Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Aktual / “Elektron gömrük Azərbaycanda ön sıralardadır” – Səfər Mehdiyev

“Elektron gömrük Azərbaycanda ön sıralardadır” – Səfər Mehdiyev

Bakıda Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) informasiya texnologiyaları konfransı və sərgisi keçirilir.

Unikal.org-un məlumatına görə, konfransın açılış mərasimində Baş nazir Novruz Məmmədov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.

Novruz Məmmədov ölkədə informasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, dövlətimizin başçısı bütün sahələr kimi bu sahəyə də böyük diqqət ayırır və Azərbaycanda bununla bağlı kifayət qədər işlər görülür. Dövlət Gömrük Komitəsi də informasiya texnologiyalarının inkişafına öz töhfəsini verən qurumlardandır.

Baş nazir qeyd edib ki, Ümumdünya Gömrük Təşkilatının bu konfransının Bakıda keçirilməsi də informasiya texnologiyaları sahəsində Azərbaycanın uğurla irəlilədiyinin bariz nümunəsidir.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirin vacibliyini diqqətə çatdıraraq vurğulayıb ki, elektron xidmətlər sırasında elektron gömrük Azərbaycanda ön sıralardadır. Bu istiqamətdə ciddi islahatlar aparılıb, şəffaflığın təmin edilməsi baxımından vacib işlər görülüb. Sahibkar-məmur münasibətlərinin minimuma endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi baxımından da Gömrük Komitəsi mühüm nailiyyətlər əldə edib.
S.Mehdiyevin sözlərinə görə, Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisi bu təşkilata üzv dövlətlərin gömrük xidmətlərinin informasiya texnologiyaları barədə fikir mübadiləsi aparması, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və gömrük xidmətlərinin təcrübələrinin bölüşməsi baxımından əhəmiyyət kəsb edir: “Bu gün Ümumdünya Gömrük Təşkilatının (WCO) ən böyük tədbirinin “İnformasiya Texnologiyaları və İnnovasiyalar Konfrans və Sərgisinin” Bakıda keçirilməsi heç də təsadüfi deyil. İlk dəfə olaraq həm özəl, həm də dövlət sektorunu öz nəzdində tutmuş təşkilat iki tədbiri – informasiya texnologiyaları konfransı və sərgisini və texnologiyalar və innovasiyalar forumunu birləşdirərək vahid bir tədbir çərçivəsində təşkil edir. Belə bir yeniliyə məhz Bakıda keçirilən tədbirdə imza atılması ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsindəki qazandığı xüsusi rəğbətin və etibarın göstəricisidir”.

S.Mehdiyevin konfransda hansı mövzuların müzakirə ediləcəyini də açıqlayıb: “SMART sərhədlər üzrə yeni texnologiyalar, ticarət, səyahət və daşımalar üçün yeni imkanlar mövzusunda keçirilən konfransda beynəlxalq ticarətin təhlükəsizliyini və dayanıqlığını təmin etmək məqsədi ilə gömrük işi sahəsində blokçeyn texnologiyalarından, süni intellektdən istifadə kimi məsələlər ətrafında maraqlı müzakirələr aparılacaq, tətbiq edilə biləcək ən müasir texnoloji həllər barədə təqdimatlar keçiriləcək. Ölkəmizdə İT-nin tətbiqinə xüsusi önəm verilir”.

ÜGT-nin informasiya texnologiyaları konfransı və sərgisi iyunun 14-dək davam edəcək.


Həmçinin oxuyun

“Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək” – Deputat

“Belə görünür ki, cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək və bunda da Ermənistan tərəfi maraqlıdır”.  Bunu …