Fərda isə sadəcə təsir altına düşür. Amma bütünlüklə Zadornovun, Cem Yılmazın sözlərini kopyalamır. Deməli, bu, plagiatlıq deyil.

Bizimkilər Cem Yılmaz deyib durublar. Yeri gəlsə, Türkiyənin özündə satirik monoloq ənənəsi olmayıb. Əziz Nesinin yaradıcılığını, Kamal Sunalın filmlərini çıxsaq, Türkiyədə bizə nisbətdə satira sıfır dərəcəsində olub. Monoloq ifaçılğı Rusiyaya xarakterik olan janrdır. KVN verilişi də məhz onlarda yaranıb. Yeri gəlmişkən, KVN-nin analoqu yoxdur, MDB məkanının çıxmaq şərtilə əksər ölkələr KVN oynaya bilmir. İndi bir az İsrail KVN hazırlamağa başlayıb, o da SSRİ-dən gedən yəhudi sənət adamlarıdır, görüb-götürüblər.

Fərdaya gəlincə. Monoloq-standapla tamaşaçıları ayrıca yerə toplamaq ənənəsini yenidən dirçəltdiyinə görə ona sağ ol düşür. Amma qardaş, o dekorasiyanı və Cem Yılmaza oxşar jestləri çıxarmasan, hələ çox müzakirə olunacaqsan. Bir balaca dəyişiklik et. Azacıq.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın