Ana səhifə / Aktual / Ev ala bilməyən alimlərlə AMEA arasında qalmaqal davam edir

Ev ala bilməyən alimlərlə AMEA arasında qalmaqal davam edir

Alimlər üçün tikilən binadan ev ala bilməyən elmi işçilərlə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi arasında gərginlik bir neçə aydır ki, davam edir.
Daha öncə də xəbər verdiyimiz kimi, bir qrup elmi işçi AMEA-nın Rəyasət Heyətinin müvafiq göstərişi ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyasının qərarından narazı qalıblar. Alimlər AMEA-nın qarşısında aksiya keçirib, müvafiq qurumlara şikayət ərizəsi ilə müraciət etdikdən sonra mənzillərin bölüşdürülməsi komissiyasının tərkibi dəyişdirilib. Lakin yeni yaradılan komissiya da alimlərin problemlərini həll etməyib.
Məsələ ilə bağlı hüquqlarının pozulduğunu bildirən 50-dən çox elmi işçi musavat.com-a müraciət edərək, öz şikayətlərini bildiriblər: “54 ailəyə mənzil verdilər, yerdə qalanları isə 2 kateqoriyaya böldülər. Uzun-uzadı şikayətlərdən sonra AMEA qərara gəldi ki, xüsusi komissiyanın tərkibini dəyişsin və belə də oldu. Həmin komissiya iclas çağırsa da yenə də problemi həll etmədi və evsizlər üçün heç nə dəyişmədi. Onu da qeyd edək ki, müqaviləyə görə 114 nəfərin hər birinə 65 kvadratmetrlik ev veriləcəkdi. Ancaq həmin bina hazır olduqdan sonra mənzilləri satışa çıxardılar. Həmin binada yox, başqasından 75, 80, 100 kvadratlıq mənzilləri bir qisim alimlərə payladılar. Bizə isə yuxarıda da qeyd etdiyimiz kimi, heç bir köməklik etmədilər. Bizimlə tikinti başlayan zaman bağlanan müqaviləyə gəlincə isə AMEA rəhbərliyi bildirir ki, bunun heç bir əsası yoxdur. Deyirlər ki, bu müqavilə akademiyanın əvvəlki rəhbərliyinin dövründə imzalanıb, ona görə də leqal hesab etmirik. Bildirirlər ki, yalnız son 4-5 ildə akademiyada işləyənlərə mənzil verəcəyik, yerdə qalanlara isə heç bir mənzil verəsi deyilik. Doğrudur, hazırda alimlərin yataqxanası sökülməyib. Ancaq məsələ orasındadır ki, ətrafda tikilən binaların sahibləri gec-tez o yataqxanaları sökdürəcəklər. Çünki narazılıq edirlər ki, yataqxananın divarı bizim eyvanımıza dirənib. Yataqxana sökülən zaman 50-dən çox ailə evsiz qalacaq. Bu 50-dən çox ailənin içərisində məişət şəraiti pis olan xeyli sayda insan var. Onlar nə etməlidirlər? Biz yenə də şikayətlərimizi davam edəcəyik. Ümid edirik ki, pozulmuş hüquqlarımız bərpa olunacaq”.
Elmi işçilər bildiriblər ki, hazırda yataqxanın həyətindəki layihə üzrə nəzərdə tutulan 4 ədəd 16 mərtəbəli binanın yerində 5 ədəd 16 mərtəbəli bina tikilib və təhvil verilib: “Yataqxananın təxminən 3-4 metrə qədər yaxınlığında tikilən yeni binaların inşası zamanı 5 il müddətində bütün hüququqlarımız pozulub. Bu müddət ərzində tikintinin toz-torpağı və səs-küyündən, inşaat zamanı baş vermiş  qəzalardan əziyyət çəkmişik. Acınacaqlı vəziyyətdə yaşadığımız yataqxana mənzilləri Günəş işığının qarşısının tam alınması səbəbindən  yarıqaranlıq şəraitdə və daim rütubətli olduğundan, yaşayış üçün Ümumdünya İnsan Haqları Bəyannaməsində qəbul olunmuş heç bir sanitar normalarına uyğun gəlmir. Bu gün biz ziyalılar məmur özbaşınalığının qarşısında çox aciz qalmışıq. Hesab edirik ki, dünyada ən ağır dərd valideynin uşaqlarının qarşısında aciz durumda qalması və ona dikilmiş sual dolu baxışlardan gözünü qaçırmağa çalışmasıdır. Biz bu gün bu təhlükə ilə üz-üzə qalmışıq və çıxış yolumuz yoxdur. Bütün bunlarla əlaqədar aidiyyətı orqanlara dəfələrlə müraciət etsək də, AMEA rəhbərliyi və tikinti şirkətinin özbaşınalığı bu gün də davam etməkdədir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın