Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Erməni nazir ordumuzun Naxçıvanda mövqe irəliləyişini rəsmi təsdiqlədi…

Erməni nazir ordumuzun Naxçıvanda mövqe irəliləyişini rəsmi təsdiqlədi…

Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycan Ordusunun Naxçıvan istiqamətində irəlilədiyini etiraf edib. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, müdafiə nazirinin işlətdiyi ifadələr bunu sübut edir.
Tonoyan jurnalistlərə açıqlamasında bunları deyib: “Rəsmən bəyan edirəm ki, Azərbaycan Ordusu Naxçıvan istiqamətində 1 millimetr də “irəliləməyib”. Onlar mövqelər arasındakı məsafəni azaldıblar. Onların irəliləyişini nəzərə alaraq, yaranacaq təhlükəni neytrallaşdırmaq üçün biz də müəyyən tədbirlərə əl atmışıq”.
Göründüyü kimi, Ermənistanın müdafiə naziri hansısa hərbi terminləri işlətməklə diqqəti məsələnin əsl məğzindən yayındırmağa çalışır. Onun “Onlar mövqelər arasındakı məsafəni azaldıblar” kimi ifadə işlətməsi ordumuzun deyilən istiqamətdə irəliləməsinin sübutu sayıla bilərmi?

Hərbi ekspert, istefada olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə  bildirdi ki, Ermənistan müdafiə nazirinin bu bəyanatı informasiya təhlükəsizliyi baxımından son günlərin ən ciddi fiaskosudur: “Düşmən düşərgəsində indiyədək qazanılmış bütün önəmli uğurların təməl sütunları haqqında kifayət qədər dolğun təəssürat yaradır. Məsələ burasındadır ki, Ermənistanda siyasi rəqabətin mütləq qaydada əsas prioriteti işğal olunmuş Qarabağ torpağı ilə bağlıdır. O üzdən, bütün ictimai-siyasi hadisələrin gedişini məhz bu torpaqların gələcək taleyi müəyyənləşdirir.
İndiyədək Ermənistan iqtidarında təmsil olunanların siyasi karyerasına nəzər salsaq, burada daxili və xarici güclərin eyni məxrəcdə birləşdiyini açıq-aydın görərik. Çünki xüsusilə erməni lobbisinin əsas diqqət mərkəzi Azərbaycan torpaqlarında ikinci erməni dövlətini qurmaq niyyəti üzərində təmərküzləşib. Təsadüfi deyil ki, bu sırada qeydə alınan hər bir uğursuzluq ən ciddi siyasi tənəzzül kimi dəyərləndirilir, maliyyə dəstəyinin kəskin azaldılması ilə nəzərə çarpır və heç vaxt olmamış kimi nifrət dolu etirazlarla qarşılanır. Yəni xüsusilə xarici güclər məhz onların dəstəyi ilə iqtidara gətirilmiş siyasi elitaya etimadı itirirlər. Bu isə, öz növbəsində, siyasi etimadın dalana dirənməsi anlamına gəlir”.

Hərbi ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti, ümumiyyətlə, torpaq məsələsi ilə bağlı ən kiçik uğursuzluğu belə var gücü ilə gizlətməyə çalışır: “Bunun ideal nümunəsinə biz hələ aprel döyüşləri zamanı şahidlik etmişik. Onlar baş verənlərin əsl mahiyyətini gizlətmək üçün uzun müddət dəridən-qabıqdan çıxdılar. Ancaq, obrazlı desək, fakt daşlaşmış həqiqətdir.
Bu mənada, Tonayanın son bəyanatı da müəyyən qədər bizim xeyrimizə işləyən belə uğursuz cəhdlərdən biridir. Tərəfimizdən ordumuzun müvafiq istiqamətdə irəliləməsini növbəti dəfə təsdiq edən sübut kimi dəyərləndirilir.
Fikrimin birmənalı qarşılanmayacağını nəzərə alıb, bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Məsələ burasındadır ki, özünümüdafiə instinkti özünütəsdiqin ən ümidsiz, ən perspektivsiz yoludur. Azərbaycan Ermənistan iqtidarını buna vadar etməklə, həm də onun siyasi dayaqlarını, bir növ, parçalamış olur, ictimai-siyasi fikri xaotik məcraya yönəldir, erməni əhalisinin Qarabağ məsələsilə bağlı yekdil rəyini şaxələndirir, ümumi mövqeyi parçalamaqla bu və digər uğursuzluqları gələcək uğurlarımıza xidmət etməyə yönləndirir, nəhayət, informasiya təhlükəsizliyi sahəsində ciddi irəliləyişlərə imza atmış olur. Bu bizi Qarabağa aparan ən mükəmməl yoldur”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …