Ana səhifə / Aktual / “Elman Rüstəmov vəzifəyə mənim təklifimlə gəlmişdi, amma…”

“Elman Rüstəmov vəzifəyə mənim təklifimlə gəlmişdi, amma…”

Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Taleh Tahir oğlu Kazımov isə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Elman Rüstəmov baş nazirin müşaviri təyin olunub. Bununla baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Elman Rüstəmovun gedişi nəyi dəyişəcək? Onu əvəz edəcək yeni kadr kimdir? Bu işin öhdəsindən gələ biləcəkmi? İctimaiyyət arasında devalvasiyanın olacağı ilə bağlı bir narahatlıq da yaranıb.

Qeyd edək ki, Elman Rüstəmov 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Onun “baş bankir” kimi fəaliyyəti isə 1995-ci ilin yanvar ayına təsadüf edir. Həmin dövrdə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri təyin edilir.

İqtisadçı ekspert Samir Əliyev mövzu ilə bağlı fikirlərini bildirib: “Azərbaycan tarixində Mərkəzi Bankın ən uzunmüddətli rəhbəri olmuş Elman Rüstəmov yola salınıb. Yəqin ki, bundan sonra kimsə bu vəzifədə uzun müddət qalmayacaq. Qərar həm gözlənilirdi, həm də yox. Ona görə gözlənilməz oldu ki, 2 il öncə Prezident tərəfindən namizədliyi növbəti dəfə irəli sürülmüşdü və gözləmək olardı ki, 2025-ci ilə qədər postunda qalacaq. Hakimiyyətin yüksək eşelonunda təmsil olunan şəxslərin kiçik istisnalarla tam dəyişməsi isə bu qərarı təəccüblü etmədi. Əslində Elman Rüstəmovun son iki təyinatı kritik dövrə təsadüf edib. Birinci devalvasiya (2015), ikinci pandemiya (2020) ilinə. Hər ikisində milli valyutanın devalvasiya məsələsi gündəmdə olub. Ola bilsin, Prezident kritik dövrdə dəyişikliyə getməyə risk etməyib.

Müasir Azərbaycanın mövcud bank sistemi müsbət və mənfi tərəfləri ilə birlikdə Elman Rüstəmova məxsusdur. O, ikinci müstəqilliyin 31 ilinin 30 ilini Mərkəzi Bankın rəhbəri vəzifəsində olub. 1992-1995-ci illərdə MB-nin İdarə Heyəti sədrinin 1-ci müavini, 1995-ci ildən bu günə kimi sədri vəzifəsində olub. Bu baxımdan onun fəaliyyətinə qiymət verəndə başqa şəxslə müqayisə etmək imkanı məhduddur.

Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri olaraq bank sektorunda daim konservativ yanaşma tətbiq edib, bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. Onun rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya (ilk devalvasiyaya qədər) inamının bərpasına nail olub. Ən azı 90-cı illəri yaxşı xatırlayırıq. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarının pozulması kimi problemlər həllini tapa bilməyib. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı”.

S.Əliyev qeyd edib ki, bu gün cəmiyyətdə mövcud olmuş rəyin əksinə olaraq deməliyəm ki, Elman Rüstəmov ölkədə devalvasiyanın əsas əleyhdarlarından biri olub: “Təsadüfi deyil ki, 2015-ci ildə devalvasiyanın qarşısını almaq üçün Mərkəzi Bankın valyuta ehtiyatının 2/3-si qurban verməyə çəkinməyib. Aydın məsələdir ki, Azərbaycan kimi ölkələrdə devalvasiya qərarını Mərkəzi Bank verə bilməz. 2009-cu ildə və 2020-ci illərdə manatın devalvasiyası riski olduğu halda Mərkəzi Bank manatın məzənnəsini qorudu. 2015-ci ildə isə mümkün olmadı.  Elman Rüstəmovun gedişindən sonra devalvasiyanın olma ehtimalı artacaq. Çünki o, uzun müddət siyasi hakimiyyəti manatın məzənnəsini sabit saxlamağın vacibliyinə inandıra bilmişdi.

E.Rüstəmovun fəaliyyətində əsas nöqsan bank sisteminin, valyuta rejiminin liberal olmaması ilə bağlı olub. Ancaq bunun səbəbini ölkə iqtisadiyyatının strukturunda axtarmaq lazımdır. Çünki ümumi iqtisadiyyatı liberal olmayan ölkələrdə bank sektorunun liberallaşması da mümkünsüzdür.

Mərkəzi Bankın yeni rəhbəri Taleh Kazımovdur. Baza təhsili texniki olsa da, sonradan maliyyə üzrə ixtisaslaşıb. Bələd olmadığım üçün yeni sədrin fəaliyyətinə qabaqcadan fikir bildirmək istəmirəm. Mətbuatda oxudum ki, devalvasiyanın əleyhdarıdır. Bu fikrin hazırda heç bir əhəmiyyət yoxdur. Çünki açıqlama bank rəhbəri tərəfindən verilib və heç bir bank devalvasiyada maraqlı deyil. Əsas məsələ bundan sonradır. Mərkəzi Bankın rəhbəri olduqdan sonra yenə də devalvasiya əleyhdarı olacaqmı? Onu zaman göstərəcək. Görünən odur ki, hökumət bank sektorunda canlanma etmək fikrindədir. Bu canlanmanın nədən ibarət olduğunu isə yeni rəhbərin dövründə görəcəyik”.

Sabiq maliyyət naziri, professor Saleh Məmmədovun  mövzu ilə bağlı fikirləri də diqqət çəkir: “Elman Rüstəmov vəzifəyə mənim təklifimlə gələn adamdır. Makroiqtisadiyyatı, bank işini yaxşı bilirdi. ”Banklar haqqında” Qanunu o vaxt mən hazırlayıb gətirdim, Türkiyənin bankirləri və müəllimləri ilə bir yerdə hazırlamışdıq. O vaxt qəbul olundu. Təəssüflər olsun ki, biz gedəndən sonra bu islahatlar davam etdirilmədi”.

S.Məmmədov hesab edir ki, bu gün bizim sürətli inkişafımıza əngəl olan əsas amil bank sistemidir: “Sinqapur, Çin, Cənubi Koreya təcrübəsi, bir sözlə, dünyanın top-100 bankı ki var, onların hamısını buraya gətirməliydik. Əgər bu baş tutsaydı, çox böyük irəliləyiş, sürətli inkişaf olacaqdı. Bir ölkədə ki pul bolluğu yarandı, orada inkişafın qarşısını almaq mümkün deyil. Bankların buraya gətirilməsində məqsəd o idi ki, ölkədə pul bolluğu yaransın. Təsəvvür edin, top-100 bankın aktivləri təqribən 80 trilyon dollardır. Hər bir bankla söhbət aparanda neft  dollarlarımızı orada saxlayacaqdıq, onlar da aktivlərinin müəyyən faizini Azərbaycanda yerləşdirəcəkdi.  Böyük məbləğlər idi,  80 trilyonun hamısından 1 faiz əldə olunsaydı, 1 faizi 800 milyard dollar pul edirdi. O qədər böyük investisiyalar planlaşdırılmışdı. Bu da artıq buraya yerləşdirilirsə, heç yerə qaçmaq mümkün deyil. Bu gün isə bunların hamısının qarşısı alındı”.

S.Məmmədovun fikrincə, Mərkəzi Bankın İdarə Heyətinə təyin olunan yeni üzv mütərəqqi adamdır:  “Texnoloji biliklərə sahibdir. Banklara daha çox mühəndislər, texnoloqlar, proqramistlər, data analitiklər lazımdır. Bu gün klassik maliyyə deyilən bir anlayış yoxdur. Harada ki rəqəmsallaşma başlayıb, bunlar artıq texnoloji xarakter alır. Bank texnologiyaları, maliyyə mühəndisliyi, maliyyə texnologiyaları, maliyyə data elmi Qərb ölkələrində böyük çapda inkişaf edir, kadrlar hazırlanır. Hələ Azərbaycanda bunların heç biri üzrə nə kadr hazırlığı var, nə də elmi tədqiqatlar var.  Bu sahədə 30 il Qərb ölkələrindən geri qalırıq. Bunu da həll edə bilmədilər. Bu gün Azərbaycanda cəmi 20 milyard dollar bank aktivi var. Amma bu gün üçün planlaşdırdığımız bank aktivləri 1 trilyon dollara çıxmalı idi. Sinqapur balaca dövlətdir, bizim Qaradağ rayonun 70 faiz həcmində olan bir dövlətdir. Amma 1.4 trilyon dollar bank aktivləri toplayıb, bütün top-100 bank orada fəaliyyətini qurub.  Təsəvvür edin, bu qədər aktiv ölkənin hansı dinamika ilə inkişaf edəcəyinin misalıdır. Təkrar edirəm, pul bolluğu yarandısa, inkişafdan qaçmaq mümkün deyil. Bu bank işi nə qədər böyük əhəmiyyətə malik işdir. Hansı ölkədə ki bank sistemi inkişaf edib, bank aktivləri ümum daxili məhsuldan (ÜDM) bir neçə dəfə çoxdur. Bunlar da hamısı investisiya mənbəyidir.  Amma bizdə bank aktivləri ÜDM-dən bir neçə dəfə azdır, 35-40 faizini təşkil edir. Bu resurslar banka getməlidir, bankdan da inkişafa qoyulmalıdır. Bank sistemində çox böyük problemlər var.  Amma o qədər böyük ehtiyatlar, imkanlar var. Açığını desək, hökumət bunu yaradıb. Azərbaycanda bank, kredit resursları mənim hesablamalarıma görə 180 milyard manat təşkil edir. 180 milyard rezervi bu dövlət yaradaraq millətin sərəncamına verib. Sadəcə, onları yatırtmaq deyil,  hərəkətə gətirib, ölkəni inkişaf etdirmək lazımdır. 2014 cü ildən əsas kapitala investisiyalar davamlı azalır, bu qədər zəngin resurslar olan yerdə investisiyaların daimi azalması məntiqsiz görünür”.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Səlim Müslümov ev dustaqlığına BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Azinforum.az-ın …