Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Elməddin Dadaşov: “İki il sərasər Bakıdakı bütün tutuquşuları izləmişəm ki…”

Elməddin Dadaşov: “İki il sərasər Bakıdakı bütün tutuquşuları izləmişəm ki…”

Bu dəfəki müsahibimiz Musiqili Teatrın gənc rejissoru və aktyoru Elməddin Dadaşov oldu. Onunla görüşümüz Beynəlxalq Sevgililər Günündə baş tutdu. Söhbətimizi də elə bu gündən söz açaraq başladıq:

– Maraqlıdır ki, sizinlə görüşümüz bu günə təsadüf etdi. Azərbaycanda, eləcə də bir çox müsəlman ölkələrində Beynəlxalq Sevgililər Gününü birmənalı qarşılamayanlar var, bu barədə çoxlu sayda müzakirələr də gedir. Bəs sizin münasibətiniz necədir?

– Mən sevgililər gününü 2009-cu ildə xüsusi olaraq qeyd etmişəm. Belə ki, həmin ilin noyabr ayında ailə həyatı qurdum və o gün mənim üçün sevimli sevgililər günüdür. Çox şükürlər olsun ki, bu sevgidən iki igid oğul payım var.

14 fevrala gəldikdə isə, deyə bilərəm ki, əgər insan varsa, cəmiyyət də, yaşam tərzi də olmalıdır. Bu səbəbdən niyə də “Valentin günü” olmasın? Buna qalanda onda gərək biz Yeni İli də qeyd etməyək ki, bu bizə xristianlardan gəlib. Artıq bu bayram var, kim istəyir, qeyd etsin, kim istəmir, etməsin, bu məcbur deyil.

– Bu günə qədər olan yaradıcılığınızdakı ən böyük uğuru hansını hesab edirsiz?

– 2005-ci ildə əldə etdiyim uğuru ən böyük uğur hesab edirəm. Belə ki, həmin ildən Musiqili Teatrda işləmək üçün əmrim verilib. İllərdir ki, Elməddin Dadaşov kimi fərd olaraq formalaşmağımda, qazandığım uğurlarda həmin günün önəmi çox böyükdür. Teatra olan məhəbbətim, universiteti fərqlənmə diplomu ilə bitirməyim, həm də ustadım Vaqif İbrahimoğludan aldığım biliklər mənim üçün bir etalon, varlıqdır. Həmin varlığı bu günə qədər şərəflə, əzmlə, mətinlə daşıyıram. Heç bir zaman da bu sənətə gəlməyimə peşiman olmamışam. Heç kimin cibinə girmirəm, incitmirəm, başımı aşağı salıb çox sevdiyim işimlə məşğulam.

– Bəs sizin özünüzü incidən olub?

– (gülümsəyir) O qədər olub ki. Məsələn, hansısa müsahibəm gecikib və yaxud dəfələrlə hansısa filmə dəvət almışam, kinostudiyada hər kataloqda mənim şəkillərim olub, kastinqlərə getmişəm, son nəticədə isə filmə çəkilməmişəm. Beləliklə, yaradıcılığımı vərəqləyəndə deyə bilərəm ki, kino sahəsində elə də uğurum olmayıb. Eləcə də seriallara çəkilməmişəm.

– Sizcə, səbəb nə olub? Filmlərə çəkilməyinizə sizin görkəminiz, ya performansınız mane törədib?

– Deyə bilmərəm. Qeyd etdiyim kimi 6-7 filmin kastinqlərində iştirak etsəm də, sonradan məni çəkməyiblər. Bəlkə də qismətim ancaq teatr sənəti ilə bağlıdır. Bu sahədə istədiyim uğurlara imza atmışam, istədiyim obrazları yaratmışam, mənə verilən rolların öhdəsindən bacarıqla gəlmişəm. Ən əsası, mənə ən məşhur bəstəkarlar, rejissorlar, sənətkarlar, simalarla işləmək qismət olub. Bundan böyük qələbə ola bilməz.

Ümumiyyətlə, hər bir dövrdə Musiqili Teatr böyük, məsuliyyətli, məhsuldar mədəniyyət ocağı olub. Burada böyük sənətkarların əməyi olub. Bu mənada rejissor Şəmsi Bədəlbəylinin quruluşu əsasında səhnələşdirilən, gözəl bəstəkarımız Emin Sabitoğlu və yazıçı Sabit Rəhmanın şedevr əsəri olan “Hicran” tamaşasını xatırlatmaq istərdim. Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Siyavuş Aslanlının böyük peşəkarlıqla canlandırdıqları bu tamaşanın sevgisi, məhəbbəti məni Musiqili Teatra çəkib gətirib.

Bir haşiyə də çıxım ki, mən Bakı kəndlərinin birində dünyaya göz açmışam. Ailəmiz, yaşadığımız mühit bir qədər teatrdan uzaq olub. Lakin sonradan zaman, mühit dəyişdi və təbii ki, teatra, aktyorluğa olan münasibət də dəyişdi və mən bu sahəni seçdim. Ən əsası Azərbaycanın teatr sənətində öz dəsti-xətti olan, novatr rejissor, kurs rəhbərim Vaqif İbrahimoğlu ilə qarşılaşmağım məni bu sənətə çox bağladı. O insan həyatda olmasa da, mənim üçün hər zaman yaşayır.

Xatırlayıram ki, universitetin 3-cü kursunda oxuyanda məndən soruşdu ki, “qərarın nədir, hara gedəcəksən?”. Bildirdim ki, Musiqili Teatrı seçmişəm. Dedi ki, “nə, Musiqili Teatr? O teatr operettadır, çox ağırdır. Sən gərək notu, partituraları, klaviri, xoreoqrafiyanı biləsən. Sən bunu bacarmazsan”. Cavabında dedim ki, “müəyyən illərdə siz həmin teatrın baş rejissoru olmusuz”. Bu günə qədər yadımdadır, Vaqif müəllim onda bir siqaret yandırıb damağına qoydu, “sən öz bildiyini buraxma, görüm neyləyəcəksən” dedi.

Elə oldu ki, mənim teatrda ilk böyük rolum “Milyonçunun dilənçi oğlu” operettasında şair obrazı oldu. Təbii ki, operettada bu obraz olmayıb, bu rejissorun yeni düşüncəsi, tərzi idi. Bu obrazı kimin oynayacağı hələ məlum deyildi. Son məqamda, tamaşaya bir ay qalmış məlum oldu ki, yeni obraz mənə həvalə olunub. Qeyd edim ki, tamaşanın bədii rəhbəri Vaqif İbrahimoğlu idi. Sonralar mənə deyirdilər ki, Vaqif müəllim tamaşadan çıxanda bir kəlmə “o öz ifasını sübut etdi” deyib.

– Bəs hazırda hansı işlər üzərində çalışırsız?

– Yenicə əmri verilmiş Stansilav Stratiyevin “Avtobus” pyesi əsasında “Çarəsiz sərnişinlər” tamaşasının üzərində işləyirik. Əsərin quruluşçu rejissoru Mehriban Ələkbərzadədir. Deyim ki, çox koloritli, maraqlı əsərdir. Mən də əsərin rejissor assisenti vəzifəsində çalışıram.

Həmçinin məşhur “Buratino” əsərini hazırlayırıq. Bu tamaşanı mart ayında, Milli Teatr Günü ərəfəsində xüsusən də balaca tamaşaçılarımıza ərməğan edəcəyik.

– Maraqlıdır, bu günə qədər bu əsər çox səhnələşdirilib, ekranlaşdırılıb. Bu dəfə tamaşada hansı yenilikləri görə biləcəyik?

– Qeyd etdiyiniz kimi bu əsər hər zaman aktualdır və müraciət olunub. İllərdir mənim də içimdə belə bir arzum var idi ki, bu əsərə müraciət edim. Əsərdəki yeniliklərə gəldikdə isə bildirim ki, dram halında olan əsəri pyes halına gətirmişik və əsas özəlliyi də ondan ibarətdir ki, Azərbaycan dilindədir. Məşhur eyniadlı filmdə səslənən bəstəkar Aleksey Rıbnikova məxsus olan musiqi nömrələri bu tamaşada orijinal variantda, öz dilimizdə təqdim olunacaq. Bu iş çox çətin olsa da, öhdəsindən gəlməyə çalışırıq. Əsərin səhnələşdirilməsi mənə, tərcüməsi Nicat Kazımova məxsusdur. Həmçinin əsərdə olan polislər, itlər, aşbaz obrazları yoxdur. Əlavə olaraq yeni qurbağa Bubi obrazı görə biləcəksiz. Tamaşa üçün çox gözəl geyimlər hazırlanıb. Səhnədə eynilə filmdəki ab-hava yaşadılacaq.

– Tamaşalarda həm rejissor, həm də aktyor kimi çıxış edirsiz. Hansı sizin üçün daha çətindir və sizə daha çox uğur gətirir?

– Heç vaxt iş barəsində özümə korluq vermirəm. Əgər rejissor kimi çıxış edirsəmsə, mütləq şəkildə ona aldığım biliklər, təcrübələr ilə yanaşıram. Hansısa rejissor tərəfindən mənə obraz təklif olunanda da bu aspektdən yanaşır, bütün bacarıqlarımı ortaya qoymağa çalışıram. Məsələn, Fikrət Əmirovun musiqisi ilə “Min bir gecə nağılları” əsasında qoyulan “999-cu gecə” əsərində həm ikinci rejissoram, həm də şahın çox sevimli tutuquşusu rolunda iştirak edirəm. Bu çox ağır bir obraz idi. Obrazı dolğun yaratmaq üçün iki il sərasər Bakıda olan zoomağazalara gedib, tutuquşuların hərəkətini, danışqılarını izləyib, bütün detallarını öyrənmişəm.

– Bir qədər öncə “Hicran” tamaşasından söz açdınız. Artıq hər kəsə məlumdur ki, həmin tamaşadakı möhtəşəm Hacıbaba Bağırov, Siyavuş Aslan, Nəsibə Zeynalova üçlüyü əslində həyatda küsülü olublar. Lakin bunu tamaşaçıya büruzə verməyərək, bu günə qədər haqqında danışılan şedevr tamaşa ortaya qoyublar. Siz də nə vaxtsa səhnədə tərəf-müqabiliniz ilə küsülü olmusuzmu?

– Əlbəttə incik, küsülü olduğum aktyorla səhnə paylaşmışam, bundan tamaşaçının xəbəri olmayıb. Əgər yaradıcı insan səhnədədirsə, bütün bunları kənara qoymalı, öz obrazını peşəkarcasına təqdim etməlidir. Tamaşaçıya maraqlı deyil səhnədə kim kiminlə küsülüdür, incikdir, o gözəl tamaşa gözləyir, ona neqativlik ötürmək olmaz.

– Bir müddət özünüzü televiziya aparıcısı kimi də sınadınız, kifayət qədər izləyicisi olan veriliş apardınız. Sonra nə baş verdi, niyə televiziyadan getdiniz?

– … (təəssüf hissi ilə) Niyə televiziyadan getdim? Elə olub ki, yaradıcılığımda hər tərəfli fəaliyyət göstərmişəm. Məsələn, dublyajda, radioda, televiziyada çalışmışam. Televiziyaya bir yaradıcı insanın dəsti-xətti ilə gəlmişdim. Ümumiyyətlə, televiziya əbədi deyil. Bu gün varsan, sabah yoxsan. Televiziya sadəcə öz reytinqini, adını, verilişinin ab-havasını saxlamaq üçün səndən kifayət qədər istifadə edir. Təbii ki, bunun da müqabilində sən pul alırsan. Və televiziya rəhbərliyinin oxuduğu “mahnı” ilə sən oynamalısan. Televiziyadan ayrıldıqdan bir müddət sonra yenidən efirə qayıtmaq üçün təkliflər aldım. Lakin bir dəfə çıxdığım yerə heç vaxt qayıtmıram. Buna görə nə həmin televiziyaya, nə də digərlərinə getmədim, yaradıcılığımı sırf teatrla bağladım.

– Son vaxtlar bir çox aktyor və aktrisalar, o cümlədən sizin teatrdan olan bir sıra həmkarlarınız müğənni və yaxud toy, xınayaxdı məclislərində tamadalıq fəaliyyəti ilə məşğul olmağa başlayıblar. Bu məsələyə sizin münasibətiniz necədir?

– Münasibətim çox əladır. Niyə də olmasın? Ailəni saxlamaq üçün mütləqdir ki, ikinci işin olsun. Kifayət qədər həmkarlarım var ki, onlar həm müğənni kimi fəaliyyət göstərir, həm də məclislərdə aparıcılıq edirlər. Mən özüm də bu sahədə çalışıram. İlk dəfə məni bu sahəyə yola salan əməkdar artistimiz Çingiz Əhmədov oldu. O, mənə dəfələrlə deyirdi ki, “sən artıq ailəlisən, sənə lazımdır”. Çox fikirləşirdim ki, bəlkə getməyim, məndə alınmaz. Sonradan Məhərrəm Qurbanov da məni bu sahəyə sövq etdi və öz kitabçasını mənə verdi. O kitabçada ata-anaya, bacı-qardaşa, qohumlara aid şeirlər, deyimlər, təriflər var idi. Məhərrəm müəlimin mənə etdiyi bu köməkliyi bəlkə də ata oğula etməzdi, buna görə ona minnətdaram.

– Bəs məclislərdə maraqlı hadisələr ilə qarşılamısızmı?

– Oy, o qədər olub ki (gülümsəyir). Bir gün paytaxtımızın dəbdəbəli restoranlarının birində toy aparırdım. Qudaları məclisə dəvət etdim. Məlum oldu ki, qudalar bir-biri ilə küsülüdür. Ortada elə bir mühit yaranmışdı ki, gəl görəsən. Axırda dedim ki, “əziz valideyinlər, sanki hansısa rayonun məhkəmə zalına gəlmişik”. Bu sözümlə araya bir qədər sərinlik çökdü və mən onları rəqsə dəvət etdim. Bundan sonra elə mühit yarandı ki, sanki onların arasında heç vaxt umu-küsü olmayıb.

– Müsahibələrinizin birində demişdiz ki, “ən böyük arzum kloun olmaq olub”. Bu arzunuza çatdınızmı? Və niyə kloun?

– Hələ teatra gəlməzdən çox illər əvvəl bu mənim ən böyük uşaqlıq arzum, istəyim olub. Yəni, uşaqlıqdan bu arzuda olmuşam, sirk tamaşalarını çox sevmişəm. İndi də bu yaşımda olmağıma rəğmən maraqlı sirk proqramı olanda bilet alıb uşaqlardan əvvəl ora qaçıram. Ümumiyyətlə kloun sənəti çox böyük sənətdir və istedad tələb edir. Bir hərəkətlə uşaqları sevindirmək, güldürmək heç də asan deyil. Uşaq ikən Yuri Nikulin və digər bu kimi peşəkar sənətkarların yaradıcılığına, oynadıqları kiçik nömrələrə böyük maraqla baxmışam. Bu səbəbdən uşaq ikən həmişə deyirdim ki, böyüyəndə kloun olacaq. Lakin sonra illər keçdi, kiçik Elməddin böyüdü və belə bir nəticəyə gəldi ki, Azərbaycanda peşəkar kloun sənəti yoxdur. Bunun üçün gərək Moskvaya gedib, orada təhsil alasan. Aylar, illər keçdi, bir gün bir dostum dedi ki, “sən niyə kloun kimi də çalışmırsan?” Dedim ki, yox, mənim üçün bir qədər düzgün olmaz. Lakin sonra içimdəki Elməddin dedi ki, yox, Elməddin, sənə lazımdır. Və mən də bu sənətə peşəkarcasına yanaşdım, ənənəvi olmadım, özümə qeyri-adi 3 libasdan ibarət geyim hazırladım.

– Kloun adınız varmı?

– Bəli, adım “Kloun karandaş”dır.

– Dediniz ki, heç bir zaman aktyor və rejissor olmağınıza peşiman olmamısınız. Bəs övladlarınızın bu sənətə gəlməyinə razı olarsınızmı?

– Yox…

Musavat.com

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …