Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Aktual / Elxan Şahinoğludan Məmmədyarova sərt cavab

Elxan Şahinoğludan Məmmədyarova sərt cavab

Elxan Şahinoğlu: “Zöhrab Mnatsakanyanın ”peşəkarlığına” arxayın olmaqdansa, Azərbaycan ordusunun peşəkarlığından yararlanmaq daha faydalıdır”

Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq iki dəfə görüşüblər. E.Məmmədyarov bir neçə gün öncə Z.Mnatsakanyanla görüşdən sonra açıqlamasında deyib ki, erməni həmkarı onda peşəkar diplomat təəssüratı yaradıb. O, “keçmiş nazir Edvard Nalbəndyandan fərqli olaraq yenisi peşəkardır” deyib.

Bəs Azərbaycanın torpaqlarını işğalda saxlayan Ermənistanın xarici işlər nazirinin peşəkar olması kimin xeyrinədir? Ümumiyyətlə, Ermənistanın yeni xarici işlər nazirinin peşəkar olmasının Qarabağ danışıqları üçün hansı əhəmiyyəti ola bilər?

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Elmar Məmmədyarovun “Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan məndə peşəkar diplomat təəssüratı yaradıb” sözlərinin nə məna daşıdığı ona aydın deyil: “Bəlkə də Zöhrab Mnatsakanyan Elmar Məmmədyarovun dediyi kimi, Edvard Nalbəndyandan daha peşəkardır, ancaq bu nəyi dəyişəcək ki? Bizə lazımdır ki, ”peşəkar diplomatlar” Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirsinlər. Ancaq həmin “peşəkar diplomatlar” bunu 25 ildə bacarmadılar və bir 25 il keçcə yenə də bacarmayacaqlar. Ona görə də Zöhrab Mnatsakanyanın “peşəkarlığına” arxayın olmaqdansa, Azərbaycan ordusunun peşəkarlığından yararlanmaq daha faydalıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan son bir ayda dünyanın müxtəlif televiziya kanallarına, radiolarına, qəzetlərınə xeyli müsahibə verib. Paşinyan ona olan maraqdan gen-bol istifadə edir. Müsahibələrin əksəriyyətini izləmişəm və ya oxumuşam. Paşinyan müsahibələrində Azərbaycan əleyhinə xeyli fikir söyləyib, Ermənistanın mövqeyinin haqlı olduğunu iddia edib. Əlbəttə, Paşinyanın yalan danışdığı aydındır, məsələn, son müsahibəsində “Ermənistanda bir azərbaycanlının burnu belə qanamayıb” deyəndə bunun necə böyük yalan olduğunu bilirik. Ancaq bunun yalan olduğunu biz bilirik, bu arqumenti darmadağın edən kifayət qədər fakta malikik. Ancaq xarici ölkələrdə bunu bilmirlər və beləcə, münaqişəyə Paşinyanın müsahibədə dediyi sözlərlə baxırlar. Biz bu yalanların qarşısını almaq və Paşinyan kimi Azərbaycandan da verilən müsahibələrin sayını artırmaq əvəzinə xarici işlər nazirimiz Elmar Məmmədyarov deyir ki, “Mnatsakanyan məndə peşəkar diplomat təəssüratı yaradıb”. Bəlkə də o, Məmmədyarovun dediyi kimi, Nalbədyandan daha peşəkardır, ancaq bunun bizə nə faydası var? Onlar bizim əleyhimizə yalanlarını səsləndirirlər, biz isə onların “peşəkarlıqlarından” dəm vururuq”.

Yeganə Hacıyeva: “Erməni nazirdə ritorika dəyişmiş ola bilər, ancaq mövqe köhnə mövqedir”

yeganə hacıyeva ile ilgili görsel sonucu

Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, Ermənistan dövlətinin xarici siyasət xidməti özlüyündə müharibə şəraitində hakimiyyətə gəlmiş militar və populist  səhra hərbçilərinin, müharibə cinayətkarlarının formalaşdırdığı xarici siyasət xidmətidir.

Uzun illərdir Ermənistan xarici siyasət xidmətinin istər ölkə daxilində, istərsə də beynəlxalq təşkilatlardakı təmsilçiləri  diplomatik sferada ümumi diplomatik etik qaydalara, bir çox hallarda isə adi etik  davranış qaydalarına belə əməl etməmək kimi adət-ənənə formalaşıb: “İstər bizim XİN rəsmiləri, istərsə də  beynəlxalq qurumların nümayəndələri, tədbirlərin təşkilatçıları üçün erməni diplomatlarının diplomatik peşəkarlıq və təcrübəyə uyğun olmayan mövqelərini müşahidə etmək, müxtəlif mövzular üzərində təzadlı mövqelərini, yalanlarını, uydurmalarını dinləmək məcburiyyətindədirlər.

Əlbəttə ki, Dağlıq Qarabağ konfliktinin nizamlanması missiyası ilə erməni həmkarları ilə tez-tez təmasda olan, onların təbiətinə dərindən bələd olan biri kimi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müzakirələrdə nəyin bahasına olur-olsun özlərini haqlı göstərmək üçün hər yola əl atan Ermənistanın Xarici İşlər Nazirliyi rəsmiləri ilə daha çox üzləşib. Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdən sonra sələfindən fərqli olaraq, onun peşəkar diplomat təəssüratı yaratması haqqında fikirləri də məhz bu haldan qaynaqlanıb”.

Ermənistanın yeni xarici işlər nazirinin peşəkar olmasının Qarabağ danışıqları üçün hansısa əhəmiyyət daşıya biləcəyinə gəlincə, Y.Hacıyeva dedi ki, peşəkar diplomatlar və xarici siyasət xidmət rəsmiləri üçün, öz dövlətlərinin hüquq və milli maraqlarına hörmətdən kənarda, həmçinin beynəlxalq hüquq və normalara hörmət xüsusiyyəti mövcud olmalıdır.

Bu isə istər Azərbaycan tərəfi, istərsə də konfliktin həllində nizamlayıcı missiya daşıyan beynəlxalq qurumlarla onlarla müzakirələrin aparılmasını daha da asanlaşdırır: “İstənilən halda müzakirələrdə  militar, populist ritorika ilə danışan diplomatdansa, beynəlxalq hüquq və qaydalara əməl edən diplomatlarla müzakirə aparmaq daha asandır. Onlarla bu  müzakirələrin bir nəticəsi olacaq və ya olmayacaq, bu artıq ayrı bir mövzudur.

Sırf  Ermənistanın  Xarici İşlər Nazirliyinin yenilənməsi üzərindən Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə  həllində irəliləyişlərin mümkünlüyü fikrinə gəldikdə, mən bu fikrə o qədər də optimist yanaşmıram. Yeni hökumət və XİN-də ritorika dəyişmiş ola bilər, ancaq mövqe köhnə mövqedir və səhra hərbçilərinin mövqeyindən heç nə ilə fərqlənmir”.

Həmçinin oxuyun

Nazir Müşfiq Hətəmova yeni vəzifə verdi – FOTO

Mədəniyyət naziri Əbülfəs Qarayev Müşfiq Hətəmova yeni vəzifə verib. Unikal.org-un əldə etdiyi məlumata görə, M.Hətəmov …