Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / İsa Qəmbər: “Zərdüşt Əlizadənin Elçibəyə patoloji nifrəti vardı”

İsa Qəmbər: “Zərdüşt Əlizadənin Elçibəyə patoloji nifrəti vardı”

İsa Qəmbərin tarixə işıq salan məqaləsinə deputat Fərəc Quliyevdən reaksiya: “Rusları Bakıya buraxıb, sonuncu adamına qədər məhv etməli idik”

Azərbaycan Parlamentinin sabiq sədri, MSDM rəhbəri İsa Qəmbər 28 il öncəyə təsadüf edən AXC-nin III konfransı ilə bağlı facebook səhifəsində paylaşdığı tarixi məqalələrinə davam edir. 7 yanvarda İsa bəy ikinci məqaləsini təqdim edib. Bu yazıda da ilk məqalədə olduğu kimi çox ciddi məqamlar var.

Sabiq spikerin məqaləsini ixtisarla təqdim edirik:“AXC-nin lll Konfransının 2-ci günü də çox gərgin şəraitdə keçdi. Əslində gerçək bir xaos vardı zalda. Bunun bir çox səbəbləri vardı, mən ikisini qeyd edim.

Birincisi, o zalda Azərbaycanın ən passionar insanlarının bəlkə 70-80 %-i toplaşmışdı. 70 il susmağa məcbur edilən xalqın nümayəndələri danışmaq və eşidilmək istəyirdi. İkincisi, martda parlament seçkiləri keçiriləcəkdi və ölkəmizdə nüfuz sahibi olan AXC-nin qalib gələcəyi şübhəsiz idi. İflasa uğramış sovet kommunist rəhbərliyi və Moskvadan qorxan Azərbaycan rəhbərliyi bunun qarşısını almağın mümkün yollarını axtarırdılar. Çünki AXC-nin parlamentdə əksəriyyət əldə etməsi Qarabağın müdafiəsi və Azərbaycanın SSRİ-dən ayrılması istiqamətində legitim qərarlar və addımlar demək idi. Bu isə SSRİ-nin parçalanmasını şərtləndirəcəkdi. Bu real perspektivin qarşısını almaq məqsədi güdən kommunistlər üçün ən asan yol AXC-ni parçalamaq, eyni zamanda və ən azı yanlış hədəflərə yönləndirmək idi.

Zərdüşt Əlizadə başda olmaqla, solçular Cəbhədən ayrılaraq sosial demokrat qrupu yaratmaq niyyətində idilər və bunu açıq bəyan etdilər. Əslində bir sıra başlıca məsələlərdə onların yanaşmaları bizim mövqeyə yaxın idi, onlar bizə dəstək versələr proseslərə intellektual yanaşma, hərəkatı dinc yolla parlament seçkilərində qələbəyə aparmaq daha rahat olardı. Amma onlar öz yollarını seçdilər. Onların bu qərarı faktiki olaraq hakimiyyətin Cəbhəni parçalamaq, hərəkatı radikallaşdıraraq repressiyalara yol açmaq planına xidmət etdi. Əlbəttə, Zərdüşt Əlizadənin Əbülfəz Elçibəyə patoloji nifrəti bəlli idi, amma hər halda, onların qərarını impulsiv hesab etmək, hakimiyyətin kursu ilə üst-üstə düşməsini təsadüf kimi qiymətləndirmək çox çətindir.

“Radikallar”ın fəaliyyəti fərqli idi. Onlar lap əvvəldən AXC-ni və konfransı nəzarətə götürməyə çalışırdılar. Hətta 20-30 nəfərlik xüsusi mühafizə dəstəsi təşkil etmişdilər, eyni rəngli (səhv etmirəmsə göy) kostyum geyinmiş bu dəstəyə Rövşən Cavadov rəhbərlik edirdi. Dəstə Etibar Məmmədova tabe idi. Təsəvvür edin ki, onlar hətta bizim zala daxil olmaq və zaldan çıxmağımıza da nəzarət etmək iddiasında idilər. Təbii ki, bu alınmadı və fədakar konfrans nümayəndələrinin sərt mövqeyi bizim toxunulmazlığımızı təmin edirdi.

Zalda dəvət olunmuş və olunmamış xeyli qonaq var idi. Qaragüruhçular da var idi. Onlardan bəziləri səmimi, bəziləri öz kuratorlarının tapşırığı ilə “radikallar”la birgə hərəkət edirdi. Atmosferi tam hiss etməyiniz üçün bir nüansı da yazım: açıq görünməsə də zalda xeyli silahlı adam vardı. Bizim tərəfdarlardan bəziləri də onları dədə-baba qaydasında başa salmağa çalışdılar ki, çox əl-ayaq açmasınlar.

Azərbaycan KP-nın Mərkəzi Komitəsindən də qonaqlar var idi. O dövrdə KP MK-da kifayət qədər intellektual şəxslər də çalışırdı. Onlardan bir neçəsi – professor Rafiq Əliyev, professor Kamal Abdulla və digərləri AXC Konfransının qonaqları idi. Onlardan biri konfransın kuluar söhbətlərində etiraf etdi ki, “bizim üçün ən təhlükəli olan ”liberallar”ın mövqeyidir”. Onları başa düşmək olardı. Çünki bizim mövqeyimiz AXC-nin rəhbərliyi, elmi idarəetməsi, dinc kütləvi hərəkat vasitəsilə xalqın tam qələbəsinə yönəlmişdi.

Konfransın ikinci günü biz yeddilərin daha bir neçə nümayəndəsi çıxış etdi. Onlar mövcud vəziyyəti dəqiq təhlil etməklə, AXC-nin yaxın dövrdə əsas fəaliyyət istiqamətlərini təqdim etməklə mövqeyimizi daha da gücləndirdilər.

Artıq edə biləcəyimizi etmişdik. Qalanı konfrans iştirakçılarının iradəsinə qalmışdı. Məsələ bu idi ki, biz Qarabağı qorumaq və müstəqilliyə nail olmaq üçün hansı addımların atıla biləcəyi, xalqımızı dəyə biləcək zərbələrdən, təhlükələrdən qorumaq üçün isə hansı addımlardan çəkinmək gərəkdiyini aydın şəkildə ortaya qoymuşduq. Etiraf edim ki, konfrans öncəsi bir neçə taktiki variant hazırlamışdıq və variantlardan biri mövqeyimiz qəbul edilməzsə, AXC rəhbərliyindən çəkilmək, başqa bir təşkilat yaratmaq idi. Lakin konfransın gedişində müşahidə etdik ki, nümayəndələrin əksəriyyəti bizim mövqeyə üstünlük verir. Əksəriyyətin mövqeyinə əsaslanaraq biz AXC-dən istefa vermədik, sadəcə olaraq, bəyan etdik ki, yeni İdarə Heyətinə namizədliyimizi irəli sürməyəcəyik. Bununla da mübarizəmizin məqsədinin AXC-də rəhbər vəzifə tutmaq deyil, AXC-nin doğru üsullarla doğru hədəflərə irəliləməsi olduğunu sözdə deyil, əməldə nümayiş etdirmiş olduq”.

Fərəc Quliyev ile ilgili görsel sonucu

AXC-nin təsisçilərindən olan deputat Fərəc Quliyev İ.Qəmbərin fikirlərində həqiqətlərin olduğunu söylədi: “20 Yanvar hadisənin baş verə biləcəyinə gəlincə, ümumiyyətlə, o vaxt toqquşmaların ola biləcəyi nəzərdə tutulurdu. Mitinqlərin dayandırılması ilə bağlı məsələyə gəlincə, biz hesab edirdik ki, sona qədər imperiya üzərində basqılar davam etməlidir. Mən özüm nə ”liberal”, nə də “radikal” qanadların heç birində olmamışam. Birmənalı şəkildə Əbülfəz Elçibəyin yanında idim. Faktiki olaraq orada fraksiyalar var idi. Qərar qəbul edilənə qədər müzakirələr gedirdi və  qərar qəbul olunandan sonra hamı onu icra etməyə borclu idi. Hesab etmirəm ki, Etibar Məmmədov, Nemət Pənahlı və Rəhim Qazıyevin o dövrdəki fəaliyyətini onların birmənalı şəkildə insanları qırğına apardıqları kimi qiymətləndirmək olar. O dövrdə iki fikir var idi, bəziləri düşünürdü ki, çox sərt addımlar atmaq lazımdır, bəziləri də yumşaq addımlarla məsələnin həll edilməsini uyğun sayırdı. O zaman paralel olaraq, Qarabağ savaşı da gedirdi. Biz parlamentdə Azərbaycan ordusunun yaradılmasını təklif etdik və mənim bununla bağlı geniş bir çıxışım oldu. Amma Ayaz Mütəllibov qvardiyanın kifayət etdiyini düşündü. Əslində yumşaq münasibətin tərəfdarı o vaxt hakimiyyətdə olanlar idi. Əlbəttə, İsa bəyin dediklərində çox böyük həqiqətlər var. Konfransda ziddiyyətlər, qarışıqlı ittihamlar kifayət qədər idi. O vaxt olduğu kimi, indi də eyni düşüncədəyəm ki, kimisə xain adlandırmaq, dönük saymaq, satqın kimi qələmə vermək doğru deyil. Sadəcə, insanların məsələlərə fərqli münasibətləri var idi. Tərəflərin heç birini Moskvaya işləmiş, yaxud satqın kimi qələmə vermək düzgün deyil. Bu insanlar sonunda birlikdə nəticə qazanıblar, Azərbaycanın müstəqilliyini əldə ediblər. Xalq Cəbhəsi hərəkatının sonunda bu nailiyyət əldə olunub. Fraksiyaların hər biri ortaya qoyduqları fikirlərə inanırdılar. O dövrdə müxtəlif fikirlərə sahib olan insanların qərəzli şəkildə bir-birilərinin üzərinə gəldiklərini, kimlərinsə sifarişlərini yerinə yetirdiklərini düşünmürəm. Mən ciddi şəkildə müqavimət göstərməyin tərəfdarı idim. Rusları Bakıya buraxıb, sonuncu adamına qədər məhv etməli idik. Bu gün də düşünürəm ki, düşmənə qarşı döyüşərlər. Bu gündən baxanda o dövrdə yanlışlar tapmaq olar, amma unutmaq olmaz ki, o zaman qərarlar qəbul etmək çətin idi”.

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …