Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Elşən Uluxanlı: “Təqaüdlərin artırılması öz müsbət təsirini göstərəcək”

Elşən Uluxanlı: “Təqaüdlərin artırılması öz müsbət təsirini göstərəcək”

Milli Qəhrəmanlarımız bizim üçün qürur, vüqar mənbəyi olmaqla yanaşı, onlar həm də xalqın fəxridir. Doğma torpaqlarımızın hər daşı, qayası uğrunda ölüm-dirim savaşına qalxan oğullarımız millətin əsl qəhrəmanları kimi öz sözlərini dedilər. Tarixdə öz izlərini qoydular. Ona görə də onlara hər zaman diqqət və qayğı olmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın uğurları, ilk növbədə, ordunun, əsgərin əhval-ruhiyyəsində, onun maddi-texniki təchizatının güclənməsində özünü göstərir. Bu belə də olmalıdır. Çünki Milli Ordunun qarşısında duran mühüm vəzifə məhz işğal altında olan torpaqları azad etməkdir. Azərbaycan şəhidlərinin, döyüş iştirakçılarının, eləcə də Milli Qəhrəmanların keçdiyi şərəfli yol göstərir ki, xalqımız heç vaxt düşmən işğalı ilə barışmayacaq. Azərbaycanda müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün zaman-zaman tədbirlər görülür. O cümlədən Milli Qəhrəmanlar da diqqət və qayğıdan kənarda qalmırlar. Bu arada ölkə başçısı Milli Qəhrəman adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli, 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilib. Qeyd edək ki, indiyədək bu təqaüdün məbləği 1300 manat olub. Bütövlükdə, sözügedən qərar Milli Qəhrəmanların, onların ailə üzvlərinin sosial vəziyyətinin yaxşılaşmasında necə rol oynayacaq? Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlının sözlərinə görə, təqaüdlərin artırılması onların sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərəcək: “Məlum olduğu kimi, 2005-ci ildə Milli Qəhrəmanlarla bağlı təqaüd təsis olundu. Ötən illər ərzində sözügedən təqaüdlər bir neçə dəfə artırılıb. Bu da, öz növbəsində, onların maddi vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərib. Bundan əvvəl Milli Qəhrəmanlara verilən təqaüdün məbləği 1300 manat idisə, artıq martın 1-dən etibarən bu məbləğ 1500 manat olacaq. Əlbəttə, ortada ciddi artım var. Hesab edirəm ki, artımların məbləği normal və qaneedici səviyyədədir. Təqaüdlərin artırılması onların sosial vəziyyətinin daha da yaxşılaşmasına bu və ya digər dərəcədə öz müsbət təsirini göstərəcək. Həmçinin, bu, onların ailələrinin sosial problemlərinin həllində böyük rol oynayacaq. O baxımdan hesab edirəm ki, bu məbləğin 200 manat artırılması müsbət haldır. Bir şəhid Milli Qəhrəman ailəsi üçün bu, normal vəsaitdir. Bununla yanaşı, sözügedən məsələ ilə bağlı Milli Qəhrəman ailələri ilə toplantımız oldu. Bu sahədə Milli Qəhrəman ailələrinə, o cümlədən, Qarabağ əlillərinə, şəhid ailələrinə mütəmadi olaraq göstərilən qayğı təqdirəlayiqdir. Hesab edirəm ki, ümumilikdə, məlum qərar Milli Qəhrəman ailələrinin bəzi sosial qayğılarının həll olunmasında müsbət rol oynayacaq. O üzdən, bu addımı dəstəkləyirəm”.

“Bakı-Xeber” qəzeti

Həmçinin oxuyun

“Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa…” – Dövlət başçısı

“Əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid …