Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Eldar Sabiroğlunun RƏSUL QULİYEV VƏ ƏLİ İNSANOVLA əlaqəsinin olmasına dair iddialar

Eldar Sabiroğlunun RƏSUL QULİYEV VƏ ƏLİ İNSANOVLA əlaqəsinin olmasına dair iddialar

Qabil Hüseynli: “Eldar Sabiroğlunun deputatlığında Prezident Administrasiyasının rəhbərinin rolu olub”
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, sabiq YAP-çı deputat Eldar Sabiroğlu son günlərdə mətbuatdakı sərt çıxışları ilə diqqət çəkir. Əvvəllər ümumi şəkildə hakimiyyət əleyhinə danışsa da, son müsahibələrində o, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi hədəf alıb.

Hakimiyyətin əsas fiqurlarından olan bir şəxs barədə E.Sabiroğlunu sərt danışmağa vadar edən nə səbəb ola bilər? Sabiq deputat hansı çevrəyə yaxındır, yaxud onu kim belə danışdırır?

E.Sabiroğlu 1998-ci ildən başlayaraq gözdən düşmüşdü. Onun Milli Məclisin sabiq sədri Rəsul Quliyevlə əlaqəsinin olduğu deyilirdi. Buna görə E.Sabiroğlu özü R.Quliyevin əleyhinə olan toplantıda arayış verməli olmuşdu. AzTV-də yayımlanan həmin iclasda Eldar Sabiroğlu Rəsul Quliyevlə əlaqələrini cidd-cəhdlə təkzib etməyə çalışırdı. Amma artıq gec idi, o, özünü heç cür təmizə çıxara bilmədi və 2000-ci ildə keçirilən parlament seçkilərində kənarda saxlandı. Bir daha parlamentə buraxılmadı.

Sonralar E.Sabiroğlunun çətir dəyişdirdiyi, sabiq səhiyyə naziri Əli İnsanovun qrupuna yaxınlaşdığı deyildi. Bu manevr də onun köməyinə gəlmədi. 2005-ci ildə Ə.İnsanovun həbsindən sonra E.Sabiroğlu tamamən unuduldu.

Amma bir neçə il sonra E.Sabiroğlu Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəis gətirildi. Bu təyinatdan sonra onun sabiq müdafiə naziri Səfər Əbiyevin daxil olduğu hakimiyyətdaxili qruplaşmaya aid olması barədə söz-söhbətlər dolaşmağa başladı. Bu versiya daha inandırıcı göründü. Belə ki, S.Əbiyevin istefaya göndərilməsindən sonra yeni nazir Zakir Həsənovun dərhal E.Sabiroğlunu vəzifəsindən azad etməsi bir çox mətləblərdən xəbər verdi.
Göründüyü kimi, E.Sabiroğlunun daxil olduğu iddia olunan qrupların hər biri hakimiyyətdaxili “vurulmuş qruplar” hesab olunur. Burada da bir sual yaranır. Hazırda heç bir vəzifəsi olmayan E.Sabiroğlu R.Mehdiyevi sevməyən hansı çevrəyə yaxındır ki, belə arxayın şəkildə danışır?

Onu da qeyd edək ki, E.Sabiroğlu eyni zamanda YAP Siyasi Şurasının üzvü Siyavuş Novruzovun da ünvanına aşağılayıcı ifadələr işlədir. Bəzi ekspertlər hesab edirlər ki, onun sərt çıxışlarına səbəb qarşıdan gələn parlament seçkilərində yenə də YAP-ın siyahısından kənarda qalacağını öncədən bilməsidir.

Mövzunu “Yeni Müsavat”a şərh edən politoloq Qabil Hüseynli E.Sabiroğlunun parlamentə deputat seçilməsində Ramiz Mehdiyevin böyük rolu olduğunu bildirdi:

“Eldar Sabiroğlu manevr etməyi bacaran şəxsdir. Gerçəkliyi qiymətləndirməyi bilir. Onun hansı qruplarla əlaqəli olduğunu deyə bilmərəm. Onu bilirəm ki, onun Müdafiə Nazirliyinə gətirilməsində də Ramiz Mehdiyevin müsbət fikri olub. Birdən-birə ona yaxınlıq etmiş, karyerasının formalaşmasında əməyi keçən şəxsə qarşı subyektiv fikirlər səsləndirməsi doğru deyil. Heç bir elmi rütbəyə, elmi ada malik olmayan Eldar Sabiroğlunun akademik səviyyəsinə yüksəlmiş, bütün həyatını elmə, siyasi fəaliyyətə həsr etmiş, dövlətçiliyimizin möhkəmləndirilməsində xidmətləri olan bir şəxsə qarşı çevrilməsi çox ciddi yanlışlıqdır. Görünür, o, yeni karyera eşqinə düşüb. Özü də fikirlərinin heç birində zərrə qədər həqiqət payı yoxdur. Tənqidi səsləndirəndə də cəmiyyətə verə biləcək həqiqətlər olmalıdır. Bunun fikirləri isə sırf şəxsidir. Şəxsi incikliklərdən qaynaqlanan fikirlərdir. Zənnimcə, bu fikirlər obyektivliyə söykənmir. Bu şəxs qarşıdakıları intriqaya çəkir. Ramiz Mehdiyevin adını çəkmək istəmirəm. Bu məsələdə heç Siyavuş Novruzov da onun üstünə şığımaz. Çünki uzun müddət bir yerdə çalışıblar. Siyavuş Novruzov da onunla bağlı başqa həqiqətləri söyləyə bilər. Bu o demək deyil ki, belə həqiqətlər yoxdur. Eldar Sabiroğlunun çıxışlarını yersiz hesab edirəm. Qərbi azərbaycanlı kimi hesab edirəm ki, onun mövqeyi qərbi azərbaycanlıların mövqelərinə uyğun gəlmir”.

Politoloq E.Sabiroğlunu danışdıran qrup və ya şəxslər barədə sualımıza belə cavab verdi:

“Eldar Sabiroğlu təbiətcə mövcud vəziyyəti dəyərləndirən şəxsdir. Buna uyğun da sözlər deyir. Açığı, indi onu kimin, yaxud kimlərin danışdırması barədə suala cavab verməyə çətinlik çəkirəm. Özünün də danışdığını deyə bilmərəm. Çünki onun söylədikləri o qədər qeyri-ciddi, gülməlidir ki, söylədiyinin haradan qaynaqlandığını deməyə çətinlik çəkirəm”.
Q.Hüseynli hakimiyyətin E.Sabiroğluna göstərdiyi etimada da toxundu: “Bu, hakimiyyətin öz mövqeyidir. Bu adam israrçı şəxsdir. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün xidmətlərini şişirdə-şişirdə müəyyən dairələrdən etimad qazana bilib. Burada ona müsbət yanaşma metodu da öz rolunu oynayıb”.

Müsahibimiz E.Sabiroğlunun sərt çıxışlarının gələcəkdəki nəticələri barədə də danışdı: “Düşünürəm ki, bir nəticəsi olmayacaq. Tənqid olunan tərəf belə şeylərə baş qoşmayacaq. Qarşıdan gələn seçkilərdə ona etimad göstəriləcək, ya yox, bunu deyə bilmərəm. YAP-ın səlahiyyətində olan məsələdir. Deputatlıq məsələsi YAP rəhbərliyi səviyyəsində həll olunur. Partiyanın sədri cənab prezidentdir”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın