Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Aktual / ETSN-nə qarşı “köhnələrin” “səlib yürüşü”: Rəhbərlik niyə hədəfdədir?

ETSN-nə qarşı “köhnələrin” “səlib yürüşü”: Rəhbərlik niyə hədəfdədir?

Azərbaycanda istənilən məmurun vurulmasının ən asan yolu tapılıb. Hansısa səbəbdən bir-birini bəyənməyən kadrlar digəri barədə mətbuatda qarayaxma kampaniyası başladır və beləcə, “qara siyahı”ya salınan məmurlara qarşı “səlib yürüşü”nün ardı-arası kəsilmir.

Ən maraqlısı isə odur ki, bu “səlib yürüşü”nün arxasında dayananlar adətən yarıtmaz fəaliyyətilə Prezident İlham Əliyevin qəzəbinə tuş gəlib vəzifəsindən uzaqlaşdırılan köhnə komandanın üzvləri olurlar. Görünür, onlar Mirzə Cəlilin məşhur təbirilə desək, “Bəlkə də qaytardılar” xam xəyalına qapılır, yeni qüvvələrə qarşı amansız mübarizəyə çalışırlar. Məqsədləri özlərinin hakimiyyəti illərində törətdikləri cinayətləri ört-basdır etmək, yeni komandanın da onlardan fərqli olmadığı qənaətini yaratmaqdır. Bu yolla özlərini cinayət məsuliyyətindən xilas etmək arzusu da məlum kampaniyanın başlıca səbəblərindən biri ola bilər”.

Ovqat.com-un e-mail adresinə göndərilən məktubda belə deyilir.



Adını açıqlamayan müəllifin bildirdiyinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni komandası da “köhnə”lərin hədəfinə çevrilib: “Yol verdikləri korrupsiya faktları və ağacların kəsilməsindən yığdıqları rüşvətə görə cinayət məsuliyyətinə cəlb olunan, məhkəmədə bir-birinin üzünə dirənib ağır ittihamlarla çıxış edən bu ünsürlər indi də ETSN-nin yeni komandasını hədəfə alıblar. Əsas hədəfləri isə nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovdur. Namik müəllimi nədə ittiham etsələr yaxşıdır? Qeyd edirlər ki, o, hansısa tanınmamış ali məktəbin və ya texnikumun meşə təsərrüfatı fakültəsini yox, İqtisadiyyat Universitetinin maliyyə fakultəsini magistr üzrə bitirib. İndisə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 3-cü təhsilini alır. Bu adamlar anlamırlar ki, nazirlik idarəetmə orqanıdır. Orada işləmək üçün hansısa ixtisasın bilicisi yox, idarəetmə qabiliyyəti tələb olunur. Hətta nazirliyin idarə etdiyi sahələrin tamamilə başqa ixtisas sahiblərinə verilməsi idarəçilikdə subyektiv halları minimuma endirmək üçün daha optimal yol sayılır. Çünki müvafiq strukturda işləyənlər illərlə çalışdıqları insanlarla daha rahat cinayət əlaqələrinə girib korrupsiya ilə məşğul ola, vəzifələrə özünə yaxın adamları gətirə bilərlər. Bu sahəyə tamamilə yad birisinin isə belə bir şansı azdır. Dövlət idarəçiliyndə kadrların liderlik bacarığı düzgün iş prinsipi əsasında vəzifə səlahiyyətlərinin icrası üçün kifayətedici amil sayılır. Təsadüfi deyil ki, Avropa ölkələrindən bir çoxunda Müdafiə nazirlərinı xanımlardan seçirlər. Halbuki o xanımlar əsgəri xidmət belə keçməyiblər. Sadəcə dövlətin müdafiə siyasətinə uyğun idarəetmə metodu hazırlayıb yürütdüklərindən hərbi strukturun da təsiri altına düşmürlər.

Azərbaycan Prezidenti də məhz bu metodologiyanı daha uyğun görərək bir çox nazirliklərin idarəçiliyini ixtisas sahibi olmayan, amma idarəçilik qabiliyyəti yüksək kadrlara tapşırıb. Məsələn Kənd Təsərrüfatı naziri və onun demək olar ki, bütün komandası hüquqşünas və ya iqtisadçılardan ibarətdir. Amma onlar ASAN Xidmət kimi beynəlxalq brendimizə çevrilmiş bir qurumu yaradaraq, məmur süründürməçiliyinin qarşısını kəsdilər və topladıqları idarəçilik təcrübəsi ilə KTN-nin daha yaxşı idarə olunmasına nail oldular.

Eyni sözləri ETSN barədə də demək olar. Nazir Muxtar Babayev də ən müxtəlif strukturlarda özünü doğrultduqdan sonra bu vəzifəyə gətirilib. Konkret olaraq Namik Xıdırova gəldikdə isə, bu şəxs də uzun illər ölkənin müxtəlif təşkilat və müəssisələrində işləyib. Özü də kadr kimi yüksəlişə adi bir işdən – “Bilal” Mənzil Tikinti Kooperativində mühasib vəzifəsindən başlayıb. 2006-2009 –cu illərdə bu işini uğurla davam etdirən Namik müəllim 2011-2015-ci illərdə Dövlət Sosial Müdafiə Fondundunun Xətai Rayon şöbəsində məsləhətçi, 2015-2018-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin Daxili audit sektorunda baş məsləhətçi, Maliyyə sektorunun müdiri işləyib. Ən xırda vəzifədən sektor müdirliyinə qədər yüksələn Xıdırov ETSN-nin yeni rəhbərliyi tərəfindən 2018-ci ildə qurumun Audit Şöbəsinin müdiri vəzifəsinə dəvət olunub. Nazirlikdəki fəaliyyəti qənaətbəxş hesab edildiyindən iki il sonra Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə irəli çəkilib. 2020-ci ilin aprel ayında bu vəzifəyə təyinat aldıqdan sonra onun barəsində aramsız ittihamların mətbu orqanlarda dərcinə şahid oluruq. Halbuki, bu müddət Azərbaycanda bütün strukturların işləyə bilmədiyi dövrdür. Həmin dövrdə ölkəmizdə tətbiq olunan pandemiya karantini bitməmiş 44 günlük müharibə başladı və bütün diqqətlər bu problemə yönəldi. Acınacaqlı haldır ki, Namik müəllim də məhz həmin ağır dövrdə “köhnə komanda”nın, daha dəqiq desək, 5-ci kolonun basqıları ilə üzləşdi. Ona qarşı yürüdülən əsassız və mənasız ittihamlar yada məşhur atalar sözünü salır: “Barlı ağaca daş atarlar””.

Müəllif daha sonra qeyd edir ki, Namik Xıdırovun barəsində irəli sürülən digər iddia hansısa meşədə ağac kəsənlərin layiqli cəzalandırılmamasıdır: “Halbuki, kimin layiqli cəzalanıb-cəzalanmasını müəyyənləşdirmək ETSN-nin səaliyyətinə daxil deyil. Bütün nazirliklər kimi ETSN-nin də vəzifəsi hökumətin bu sahə ilə bağlı hazırladığı siyasətlərin yerinə yetirilməsidir. Bu sahədə cinayət hadisəsi varsa, onu cəzalandırmaq birbaşa məhkəmənin və hüquq mühafizə orqanlarının işidir. Meşələrin qırılması ilə şikayət varsa onlara edilməlidir”.

Ovqat.com-un sorğusunu cavablandıran hüquq elmləri üzrə fəlsəfə doktoru Rafael Qasımov da müəllifin son fikirləri ilə razılışır. Hüquqşünasın fikrincə, Cinayət Məcəlləsinin 259-ci və 260-cı maddələri məhz bu əmələ şamil olunur: “Bu maddələrə görə, qanunsuz ağac kəsən şəxsi cinayətinin həcminə və intensivliyinə görə pul cəriməsindən tutmuş 7 il azadlıqdan məhrumetməyə qədər müxtəlif cəzalar gözləyir”.

Həmçinin oxuyun

“Kadr seçimində peşəkarlıqla yanaşı, sədaqətlilik də olduqca önəmlidir” – RƏY

“Həmişə olduğu kimi, Azərbaycan Ordusunun rəhbərliyində həyata keçirilən kadr dəyişiklikləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. …