Cümə , Avqust 23 2019
Ana səhifə / Aktual / Erməni diasporu Makronu Azərbaycanla münasibətlərdə pis vəziyyətdə qoyan bəyanat verdi…
Mandatory Credit: Photo by Isopix/REX/Shutterstock (6431854o) Emmanuel Macron European Parliament Meeting on poverty, Brussels, Belgium - 19 Oct 2016

Erməni diasporu Makronu Azərbaycanla münasibətlərdə pis vəziyyətdə qoyan bəyanat verdi…

Son vaxtlar Azərbaycanla Fransa arasında münasibətlərin daha da yaxşılaşması erməniləri ciddi narahat etməyə başlayıb. Fransada fəaliyyət göstərən erməni diasporunun rəhbərlərindən olan Ara Toranyan son zamanlar Fransa ilə Ermənistanın münasibətlərində yaranan sərinlikdən narahatlığını ifadə edib.

Diaspor rəhbəri Fransanın Azərbaycanla hərbi sahədə etdiyi əməkdaşlıqdan dərin narahatlıq keçirdiyini bəyan edib: “Fransanın Azərbaycana silah satması onun neytrallığını şübhə altına qoyur. Çünki həmin ölkə Minsk Qrupunun həmsədridir”. Erməni diasporu bir qədər də irəli gedərək, Makronu şantaj edib. Diaspor sədri deyib ki, guya Makron onlara Azərbaycana silah satmayacağına dair söz verib: “Çünki həmin silah “Artsax”a və ermənilərə qarşı işlənəcək. Biz istərdik ki, Makron verdiyi vədə əməl etsin. Toranyan deyib ki, bu mövzu hələ qapanmayıb: “Biz Makronu ermənipərəst siyasətçi kimi tanıyırıq. Əminik ki, bütün mümkün olanları edəcək ki,  həm Fransa, həm də Ermənistan üçün məqbul olsun”.

Göründüyü kimi, Fransadakı erməni diasporunun rəhbəri, faktiki olaraq, Makronu açıq şantaja məruz qoyur. Bununla bağlı Fransanın rəsmi dairələri, ölkələrdə olan səfirləri hansı bəyanatı verməlidirlər?

  • Yeganə Hacıyeva: “Fransada erməni diasporu nə qədər güclü olsa da, həqiqətin, faktların qarşısında aciz duruma düşüb”

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransadakı diaspor fəalının verdiyi açıqlama olduqca ziddiyyətlidir: “Sanki Fransanın üzərinə bir haqq qoyulur. Bu da azmış kimi, Fransanın Prezidenti təhdidə məruz qalır. Guya o, Ermənistana söz verib ki, Azərbaycana silah satmayacaq. Tamamilə yalan və absurd yanaşmadır. Makron belə sözü nə vaxt verib ki, biz onu eşidə bilməmişik? Ermənilərin narahatlığının səbəbi məlumdur. Son vaxtlar Fransada onlara zərbə sayıla biləcək qərarlar qəbul edilib. Söhbət Fransa məhkəmələrinin separatçı rejimlə bağlanan “müqavilələri” ləğv etməsindən gedir. Bundan əlavə, Fransanın qeyr-neft sektorunda çalışan ən böyük şirkətləri Azərbaycanla əlaqələr qurmaqda maraqlı olduqlarını göstərdilər.  Bütün bunlar onu deməyə əsas verir ki, artıq həmin ölkədəki erməni diasporu lazım olan səviyyədə hökumətin mövqeyinə təsir edə bilmir. Çıxış yolunu şantajda görürlər. Guya Fransanın Azərbaycana silah satmasını həmsədrliklə bağlayıb, bunun mümkünsüzlüyünü qeyd edirlər. Onda sual oluna bilər: bəs Rusiya həmsədr deyil? Niyə Ermənistan onlardan silah alır?  Rusiya hər iki tərəfə silah satır. Bir dəfə erməni jurnalist bu mövzuda Putinə sual verdi və yaxşı da cavabını aldı. Silah satışı çox gəlirli biznesdir. Kimin pulu var, onu ala bilir. Satışla məşğul olan ölkə üçün bu daha maraqlıdır. Fransa da onun kimi edəcək. Yəni bu yöndə ermənilərin etdiyi canfəşanlıq keçərli deyil. Amma düşünürəm ki, ölkəmizdəki Fransa səfirliyi bu məsələyə reaksiya verməlidir. Hansısa diaspor sədrinin böyük bir ölkənin prezidentini şantaja məruz qoyması yolverilməzdir. Fransada erməni diasporu nə qədər güclü olsa da, həqiqətin, faktların qarşısında aciz duruma düşüb. Proses belə də gedəcək”.

Məhəmmədəli QƏRİBLİ 

Həmçinin oxuyun

İqbal Məmmədov Qulu İbrahimliyə pul ödəməklə özünü çıxılmaz duruma salıb…

Dünən sosial şəbəkədə paylaşılan bir şəkil hamının heyrətinə səbəb oldu. Söhbət tanınmış iqtisadçı Qulu İbrahimli …