Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Ey icra başçısı, bu, nə ədəbsizlikdir axı?

Ey icra başçısı, bu, nə ədəbsizlikdir axı?

Azər HƏSRƏT,
Seymur Verdizadə yaxşı jurnalistdir. Yaxşı dost, yaxşı yol yoldaşı, etibarlı insandır. Medianın üzdə olanlarının hamısı onu tanıyır, dəyərləndirir. Elə bir insan tapılmaz ki, Seymurdan şikayət etsin. Ümumiyyətlə, Seymurdan incimək belə günahdır. Çünki o, sadəcə sadaladığım keyfiyyətlərin daşıyıcısı deyil. Bu dostumuz həm də media etikasını ən yüksək səviyyədə mənimsəmiş, ona əməl edən bir peşəkardır. Yəni Seymur tənqid yazsa belə tənqid obyekti ondan inciyə bilər, amma küsməz. Küsərsə, hələ bir o tərəfə də keçərsə, adamın özündə problem var demək. Özü də belə adamın təfəkküründə problem olması lazım.
Bugünlərdə Seymur bir yazı yazmışdı. Çox adi bir mövzuda idi. Amma Seymurun qələmindən çıxdığı üçün çox oxunaqlı, ürəyəyatan yazıdı. Mən də oxumuşdum. Dostyana tənqid də vardı. Lakin bu tənqidə görə nəinki Seymura irad tutmaq, heç söz demək belə doğru olmazdı. Əlbəttə ki, ədəbi, anlama qabiliyyəti yerində olan adam üçün.
Bu gün səhər öyrəndim ki, həmin yazıda adı keçən Daşkəsən icra başçısı Əhəd Abıyevin yaxınları, hətta müavini Namiq Süleymanov Seymurun evinə qədər zəng edib, ona təhdidlər, təhqirlər yağdırıb. Xeyli heyrət etdim buna. Hətta inanmaq istəmədim. Sonra Seymurla əlaqə saxladım, dəqiqləşdirmə apardım. Seymur olanları təsdiqlədi və konkret telefon nömrəsi də verdi ki, bu nömrədən zəng edilib. Nömrə isə doğrudan da Namiq Süleymanova aiddir. Bunu Seymur ona görə əminliklə deyir ki, həm adamı, həm də nömrəni tanıyır.
Hal belə olunca, əlbəttə ki, mən də biganə qala bilmədim. Bu məsələ şəxsən məni hədsiz hiddətləndirdi. Ancaq yenə də səbrimi basıb qarşı tərəfin açıqlamasını gözlədim.
Açıqlama gəldi. Elə həmin Namiq Süleymanov iddia etdi ki, heç kimə zəng etməyib, özü də bu məsələni araşdıracaqmış.
İnanmaq istərdik. Amma inana bilmirik. Çünki ortada Seymur kimi sözünə güvənilən bir jurnalistin əminliyi, üstəlik də ona gələn zəngin telefon nömrəsi var. Yəqin ki, Namiq adlı məmur bu nömrənin ona aid olduğunu da danmağa cürət etməyəcək.
Nə isə, sözüm bunda ki, Azərbaycan medianın azad fəaliyyəti üçün şəxsən Prezident İlham Əliyevin təminatı və güvəncəsi altında olan bir ölkədir. Yəni biz jurnalistlər məhz rəsmən dostumuz olan cənab Prezidentə güvənərək sözümüzü sərt şəkildə deməkdən çəkinmirik. Lakin bir şeyi də unutmuruq: ən sərt tənqidimizi belə nəzakət və media etikası çərçivəsində qələmə alırıq.
Seymur da bizim kimi düşünən, işləyən, özünün dövlətə sədaqətilə seçilən peşəkar həmkarlarımızdan biridir. Onun yazılarındakı tənqidlər belə hər zaman insana xoş təsir bağışlayır. Yəni Seymurun məramı həmişə xoş olub. Elə Əhəd Abıyev məsələsində də məramı xoş idi.
Di gəl ki, adam bu xoş məramı anlayacaq qədər təfəkkür sahibi deyilmiş ki, Seymurun ailəsinə qədər burnunu dürtməyə cəhd edir. Bu, nə ədəbsizlikdir axı?
İndi Seymurun ailəsinə zəng edib təhdid yağdıran varlığa səslənirəm: sən kimsən də Azərbaycan Respublikası kimi dünyanın ən sabit və media üçün ən əlverişli ölkəsində ən iri çaplı köşə yazarlarından olan Seymur Verdizadəyə qarşı belə tərbiyəsizlik edirsən? Sən bu ölkədə anarxiya olduğunumu sandın? Yoxsa buranı mafiya məkanı hesab edirsən? Bu ölkədə heç kimsə, icra hakimiyyəti məmuru deyil, lap elə nazir olsa belə, sözünü ədəb və əxlaq çərçivəsində deyən, Prezidentə və dövlətə sədaqətilə seçilən jurnalistə dil uzada bilməz!
Seymur kimi jurnalistlər nəfəsi belə bu millətin işıqlı gələcəyi naminə alır! Bunu anlamaq sizin kimilər üçün çətin olar, bilirəm. Amma ən azından tərbiyə həddini aşmamalısınız! Adamın ailəsinə dil uzatmaq? Seymuru təhdid etmək? Başına atmı təpdi, adam, sənin?!

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …