Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Etimad Əsədov belə dəfn olundu – FOTOLAR, VİDEO

Etimad Əsədov belə dəfn olundu – FOTOLAR, VİDEO

Rauf Arifoğlu: “Ona demişdim, ”a bəxtəvər, nə zaman ölsən, şəhidsən…”; Rey Kərimoğlu: “Kimsə onu əvəzləyə bilməz”

Oktyabrın 16-da səhər  ağciyər xərçəngindən əziyyət çəkən Qarabağ Qazilər Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib. Mərhumla vida mərasimi “Yeni Günəşli” qəsəbəsindəki evində keçirilib. Yas mərasimində Qarabağ qazisinin döyüş yoldaşları, ölkəmizin tanınmış siyasətçiləri iştirak ediblər.

Mərhum günün ikinci yarısında yaşadığı ünvandan Azərbaycan himninin oxunması ilə son mənzilə yola salınıb və “Fatmayı” qəbiristanlığında torpağa tapşırılıb.

 “Yeni Müsavat” Media Qrupunun rəhbəri, mərhumun həbsxana yoldaşı Rauf Arifoğlu onun ölümünə bu köşəni həsr edib: “Etimadın özündən əvvəl ayağının biri şəhid olmuşdu. Yerinə protez taxırdı. Onu da bəzən balış, bəzən də silah kimi istifadə edərdi. ”Ayağını” çıxardıb, başının altına qoyub, yatdığı günləri xatırlayıram. Bu barədə o uzaq illərdə yazmışdım. Sonra günün birində məhkəmə iclasında protezini çıxartdı, hakim Mənsur İbayevə və digər hakimlərə atdı. Tək deyildi, hakimlərə biz də nə gəldi, tolazlayırdıq; dəmir qəfəsdə 7 nəfərdik, tərkibimiz baş nazir, deputat, redaktor, partiya sədri, dövlət müşaviri … titullu insanlardan ibarət idi. Türmədəydik, Allahın yazısını və sınağını bərabər yaşayırdıq. İbayev bizi növbəti dəfə əsəbiləşdirmişdi və əlimizdə nə var, tolazlayırdıq hakimlərin oturduğu kürsüyə. Su butulkası, stəkan, ayaqqabı. Bax, o anda dəmir tellərin arasından ayaq şəklində bir protez Mənsur İbayevin düz qarşısına düşdü. Etimadın şəhid ayağını əvəz edən protez elə bir səs elədi ki… İbayev və hakimlər qaçdılar…

Bu olaydan sonra bizə suyu cirə ilə verdilər – butulkalar yığışdırıldı. Bizim dəmir qəfəslə hakimlərin arasına da mühafizə qoydular. Onların gözü Etimadın silahında idi – birdən çıxardar, atar ayağını, İbayevi yaralayar, hökm çıxardammaz…

O isə bizim sevimli Qazimizdi.

Dəli-dolu, haqsızlığa dözümsüz, Mənsur İbayevə daha dözümsüz…

İbayev sağdır, hər halda, amma Etimad bugünkü durumu ilə ondan daha diridi.

… Bayıl həbsxanasında 13 ay bərabər olduq. Bütün müddəti təkadamlıq kamerasında qaldı. “Kimsəyə yük olamam, mənə belə rahatdı”, deyirdi…

6 aylıq bir məhkəmə dönəmi vardı. Yuxarıda yazdığım olay həmin zamanlarda baş verdi. İş bitdiyi üçün həbsxanadakı rejim nisbətən yumşalmışdı. Şənbə-bazar, məhkəmə olmayan günlər və məhkəmədən sonrakı 20 gündə yeməyimizi bərabər yeyərdik. Sabahları yeməyi bərabər hazırlardıq. “Qlazok”u Etimad hamıdan yaxşı bişirərdi. Sonra da gəzinti üçün nəzərdə tutulan yerdə bərabər günümüzü keçirərdik. Bax, o zamanlarda Etimad protezini çıxardıb qoyardı başının altına və eləcə də yatardı.

Yastığı öz ayağı idi…

Şəhid ayağının ardınca getdi. Etimadın tamı, bütün cismi vətən uğrunda şəhid oldu…

Orada ona demişdim, “a bəxtəvər, nə zaman ölsən, şəhidsən…”

Şəhidlər ölməz ki…”.

Mərhumun digər həbsxana yoldaşı, Ümid Partiyasının sədri İqbal Ağazadə qısa bir status paylaşıb: “Başın sağ olsun Vətən, Qarabağ! Baş qazimiz Etimad Əsədov vəfat etdi”.

Müsavat başqanı Arif Hacılı isə həbsxana yoldaşının ölümü ilə bağlı keçirdiyi hissləri bu cür ifadə edib:“Etimad Əsədov  ərazi bütövlüyü uğrunda döyüşlərdə ayağını, seçki saxtakarlığına qarşı mübarizədə azadlığını itirmişdi. Amma mübarizəsini dayandırmamışdı. Qarabağ qazilərinin hüquqları, Azərbaycanda hüquqi dövlət, azad cəmiyyət quruculuğu uğrunda sonadək vuruşdu… Allah rəhmət eləsin!”

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu “Yeni Müsavat”a bunları deyib: “Ona baş qazi deyirdik. Qazilərimizin hüquqlarının müdafiəsi istiqamətində əvəzsiz işlər görürdü. Bizim üçün onun itkisi çox ağırdır. Azərbaycanın hər tərəfindən onun yas mərasiminə gəlirlər. Etimad Rusiya vətəndaşı ola-ola gəlib ölkəsində döyüşdü, sağlamlığını itirdi. Son bir neçə ayın içərisində ağır xərçəng xəstəliyinə düçar oldu. Ölümündən öncə danışıqlarımız olurdu. Tapşırıqlarını verirdi. Son 3-4 gündə danışmırdı, səhhəti çox ağırlaşmışdı. Həm də özü yanına kimlərinsə gəlməsini istəmirdi. Demişdi ki, kimsə yanıma gəlməsin, uşaqlar məni bu şəkildə görməsinlər. Sadəcə, vəsiyyət edib ki, dəfnimdə bayraq olsun, himnimiz oxunsun. Onun vəsiyyətini yerinə yetirdik. Etimad əvəzsiz insan idi, kimsə onu əvəzləyə bilməz. Allah rəhmət eləsin”.

Cavanşir ABBASLI,
FOTOLAR, VİDEO Elçin ƏKBƏROVundur

“Yeni Müsavat”

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …