Şənbə , Aprel 20 2024
Ana səhifə / “Evə 11-dən gec gəlmirik, amma deyirlər ki, filankəs bunları saxlayır”

“Evə 11-dən gec gəlmirik, amma deyirlər ki, filankəs bunları saxlayır”

Əkiz bacılar və “Xəzər” telekanalında yayımlanan ən reytinqli verilişlərdən olan “Hər şey daxil”in aparıcıları Sevil və Sevinc bacılarının müsahibəsini təqdim edirik:

-Eşitdiyimizə görə, payızda fərqli Sevil-Sevinci görəcəyik…

-Düzdür, payızda yeni bir verilişə hazırlaşırıq və tamaşaçılar bizi qlamur obrazda görəcəklər.

-Yenilik və dəyişikliklərə meylli aparıcılarsınız. Hətta birmənalı qarşılanmayacağını bilə-bilə efirdə manat cırdınız. Tənqidlərə açıqsınızmı?

-Sevinc: Tənqidlərə normal baxırıq və düşünürük ki, tənqidlərdən nəticə çıxarmaq lazımdır. İnsan hər zaman hər bir işdə özünü günahkar saymasa irəli gedə bilməz. Fikirləşirəm ki, hər bir insanın səhv etməyə haqqı var. “Uşaq idik, uşaqlıqdan irəli gəlirdi” demirəm. Çünki, səhv etməyin yaşı yoxdur. İnsan 60 yaşında da səhv edə bilər, 25 yaşında da. Hər birimizin başına gələn hadisədir. Ən əsası etdiyin səhvlərdən nəticə çıxarmaqdır. Manatı cırandan sonra tənqidlər bir yana, bizi təhqir edənlər oldu. Amma elə bu gün də sosial şəbəkədə bizi təhqir yazanlara heç nə yazmırıq. Sadəcə qara siyahıya atırıq. Çünki, bizdə hansısa ailənin övladıyıq. Anam da, qardaşım da sosial şəbəkədə var. Atam da var idi…Bizə yazılanları ailəmiz də oxuyur.

– Amma sosial şəbəkədən də görürük ki, sizə təhqir yazanlarla yanaşı, sevənlərinizin da sayı çoxdur…

-Sevinc: Elədir, amma təəssüflə deyirəm ki, bu gün gündə müğənnilərə “ortalıqda qalan” kimi baxırlar. Deyirlər ki, müğənnidir də, ondan hər şey gözləmək olar. Bəlkə də bizim tərbiyəmiz o bizə şərh yazan insanın tərbiyəsindən qat-qat üstündür. Bizim valideynlərimiz bizi böyütməyib ki, kimsə gəlsin təhqir etsin, aşağılasın, ağzına gələni yazsın. Axı siz bizim içimizi bilmirsiniz. Biz evə 11-dən gec getmirik. Amma qıraqdan baxanda min söz deyirlər: “ay buna filankəs pul xərclədi, ay bu filankəslə görüşür… O insanlara demək istəyirəm ki, Allah göydən baxır. Sən mənə nə edirsənsə, Allah əvəzini verəcək. Elə sözlər deyəndə sadəcə susub, Allaha həvalə edirik.

– Görürəm ki, Allaha inamınız çoxdur…

-Əlbəttə, Allahın qismətinə inanırıq. İnanclı olmaqla yanaşı, insan ağıllı da olmalıdır. Əgər bir insan satıcılıqdan başlayıb, hansısa bir pilləyə gəlib çıxırsa, deməli o ağıllı insandır. Əgər bir insan, heç nəyi olmadan gəlib, bir zirvəyə yüksəlirsə, deməli bu Allahın qismətidir. O insan ki, qazandığı imkanlarını bahalı avtomobillərə, xaricdə istirahət etməyə sərf etmirsə, gələcəyini düşünürsə, deməli doğru edir. İnsan öz gələcək həyatını düşünməli, gələcəkdə övladları korluq çəkməsin deyə öz maddi imkanlarından düzgün istifadə etməlidir.

-Verilişinizə bahalı avtomobilləri olan, imkanlı müğənniləri dəvət edirsiniz, yoxsa necə…?

-Sevinc(red-gülür) Xasiyyətimiz fərqlidir, başqa müğənnilərə bənzəmirik. Efirə dəvət etmək, evinə dəvət etmək kimi bir şeydir. Kimisə yalandan efirə dəvət edib üzünə gülə bilmərəm. Biz belə tərbiyə almışıq. Biz təkcə aparıcı deyilik, həm də müğənniyik. Hər müğənnini də dəvət etmirik. Əgər xoşumuza gəlməyən müğənni o verilişə gələcəksə, üzümüz gülməyəcək. Əslində, düzünə qalsa, bizdə müğənni o qədər də çox deyil ki, deyək ki, filankəsləri görmək istəmirik. Şou-biznes aləmində barmaqla sayılası qədər müğənnilər var. Müğənnilər var ki, nə görmək istəyirik, nə də danışmaq. Fikirləşirəm ki, onları görmək istəmirəmsə, niyə verilişimə çağırım?!

-Küsülü olduğunuz müğənnilər çoxdurmu?

-Sevinc: 2-3 nəfər var da… Əslində bizim çalışdığımız sferada bu mümkündür. İnsan hamını sevmək məcburiyyətində deyil. Məni hamı sevə bilməz. Amma danışmadığım müğənnilərin adını çəkmək istəmirəm. Həyat insana elə zərbələr vura bilər ki, sən bu gün danışmadıqların, haqqında xoş sözlər demədiyin insanlarla sabah üz-üzə gəlib, danışmağa məcbur ola bilərsən. İnsanların gözündə iyrənc görünmək istəmirik, ikiüzlülükdən həmişə uzağıq.

– Amma sizin üzünüzə gülüb, arxada sizə paxıllıq edən müğənnilərin olduğunu inkar etmirsiniz…

-Sevil: Elələri var, tədbirlərə gedəndə bəzi müğənnilərin bizə qısqanclıqla yanaşdığını görürük. Bu səhnədə illərlə əziyyət çəkən insanlar var. Kisələrlə bu sahəyə pul tökən insanlar var. Amma nadir, barmaqla sayılası insanlar var ki, çox az pulla bu sahəyə gəlib. Heç kəsin köməyi olmadan, heç kimin tapşırığı olmadan, heç kimin cibini güdmədən kanallara çıxmaq, kliplər çəkdirməyi hər müğənni bacarmır. Əsas odur ki, tamaşaçı sevgisini qazanmışıq. İllərlə əziyyət çəkib bu sevgini qazanmayan varsa, bizə qısqanclıqla yanaşa bilər. Qısa müddət ərzində sevilən 5-6 müğənni varsa, onun içərisində bizim adımızda da sayılır. Biz bununla fəxr edirik. Bəlkə də mənim bu sözlərimi yekəxanalıq kimi qəbul edəcəklər. Amma düz deyirəm. Biz bu gün çox əziyyət çəkirik. Heç bir müğənni 2 saat səhər efirini aparıb, axşam da tədbirlərə qatılmır. Toy olur, şənlik olur, klip çəkilişləri və s. yoruluruq. Yorulmadan işləyiriksə, buna qısqanclıqla yanaşa bilərlər. “Yeni ulduz”dan sonra çox əziyyət çəkdik.

-Yeni ulduz demişkən, müğənni İzzət Bağırov deyir ki, bu günkü müğənnilər SMS-lə, MMS-lə gəlib bu yerə çıxıb…

– Minlərlə gənclərimiz var ki, “Yeni ulduz” müsabiqəsindən tutmuş, “O ses Türkiyə” yarışmasına qədər gedib çıxıb. Əgər insanın içərisində naxış varsa, qismətində varsa, müğənni olacaq. Nə olursan ol, o sənin qismətindədir. İzzət Bağırov düzgün demir, çünki o başa düşmür ki, bugünkü gündə SMS yarışmaları çoxdur. Hər zaman vurğulayıram ki, SMS yarışmaları bizim gənclərimizin qol-qanadını qırır. Çünki 1 aylıq yarışmadan sonra məşhurluq sevdasına düşürlər və elə bilirlər ki, bundan sonra bütün kanallar onlara dəstək olacaq. Müsabiqədən sonra iştirakçı yox olur və hər şeyin istədiyi kimi olmadığını görüb depressiyaya düşür. Belə şeyləri nəzərə alaraq, SMS yarışmalarını sevmirəm. Belə baxanda barmaqla sayılacaq müğənnilər var ki, onlar yarışmadan ortaya çıxıb. Elə İzzət özü də yarışmadan çıxıb. Sadəcə onun vaxtında SMS yox idi (red-gülür). Əgər səndə naxış varsa, qismətində varsa, nə olursan ol, sevilən müğənni olacaqsan.

-Atanız rəhmətə gedəndə kim sizin başınıza sığal çəkdi?

-Barmaqla sayılası qədər insanlar yanımızda oldu. Tolik başda idi. Röya Ayxan və Xəyyam Nisanov da bizi tək qoymadı. Bu 3 insan bizim yanımızda oldu. Başa düşdüm ki, bir insanla gündə görüşməklə deyil, əsas dar gündə yanında olmaqdır. Tolik bu günü özündə də bizim üçün deyir ki, “onlar mənim qızımdır…”. Röya Ayxanla ayda bir dəfə görüşsək böyük bir şey idi. Amma yanımızda oldu. Ona görə də gündə öpüşüb-görüşdüyün insan yox, insanı qəlbdən sevən insanlar olmalıdır.

-Röya Ayxan demişkən, müğənni kimi fəaliyyətə başlayanda sizi Röya Ayxana çox bənzədirdilər…

-Sevinc: Böyüklərin yeri bizim üçün tam başqadır. Düzdür, bizi Röyaya bənzədirdilər. Bu əslində çox yaxşı bir hal idi. Bu bizə çox böyük dəstək oldu. Çünki, “Yeni ulduz” müsabiqəsinə çıxanda deyirdilər ki, orada qıvrım saç, sarı, cılız qızlar var, Röyaya bənzəyirlər. Bu normal idi. Amma bugünkü gündə bənzətmirlər. Çünki artıq öz yerimizi tutmuşuq. Hər bir müğənninin öz yeri var. Kiçiyindən -böyüyünə kimi.

-Sevil: Əvvəllər başlayanda baxırdım müğənnilərə Allaha üzümü tutub, deyirdim ki, ay Allah mən çoxlu pul istəmirəm. Yetər ki, mən ifa etdiyim mahnıları mənimlə yanaşı tamaşaçılarım oxusun. Bizim çəkdirdiyimiz kliplər rekordlar qırsın…Hanısısa tədbirə gedəndə mahnı oxuduğumuz halda heç kim məni vecinə almadı deməyim. Tədbirlərə gedirik, hamı bizimlə şəkil çəkdirir. Bu gün o məşhurluğu qazanmışıq, amma indi düşünürük ki, pul qazanmaq vaxtıdır( red-gülür)

-Pul qazanmaq üçün bir çox müğənnilər kimi Türkiyə şou-biznesinə qatılmağı düşünürsünüzmü?

-Sevil: Gələcəyi bilmək olmaz, bəlkə sabah ərə getdim. Ümumiyyətlə heç oxumağa icazə vermədilər və məndə evimdə oturub yeməyimi bişirdim. Əgər o insan, mənim ailəmi və övladlarımı saxlaya biləcəksə, mənim işləməyimə ehtiyac olmayacaqsa, sözsüz ki, qəbul edərəm. Mənim övladlarım gələcəkdə çətinlik çəkməyəcəksə, hər bir şeylə təmin olunacaqsa, pul lazım olmayacaqsa, bu sənətdən gedərəm. Ailəmi seçərəm, işimi ataram. Gedib xanım-xatun kimi evdə oturaram, bişirib-düşürərəm, ərim də evə gələndə hər şey hazır olar.

-Sevinc: Təbii ki, mən də ailə həyatı qurmağı düşünürəm. Ailəyə çox bağlı olan biriyəm.

-Geyimlərinizi kim seçir?

-Sevinc: Elə bir geyim mağazasından geyinirik ki, gecə libasları çox az olur. Libas olan da əynimizə olanı tapa bilmirik. Sevaya deyirəm ki, gəl başqa mağazaya müraciət edək. Tez sevinir, deyir “ölləm səninçün”… Mən paltar seçib qurtarandan sonra görürəm ki, Seva başqa bir geyim seçib alır. Mənə deyir ki, tədbirlər çoxdur da geyinərik. Deməli, mən seçəni bəyənmir, öz seçdiyini geyinməyimizi istəyir. Bir qışqırmaq qışqırıram…Təbii ki, Seva məndən incimir. Bizim küslüyümüz 2 dəqiqədən artıq çəkmir.

-Elə 2 dəqiqə fərq ilə də doğulmusunuz deyəsən…

-Sevinc: Mən 2 dəqiqə ondan böyüyəm. Elə çəkidə də Sevildən böyüyəm(red-gülür). Mən 53 kiloyam, o isə 51. Haradasa 2 kilo arıqlamalıyam. Bütün günü demək olar ki, yemək və çörək yemirəm. Ancaq, meyvə və su. Pəhriz saxlamaq üçün dietoloqa da müraciət etməmişik. Özümüz belə qərara gəlmişik. Bu pəhrizlə 2 həftəyə 4 kilo arıqlaya bilmişəm.(big.az)

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın