Bazar , Fevral 25 2024
Ana səhifə / Aktual / “Elektrik məndə hal qoymayıb, vannalar bütün bədənimi bərbad edib”- Cavidin ailəsinə şikayəti

“Elektrik məndə hal qoymayıb, vannalar bütün bədənimi bərbad edib”- Cavidin ailəsinə şikayəti

Moderator.az XX əsr Azərbaycan poeziyasının ən mükəmməl imzası olan Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında silsilə yazıları davam etdirir.
Bu dəfə böyük dramaturqun həyatının qanlı repressiyadan qabaqkı illəri təsvir olunur. Ailəsinə yazdığı məktub 1927-ci ilə aiddir. Yəni, hələ repressiyaya çox var, düz 10 il… Amma həyatı çətinliklərlə keçən Cavid əfəndi o illərdə də müəyyən məşəqqətlərə dözməli olur.
Bu ağrılar onun səhhəti ilə bağlıdır. Məktubda hər şeyi dəqiq anlamaq olacaq. Odur ki, dahi Cavidin üslubuna toxunmadan onun həyat yoldaşı Müşkünaz xanıma yazdığı məktubu təqdim edirik:
“Əziz və sevgili Müşkünaz! İndiyə qədər dörd-beş açıq məktub yazmışam. Ərtoğrolun açıqcasından başqa bir məktub almamışam. Bilməyirəm, cavab yazmayırsan, yaxud poçtxanamı verməyir? Hər-halda, bu qədər tənbəllik yaramaz.
Desəm ki, vannallar və elektrik məndə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qısasına da ərinirəm. Daha doğrusu, Məşədi İbad kimi adımı da özgədən soruşuram. Vannalar bütün-bütünə əsabı və hafizəni bərbad edir. Az qalmış ki, tədavi proqramımı yarılayım, bu gün-yarın qulluğunuzdayam. Çocuqlardan muğayət ol! Ərtoğrola söylə ki, gözü Turancığın üzərində olsun, savaşmasınlar, yoxsa acıq edib bir yolluq Mərdəkana gəlmərəm. Çocuqları mənim tərəfimdən öpərsən…
Mişkinaz! Bu gün üçüncü məktubunuzu aldım ki, Ərtoğrol ilə bərabər yazmışdınız. Çox məmnun oldum. Keçən gün doktorun yanında idim. Üçüncü dəfə müayinə etdi. Yenə narzan və elektrik və digər ilaclar yazdı. Doktorun fikrincə, iyulun iyirmisinə qədər tədavi bitər, sərbəst olaram. Mən bir də doktora gedəcəyəm. Proqrama bir şey əlavə etməsə, ayın iyirmisində çıxacağam, çünki qəribsəməyə başladım, tanış da çox az… Pənah bəy də dünən yox, srağagün gəldi. Kislovodskın yağmurları dad-bidad eləyir. Dışarı çıxmaq mümkün deyil. Yenə beş-altı girvənkə kökəldim. Professor, qətiyyən yaramaz deyə, ac buraxır. Gündüz yatmağa heç qoymayır. Gələn dəfə ayrıca Ərtoğrola şəkilli açıqca yazacağam, bu dəfə bağışlasın. Çocuqları öpürəm. Ərtoğrol Həlimənin də dərslərinə baxsın…
Baqi ehtiram, səni öpürəm”.

Həmçinin oxuyun

Fransa Qarabağda yeni müharibəyə zəmin hazırlayır? – VİDEO

Ermənilərdən daha çox erməni kimi davranan Fransa Prezidenti Emmanuel Makron Ermənistana hərbi texnika göndərəcəyini bildirmişdi. …