Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / ELMAR VƏLİYEV ÖZÜNƏ DEPUTAT FRAKSİYASI YARADIR – OLİQARXİYA

ELMAR VƏLİYEV ÖZÜNƏ DEPUTAT FRAKSİYASI YARADIR – OLİQARXİYA

 
Məlum olduğu kimi, bu ilin payızında Milli Məclisə seçkilər keçiriləcək. Gözlənilir ki, bu seçkilərdə ali qanunverici orqanın tərkibi əhəmiyyətli şəkildə yenilənsin. Ən maraqlı məqam isə builki parlament seçkilərindən sonra bəzi iri məmurların himayəsi altında parlamentə düşən şəxslərin mandatsız qalacağına dair iddialardır.

Elə bu səbəbdən də bəzi oliqarxlar özlərinə yaxın olan daha çox şəxsə deputatlıq mandatı vermək üçün indidən hərəkətə keçiblər. Məsələ burasındadır ki, Milli Məclis üzvlərinin müəyyən bir hissəsi ayrı-ayrı iri məmurların himayəçiliyi sayəsində parlamentə vəsiqə alırlar. Bu il müəyyən iri məmurların xətti ilə parlamentə düşən millət vəkillərinin mandatsız qalacağına dair xəbərlər digər oliqarxları həvəsləndirib və onlar boşalacaq həmin yerlərə məhz öz adamlarını yerləşdirmək istəyirlər.

Azinforum.az unikal.org-a istinadən xəbər verir ki, belə nüfuzlu məmurlardan biri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Məlumatı verən mənbənin sözlərinə görə, son vaxtlar Elmar Vəliyev öz mövqelərini gücləndirməklə məşğuldur: “Bilirsiniz ki, o, 2004-2011-ci illərdə isə Yevlax Şəhər Icra Hakimiyyətinin başçısı vəzisində çalışdıqdan sonra 2011-ci ilin fevralında ölkənin ikinci böyük şəhərinin – Gəncənin Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bundan sonra Elmar Vəliyevin nüfuz dairəsi daha da genişlənməyə başlayıb. Hazırda Gəncədən başqa, Yevlax, Bərdə və Tərtər rayonları da Vəliyevin “əhatə dairəsi” kimi qəbul olunur. Həmin rayonlarda təyinatlar Gəncənin icra başçısının bilavasitə marağı və təsiri ilə həyata keçirilir”.

Sayt bildirir ki, artıq Elmar Vəliyev 2015 parlament seçkiləri zamanı özünün Milli Məclisdə “deputat lobbisi”nin olması üçün çalışmağa başlayıb: “2010-cu ildə keçirilən parlamentə seçkilərdə Gəncənin indiki icra başçısı hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yevlaxdan deputatlığa namizədi Vaqif Abdullayev əvəzinə, özünə yaxınlığı ilə bilinən İlham Məmmədovun mandat almasını təmin etmişdi. V.Abdullayev isə sonradan Beyləqana icra başçısı təyin edildi. Bununla da, o, Vəliyevin maneələrinə rəğmən karyera yollarında addımlayacağının mesajını verdi. Gəncənin icra başçısının eyni təcrübədən builki parlament seçkilərində də yararlanacağına dair məlumatlar var”.

Sayt yazır ki, Elmar Vəliyevin Gəncədəki seçki dairələrindən namizədlər arasında öz adamlarını seçdirəcəyi birmənalıdır, bundan başqa, o, “əhatə dairəsi”ndə saxladığı Yevlax, Bərdə və Tərtər rayonlarında da məhz, özünə yaxın şəxsləri deputat seçdirmək istəyir: “Hətta bu rayonlarda hakim partiyanın namizədləri başqa şəxslər olsa belə, Vəliyevin istəyi onları öz adamlarına məğlub etdirmək, bununla da parlamentdə ən azı 6-7 adamının oturmasına nail olmaqdır”.

Saytın iddiasına görə, digər iri məmurlar kimi, Elmar Vəliyevə də parlamentdə daha çox millət vəkilinin olması hökumət daxilində dayaqlarını gücləndirmək, iqtidardaxili rəqiblərlə mübarizədə əlavə qüvvə qazanmaq, hökumət içindəki proseslərə təsir imkanlarını artırmaq və daha yuxarı mövqelərə yüksəlmək üçün lazımdır: “Amma yerli təcrübə göstərir ki, aşırı siyasi iddia nümayiş etdirmək, hədsiz güclənmək və hakimiyyətdaxili proseslərdə daha çox təsir imkanı qazanmaq arzusu bəzən əks-effekt verir. İndiyədək bir çox oliqarxlar məhz buna görə öz karyeralarından, sərvətlərindən, hətta azadlıqlarından məhrum olublar. Odur ki, Elmar Vəliyevin də iqtidar içində həlledici fiqurlardan birinə çevrilmək istəyi, türklər demiş, “tərs də təpə bilər”. Yəni parlamentdə öz “lobbisi”ni qurmaqla daha da möhkəmlənməyi hədəfləyən Gəncənin icra başçısının bununla özünə qarşı qıcıq yaratması da mümkündür. Belədə isə onun “zərərəsizləşdirilməsi” prosesinin başlaması qaçılmazdır”.

Azinforum.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın