Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Elman Rüstəmovun “əsas” dərdi – Baş bankir kreslosunu qorumaq üçün hərəkətə keçib

Elman Rüstəmovun “əsas” dərdi – Baş bankir kreslosunu qorumaq üçün hərəkətə keçib

Dünya neft bazarında qiymətlərin enməsi Azərbaycanda ciddi təşviş və həyəcana səbəb olub. Ötən həftə ölkə əhalisi kütləvi şəkildə banklara üz tutaraq əlindəki manat kütləsini dollara çevirmək üçün növbələrə düzüldü. İnsanlar yenidən devalvasiya olacağı qorxusu ilə hətta 200-300 manatını belə dollarda saxlamağa çalışırlar. Bir neçə gün ərzində hökumət rəsmiləri dəfələrlə açıqlamalar verdilər ki, ölkədə yetərincə dollar var və devalvasiya zərurəti yaranmayıb. Lakin bu açıqlamalar bank şöbələrindəki növbələri nəinki azaltmadı, əksinə, daha da artırdı. Çünki insanlar 2014-2015-ci illərin acı təcrübəsindən yetərincə dərs götürüblər: Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov telekanallara çıxaraq əhalini bərk-bərk əmin etdi ki, hər hansı devalvsiya olmayacaq, hökumət buna yol verməyəcək. Səhəri gün isə kəskin devalvasiya və əhali çaşqınlıq içərisində, ardınca dollar kreditlərinin ödənişində çətinliklər, inflyasiya, məhkəmə çəkişmələri…

İndi yenə E.Rüstəmov ekranlardan düşmür. Hər gün bir telekanala çıxır, ölkənin valyuta ehtiyatlarının devalvasiyaya gedilməməsinə imkan verdiyini deyərək, əhalini təşvişə düşməməyə çağırır. Və bu çağırışlar əks-effekt verir. Hətta məhz onun belə çağırışları əhalidə hökumətə inamsızlığı daha da artırır desək, qətiyyən yanılmarıq. Ona görə də Azərbaycan hökumətinin əhalini inandırmaq, sakitləşdirmək üçün E.Rüstəmovu deyil, insanların inana biləcəyi başqa məmuru irəli verməsi gərəkir.
Maraqlıdır ki, E.Rüstəmov bir neçə dəfə hökumətin böhran vəziyyəti üçün “B” planının olduğunu deyir. Planın detallarını açıqlamasa da, bildirir ki, hökumətin “B planı”nda bütün alternativ çağırışlara cavab var: “Neftin istənilən qiymətinə, istənilən çağırışa cavab verməyə hazırıq. Hesab edirəm və ümumi fikir də bundan ibarətdir ki, bizim hər hansı emosional qərar qəbul etmədən situasiyanı tarazlaya bilmək üçün kifayət qədər başqa potensialımız var. Yəni inflyasiyanı qaldırmadan, bütövlükdə həyata keçirilmiş və əldə olunmuş maddi-sosial rifah halını qorumaqla, maliyyə sektoru üçün əlavə problemlər yaratmadan situasiyanı tənzimləmək üçün kifayət qədər imkanlar var. Hökumətin alternativ – “B planı” var və bu planda bütövlükdə ssenari və onun necə tənzimlənməsi də mövcuddur”(Real TV).

Yersiz rahatlıq…

Mərkəzi Bankın rəhbəri hesab edir ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin enməsinə kifayət qədər dayanıqlıdır: “Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı elə də təhlükəli zonada deyil, bu, komfort zonadır. Son günlər bundan tez-tez danışırlar. Bizim əsas makroiqtisadi fundamentalları təmsil edən göstəricilərə baxsaq, görərik ki, o bizim ilk növbədə çox yüksək strateji valyuta ehtiyatlarımızdır ki, bu da ümumi daxili məhsulumuzun 110 faizinə çatıb. Xarici borcumuza baxsaq görərik ki, son illər görülən işlər nəticəsində xarici borc bizim ÜDM-dən əhəmiyyətli dərəcədə, dəfələrlə aşağıdır. Çox konservativ xarici borcumuz var. Bütövlükdə bu bizə imkan verir ki, indiki situasiyaya çox optimist baxaq. Nə mənada optimist? İki yanaşma var. İlin əvvəlində neftin qiyməti 58 ABŞ dolları idi. Əgər bir həftə, 10 gün müddətinə neftin qiyməti öz məcrasına qayıdırsa, biz cüzi bir şey itirəcəyik. Əgər bu qısamüddətli təsirdirsə, bu bir ssenaridir. İkinci ssenari, neftin qiyməti dediyimiz 60 ABŞ dolları səviyyəsinə qalxmırsa, 55 ABŞ dolları ola bilsin, 40-50 ABŞ dolları, yaxud 30-40 ABŞ dolları intervalına keçir. Azərbaycan iqtisadiyyatında kifayət qədər makroiqtisadi dayanıqlıq var ki, hər iki intervalda makroiqtisadi tarazlığı və maliyyə sabitliyini təmin edə bilsin”.
Bəs E.Rüstəmovun belə fəallığı nədən irəli gəlir? Hansı səbəbdən bu qədər canfəşanlıq edir? Prinsipcə, Mərkəzi Bank rəhbərindən daha səlahiyyətli məmurlar var və onların sözünə inam qat-qat yüksəkdir, nəinki E.Rüstəmovun. Sualın cavabı çox sadədir: aprel ayında E.Rüstəmovun Mərkəzi Bank rəhbəri olaraq səlahiyyət müddəti bitir. Yaxın keçmişdə -2014-2015-ci illərdə baş vermiş böhrandan üzüağ çıxmayan baş bankir çalışır ki, bu dəfə etimadı doğrultsun. O, yaxşı bilir ki, o illərdə baş verənlərin təkrarlanması(ölkədən kənara külli miqdarda valyutanın çıxarılması, devalvasiya qərarının əvvəlcədən bəzi banklara ötürülməsi və sair) onun vəzifə ilə vidalaşması demək olacaq.
Lakin hazırkı vəziyyət E.Rüstəmovun arxayınçılıq yağan açıqlamalarından kəskin fərqlidir. Koronavirus dünya iqtisadiyyatını kəskin zəiflədib, neft bazarında qiymətlər 30 dolların altına düşüb, neftə tələbatın azalması fonunda qiymətlərin bu həddən yuxarı qalxması yaxın 3-4 ayda real görünmür. Hətta bir çox beynəlxalq mərkəzlər neftə tələbin kəskin azalması nəticəsində qiymətlərin 20 dollaradək enəcəyini proqnozlaşdırmaqdadırlar.

Düşünülməmiş qərarın böyük təhlükəsi

Digər tərəfdən, fevralın 20-də Mərkəzi Bankın qəbul etdiyi bir qərar Azərbaycandan kənara valyuta çıxarılması prosesinə rəvac vermiş olur. Söhbət qurumun İdarə Heyətinin qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na edilən dəyişikliklərdən gedir. Dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılıb, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.
Bu dəyişikliyə qədər xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mallar əvvəllər 180 gün ərzində idxal edilməli idi. Ötən ilin sentyabrında 180 gün 270 günə qaldırılmışdı. Bu qaydaların pozulmasına görə sahibkarlıq subyektlərinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən cərimələnməsi ilə bağlı 12 min iş vardı və həmin işlərdən 6 minə qədərinə məhkəmələrdə baxılırdı. Göründüyü kimi, Mərkəzi Bankın etdiyi dəyişiklik avans adı altında minlərlə şirkətin xaricə sərbəst pul çıxarmasına imkan yaradır. Düzdür, bəzi mallar üçün 270 günlük müddət azlıq edirdi, lakin bu, bütün sahibkarlar üçün müddətin 2 ilə qaldırılması üçün əsas ola bilməzdi. Özü də dünya iqtisadiyyatında problemlərin yarandığı bir zamanda bu qərarın hərtərəfli ölçülüb-biçilərək atılmadığını rahatlıqla söyləmək olar. Belə ki, dəyişiklik olunanda koronavirusun nəhəng Çin iqtisadiyyatını dərindən sarsıtdığı, eləcə də dünya iqtisadiyyatında ağır problemlərə gətirəcək qədər böyük təhlükə formalaşdırdığı əksər beynəlxalq mərkəzlər tərəfindən elan olunurdu.
E.Rüstəmovun dünya iqtisadiyyatında gedən prosesləri görməzdən gələrək qəbul etdiyi qərar indiki situasiyada Azərbaycandan valyuta axınına rəvac verəcək. Ümid edirik ki, baş bankirdən daha uzaqgörən hökumət üzvləri vaxtında bu qaydaların sərtləşdirilməsi təklifi ilə çıxış edəcəklər…

AFN-in İqtisadiyyat şöbəsi

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …