Ana səhifə / Aktual / “Ermənilərin Naxçıvanı tərk etməsinin Qarabağ olayları ilə heç bir əlaqəsi yoxdur” – Akademik İsmayıl Hacıyev

“Ermənilərin Naxçıvanı tərk etməsinin Qarabağ olayları ilə heç bir əlaqəsi yoxdur” – Akademik İsmayıl Hacıyev

Bu günlərdə Münhen diskusiyasında Prezident İlham Əliyevlə debatda ağır siyasi məğlubiyyətə uğrayan Ermənistanın baş naziri Paşinyan, erməni mətbuatında da sərt tənqid olunmaqdadır. Azərbaycan Prezidentinin dəmir məntiqi və tarixi faktları qarşısında aciz qalan Paşinyan çıxış yolunu heç bir tarixi gerçəkliyə söykənməyən əsassız ittihamlar irəli sürməkdə görürdü ki, bunlardan biri də Naxçıvanda vaxtiylə çoxlu sayda erməninin yaşaması və onların guya Qarabağ problemi fonunda “vətənlərindən” qovulmasıdır. 

Moderator.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan bölməsinin sədri, tarix üzrə elmlər doktoru, akademik İsmayıl Hacıyev, Paşinyan və eləcə də digər ermənilərin Naxçıvanla bağlı iddialarının tarixi həqiqətlə daban-dabana zidd olduğunu vurğuladı: 

“Bu yaxınlarda İranda olan ermənilər də bəzi saytlarda bu cür fikirlər səsləndirmişdilər. İddia etmişdilər ki, guya Naxçıvan Ermənistan torpağıdır. Halbuki, Naxçıvan ərazisinə ermənilər əsasən 1828-ci ilin Türkmənçay sülh müqaviləsindən sonra köçürülüb. Sonralar general olan polkovnik Lazaryanın rəhbərliyi ilə Cənubi Azərbaycanın Ərdəbil, Maku, Xoy və Sərab ərazilərindən erməni ailələri Naxçıvana gətirilərək burada məskunlaşdırıldı. Bu səbəbdən də 1917-ci ildə Naxçıvanda əhalinin təxminən 34%-i erməni olub. Ancaq onlar bura məqsədli şəkildə, qeyd etdiyim kimi sonradan köçürülüb. 

Buradakı ermənilər Ermənistandakı ermənilərlə birlikdə Naxçıvanda azərbaycanlılara qarşı qırğınlar törətdilər. Andranik və digər erməni quldurları bununla azərbaycanlıları öz dədə-baba yurdlarından qovmaq istəyirdi. Təbii ki, ermənilər bu cür qətliamlar həyata keçridiyi üçün azərbaycanlılar da onlarla mübarizə aparmağa məcbur oldu. Yəni bunun Qarabağla heç bir əlaqəsi yoxdur. Nə Naxçıvana ermənilərin köçürülməsi, nə də buradan getmələri ilə Qarabağ olayları arasında hər hansı əlaqə mövcud deyil. 

Münhen debatında ölkə başçısı İlham Əliyev Paşinyanın bütün iddialrına tutarlı cavablar verdi, onu öz arqumentləri ilə darmadağın etdi”. 

İ.Hacıyev sovet dönəmində Dağlıq Qarabağa muxtariyyətin verilməsi məsələsinə də toxundu: 

“Ermənistanda 600 min, Gürcüstanda isə 500 min azərbaycanlı var idi. Əgər muxtariyyət vermək lazım idisə, onlara verərdilər, amma verilmədi. Niyə onlara yox, məhz Dağlıq Qarabağdakı ermənilərə muxtariyyət verildi? 

Ölkə Prezidenti düz dedi, 1921-ci il iyulun 3-də Qafqaz bürosu bu məsələni müzakirə edib. Onun 7 üzvü olub. Müzakirələrin birinci günü 4 nəfər Qarabağın ermənilərə verilməsinin lehinə, 3 nəfər isə əleyhinə səs verib. Həmin vaxt Qafqaz bürosunun sədri Orconikidze idi. 

Nəriman Nərimanov məsələ ilə bağlı Leninə müraciət edib. Leninə bildirib ki, əgər Qarabağ ermənilərə verilsə, Azərbaycan heç vaxt Rusiyanın tərkibində olmayacaq. 

Leninin göstərişindən sonra ayın 4-də məsələyə bir də baxıblar. Qərar belə olub ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Diqqət edin, “verilsin” yox, “saxlanılsın” ifadəsi işlədilib. 

Ermənilər bildirdi ki, əgər Azərbaycan Naxçıvan və Şəruru onlara versə, o zaman onlar Qarabağ və Zəngəzura olan iddialarından əl çəkərlər. Onların əsas məqsədi Naxçıvanı və Şəruru əldə etmək idi. Ermənilər bu gün də deyirlər ki, Naxçıvansız və Şərursuz Ermənistan yaşaya bilməz. 

1918-ci ildə Ermənistan yarananda onun birinci baş naziri olan şəxs 1923-cü ildə Bolqarıstanda çıxışı zamanı bəzi həqiqətləri dilə gətirdi. Onun ingilis, rus, türk və erməni dilində çıxan “Bolşeviklərə bir şey qalmadı” kitabında yazır ki, biz Naxçıvan və Şərura hücum elədik. Qırğın törətdik, kəndləri yandırdıq, əhalini öldürdük, zor tətbiq etdik. Lakin bununla belə Naxçıvana sahib ola bilmədik. Məğlub olduq və geri çəkildik. Əgər Naxçıvan Ermənistan torpağı olsaydı, o zaman niyə onlar Naxçıvana hücum edib burada qırğınlar törədirdilər? 

Bu və bu kimi çoxsaylı faktlar göstərir ki, Naxçıvan heç vaxt ermənilərin vətəni olmayıb. Onlar bura sonradan, siyasi məqsədlərlə köçürülüb və daha sonra azərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıqlara cavab olaraq, bu ərazini tərk etməyə məcbur olub. Həqiqət bundan ibarətdir və bu həqiqəti Prezident İlham Əliyev Münhen debatında aydın və tutarlı faktlarla ortaya qoydu”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …