Bazar , Fevral 24 2019
Ana səhifə / Aktual / “Exchange”lərin açılması yenidən gündəmdə – qanun dəyişir

“Exchange”lərin açılması yenidən gündəmdə – qanun dəyişir

Ekspert: “Bir valyutadəyişmə məntəqəsinin açılmasına 150 min manata yaxın ilkin vəsait lazımdır”

Azərbaycanda valyutadəyişmə məntəqələrinin açılışı asanlaşır. Belə ki,  “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunur. Dəyişiklik valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur.

Qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti, indiki halda ölkə prezidenti ilə razılaşdırmalı idi. Təklif olunan dəyişikliklə bu məsələ aradan qaldırılır.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” Qanuna 2017-ci il aprelin 25-də edilmiş dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növüdür. Bu işlə banklar və milli poçt operatoru (“Azərpoçt” MMC) ilə yanaşı, fiziki şəxslər də məşğul ola bilərlər.

2015-ci ilin dekabrında baş verən manatın ikinci devalvasiyasından sonra ölkədə əhali arasında dollar ajiotajı daha da gücləndi. İnsanlar kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tutaraq dollar almağa çalışdılar.

Nəticədə  manata olan tələbat bir qədər də azaldı və yerli valyutanın ucuzlaşması  üçün şərait yarandı. Belə olan təqdirdə çıxış yolu kimi ölkədə valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edildi və həmin ilin yanvar ayından etibarən bu məntəqələrin fəaliyyəti rəsmən dayandırıldı.

Valyutadəyişmə məntəqələri bağlandıqdan sonra “qara bazar”lar aktivləşdi. Daha sonra hökumət “qara bazar”larla mübarizəyə başladı. 2017-ci ildə manatın sabitləşməsindən və ölkəyə turist axınının başlamasından sonra valyutadəyişmə məntəqələrinin açılması məsələsi də gündəmə gəldi. Həmin ilin aprel ayında Milli Məclisin plenar iclasında “Valyuta tənzimi haqqında” Qanun müzakirə edilərək, qəbul olundu. Deputatlar bildirdilər ki, valyutadəyişmə məntəqələrinin açılması vacibdir. Qanunun qəbulu ilə bu məntəqələrə nəzarət əvvəllər olduğu kimi Mərkəzi Banka deyil,  Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırıldı. Daha sonra isə məntəqələrin açılması prosesi müəmmalı şəkildə uzadıldı. Hələ də valyutadəyişmə məntəqələri açılmayıb.

Rəsmi statistikaya görə, ötən illərlə müqayisədə Bakıya axın edən turistlərin sayında artım var. Lakin bunun müqabilində şəhərdə yalnız  Nizami küçəsində olmaqla, bir “exchange” fəaliyyət göstərir. Turistlər gətirdikləri xarici valyutanı yalnız banklarda dəyişə bilirlər. Şənbə və bazar, o cümlədən də bayram günlərində isə banklar işləmir. Ekspertlərə görə, bütün bu səbəblərə görə valyutadəyişmə məntəqələrinin açılmasının qarşısını alan buxovlar aradan qaldırılmalıdır.

Bəs valyutadəyişmə məntəqələrinin açılmasını yalnız yuxarıda göstərilən prosedurmu önləyir?

Natiq Cəfərli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əslində valyutadəyişmə məntəqələrinin açılmasının qarşısını alan səbəblər çoxdur: “İlk olaraq qeyd edim ki, valyutadəyişmə məntəqələri ilə bağlı qərarın verilməsində problem var idi. Çünki o zaman bu məntəqələrin bağlanması ilə bağlı qərar veriləndə, sona qədər düşünülməmişdi. Devalvasiyalarla əlaqədar panika yaşanırdı. Çox zaman valyutadəyişmə məntəqələrində qiymətlərin tez-tez dəyişməsi, bunun da insanlara yan təsirləri olduğunu deyirdilər. Halbuki  bu səbəb yox, nəticə idi. 4 minə yaxın insan bu məntəqələrin bağlanmasına görə işsiz qalıb. Sonradan isə valyutadəyişmə məntəqələrinin açılması ilə əlaqədar qərar verilən zaman qanunda çox sərt şərtlər qoyulmuşdu. Bu, təkcə prezidentin təsdiqi məsələsi deyil. Eləcə də 50 min manatlıq və ya 50 min dollarlıq ilkin depozit şərti də mövcuddur. Həmçinin valyutadəyişmə məntəqələrinin özünün müxtəlif təhlükəsizlik qaydalarına cavab verməsi üçün avadanlıqlarla təchiz edilməsi şərti var. Təqribən bu da 100 min manata başa gəlir. Buradan demək olar ki, bir valyutadəyişmə məntəqəsinin açılmasına 150 min manata yaxın ilkin vəsait lazımdır. Bu hal isə insanlar, əsasən də fiziki şəxslər üçün o qədər də cəlbedici deyil. Kiçik sahibkarlar da bu şərtlərlə işləyə bilmirlər. Çünki depozitə qoyulan 50 min vəsaitin geri çəkilməsi halı da mümkün deyil. Həmişə həmin pul orada zəmanət kimi qalmalıdır ki, valyutadəyişmə məntəqəsi çalışsın. Qaydaların bu hissəsinə də dəyişiklik edilməlidir ki, bu məntəqələrin açılması insanlar üçün cəlbedici olsun. Ən azından şəhərin mərkəzi hissələrində valyutadəyişmə məntəqələrinin sayının çoxalması həm də turistlər üçün daha yaxşı nəticə verə bilər”.

Onu da qeyd edək ki, valyutadəyişmə məntəqələrinin açılmasında əsas əngəl kimi göstərilən depozit məsələsi Milli Məclisdə də müzakirə edilib. Müzakirə zamanı ilkin depozit kimi 5 min manatın olması təklif edilirdi. Lakin sonradan qərar qəbul edilən zaman bu rəqəm 50 min manat və ya 50 min dollar müəyyənləşdi.

Həmçinin oxuyun

Xoşqədəm məhkəməni uddu — Nazilə Səfərli üzr istəyib təzminat ödəyəcək

Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb. Azinforum.az …