Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ermənilərin qanunsuz fəaliyyəti ilə bağlı peyk görüntüləri BMT-də təqdim edildi

Ermənilərin qanunsuz fəaliyyəti ilə bağlı peyk görüntüləri BMT-də təqdim edildi

BMT-nin Cenevrə Bölməsində Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin Sülh Universiteti ilə birgə “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfrans təşkil edib.

Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbiri açan Azərbaycanın daimi nümayəndəsi Vaqif Sadıqov tədbirin məqsədlərini açıqlayaraq, münaqişə zonalarında qeyri-qanuni fəaliyyətin insan hüquqlarına təsirindən danışıb.

Tədbirin həmtəşkilatçısı olan BMT-nin Sülh üzrə Universitetin rektoru Dr. Fernando Roxas Aravena açılış nitqi ilə çıxış edərək, sülhün olmadığı halda inkişaf və tərəqqinin olmayacağı və qeyri-qanuni fəaliyyətlərin artacağını vurğulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açılış nitqində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində bu ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərin həyata keçirildiyi, resurslardan qeyri-qanuni istifadə edildiyi və məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulduğunu qeyd edib. Bu xüsusda, bir sıra praktiki nümunələrə diqqəti çəkərək İsveçrənin tanınmış şirkəti “Frank Müller”, eləcə də “Airbnb” şirkətinin qanunsuz fəaliyyətlərindən bəhs edib. O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlər münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir və münaqişənin uzanmasına xidmət edir. O, eyni zamanda Azərbaycanın münaqişə ərazilərində qeyri-qanuni fəaliyyətlər mövzusunun inkişafına və aktuallaşmasına fəal surətdə töhfə verdiyini vurğulayıb.

Konfrans İtaliya, İsveçrə, Niderland, Böyük Britaniya və Azərbaycandan müvafiq ekspertlərin iştirakı ilə iki işçi sessiya şəklində keçirilib. Tədbir zamanı həmçinin Anqola, Azərbaycan, Konqo Demokratik Respublikası və Syera Leonedə sözügedən sahədə mövcud olan vəziyyət bu ölkələrin nümayəndələri tərəfindən işıqlandırılıb.

Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və onun insan hüquqları üzərində təsirlərinin aradan qaldırılması ilə bağlı mövcud beynəlxalq hüquqi çərçivənin müzakirəsinə həsr edilmiş ilk sessiyada məruzəçilər tərəfindən Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələr, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı, işğal olunmuş ərazilərə qeyri-qanuni pul köçürmələri, insanların məskunlaşdırılması və digər məsələlər ilə bağlı fikilər səsləndirilib.

Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı üçüncü tərəflərin öhdəliklərinə həsr edilmiş ikinci sessiyada isə məruzəçilər tərəfindən işğal olunmuş ərazilərdə yaradılan qeyri-qanuni rejimlərin tanınmaması ilə bağlı digər ölkələrin məsuliyyət daşıdığı qeyd edilib. Bu sessiyada “Azərkosmos” ASC tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı ölkə Ermənistan tərəfindən qeyri-qanuni iqtisadi fəaliyyətin aparılması, ətraf mühitə ziyanın vurulması, meşələrin yandırılması və s. nümayiş etdirən peyk vasitəsilə çəkilmiş görüntülər təqdim edilib. Bu işçi sessiyada münaqişə zonalarında maddi-mədəni irsin dağıdılması məsələsi də müzakirə olunaraq, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan izinin silinməsi istiqamətində məqsədyönlü şəkildə siyasətin aparıldığı barədə məlumat verilib.

Tədbirdə Cenevrədəki BMT bölməsi yanında akkreditə olunmuş daimi nümayəndəliklər, mövzu üzrə tədqiqat aparan beynəlxalq hüquqşünaslar və qeyri-hökumət təşkilatlarından olan 120-dən artıq nümayəndə iştirak edib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …