Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Ermənistanın internet qorxusu – Ölkənin internet təminatı Azərbaycanın nəzarətinə keçə bilər

Ermənistanın internet qorxusu – Ölkənin internet təminatı Azərbaycanın nəzarətinə keçə bilər

Ermənistanın internetlə təminatı Azərbaycanın nəzarətinə keçə bilər. Ermənistan mətbuatında bu məsələ ciddi şəkildə müzakirə edilməyə başlayıb.

Ermənilərin təşvişə düşməsinə səbəb Gürcüstanın ən iri internet-rabitə magistral kanalının sahibi olan “Caucasus Online” şirkətinin səhmlərinin satışa çıxarılacağına dair yayılan məlumatlardır. 

Ermənistan qorxur ki, sözügedən şirkətin səhmlərini Azərbaycanı təmsil edən hansısa müəssisə, şirkət ala bilər. Və bu zaman Ermənistanın internetlə təminatı, ümumilikdə bu sahəyə nəzarət Azərbaycanın əlinə keçər.

Qeyd edək ki, Ermənistanın internet trafikinin 80 faizi Gürcüstan vasitəsilə həyata keçirilir. Qara Dənizin dibi ilə çəkilən optik kabelin sahibi olan “Caucasus Online” şirkətinin əsas səhmdarları isə Avropada qeydiyyatda olan gürcü əsilli iş adamlarıdır. Ermənistan tərəfi bu şəxslərin asanlıqla Azərbaycan tərəfi ilə razılaşacağından ehtiyat edir.

Ermənistanın internet trafikinin 20 faizi isə İranla əlaqədardır. Lakin İran istiqamətində Ermənistan sadəcə tranzit ölkə rolunu oynayır. Bu baxımdan Gürcüstandan keçən və Ermənistanı internetlə təmin edən əsas optik kabel strateji əhəmiyyət kəsb edir.

Ermənistan tərəfinin narahatlığına Gürcüstanın İqtisadiyyat nazirinin müavini Nikoloz Alavidze cavab verib. Nazir müavini regionun həssaslığı nəzərə alınaraq, sözügedən şirkətin səhmlərinin satışının hökumət tərəfindən nəzarətdə saxlanılacağını, bu prosesin şəffaflığının təmin ediləcəyini bildirib.

O, qeyd edib ki, “Caucasus Online” hökumətin razılığı olmadan səhmlərinin 5 faizindən artığını ikinci tərəfə sata bilməz. Yəni alıcı seçimi zamanı hökumətin mövqeyi mütləq nəzərə alınmalıdır. Hökumət isə regiondakı bütün prosesləri, həssaslığı nəzərə alaraq, yalnız geniş ictimai müzakirələrdən sonra qərar qəbul edəcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …