Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / ELDAR SABİROĞLUNA AĞIR XƏYANƏT İTTİHAMI: “Müdafiə Nazirliyindən də düşmənlərə hansısa məlumatları ötürməsini düşünməmək qeyri-mümkündür”

ELDAR SABİROĞLUNA AĞIR XƏYANƏT İTTİHAMI: “Müdafiə Nazirliyindən də düşmənlərə hansısa məlumatları ötürməsini düşünməmək qeyri-mümkündür”

Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş NovruzovMüdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, keçmiş deputat Eldar Sabiroğluna yazılı cavab verib. Azinforum.az apa-ya istinadən S.Novruzovun cavabını təqdim edir:

“Qurucusu Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası dövrün sınaqlarından uğurla çıxaraq müstəqil Azərbaycanın həm ideoloji, həm təşkilati baxımından siyasi avanqardı kimi çıxış edir. Hazırda möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz və partiya öz inkişafında keyfiyyətcə yeni və uğurlu mərhələ yaşamaqdadır. Bu baxımdan, qürurla deyə bilərik ki, Azərbaycan dövlətçiliyinin əsaslandığı ideoloji xətt məhz YAP-ın proqramında təsbit olunmuş prinsiplərdən qaynaqlanır.

Yarandığı gündən Azərbaycan dövlətinin və xalqının maraqlarının qoruyucusu qismində çıxış edən, eləcə də, milli mənəvi dəyərlərimizin, inkişafımızın əsas dəstəkçisi sayılan Yeni Azərbaycan Partiyası xalqımızın etimadını qazanıb. Bu etimad istər ölkəmizdə keçirilən seçkilərdə, istərsə də ümummilli məsələlərdə xalq-hakimiyyət vəhdəti qismində özünü biruzə vermişdir. Müasir, inkişaf etmiş Azərbaycanın iqtisadi-siyasi inkişafının əsas dayaqlarından sayılan və Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası qanunvericiliyimizin zənginləşməsində, demokratik prinsiplərin qorunmasında, şəffaf, ədalətli seçki mühitinin formalaşdırılmasında, vətəndaş cəmiyyətinin inkifaşında və çoxpartiyalı sistemin təkmilləşməsində mühüm və dəyərli rol oynayır.

Təssüf ki, bəzən bir qism insanların YAP-ın adından istifadə edərək özünü siyasi gündəmə daşımaq və ya fərd olaraq özünü siyasi proseslərin «vacib komponenti» kimi təqdim etmək istəkləri meydana çıxır. Bu isə fərdi maraqların dövlətçilikdən, ümummilli mənafedən önə keçməsinin təzahürü kimi qeyd olunmalıdır. Bu insanlar öz çirkin məqsədlərinə çatmaq üçün yüksək vəzifəli dövlət məmurlarına, ayrı-ayrı tanınmış siyasətçilərə qarşı böhtan kampaniyası başladır, onlara şər atır. Bu isə cəmiyyət tərəfindən də neqativ qarşılanır. Cəmiyyətin bəlasına çevrilmiş bu insanlar şəxsi maraqların girovunda ikən daha təhlükəli olurlar.

Məsələn, Eldar Sabiroğlunun bir sıra radikalyönümlü mətbu ruporlarda ortaya atdığı iddialar, səsləndirdiyi cəfəng fikirlər, böhtanlar və yalanlar onun hansı məqsədlərə kökləndiyini təsdiqləyir. Bu şəxsin özü haqda rəy formalaşdırmaq arzusu, bunun fonunda isə ölkəmizin tanınmış siyasətçilərinə, ictimai xadimlərinə və dövlət məmurlarına qarşı kampaniya aparmaq niyyəti onun əsl simasını bir daha ifşa edir.

Vurğulamaq yerinə düşər ki, Eldar Sabiroğlunun hər kəsə bəlli olan xəyanətləri, riyakarlığı, ikiüzlülüyü, satqınçılığı və digər əməlləri ilə bağlı mətbuatda dəfələrlə bəhs edilib. Özünü 1993-cü ilin fevralından YAP Mərkəzi Aparatının işçisi kimi qələmə verən E.Sabiroğlu əslində, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsində nəzarət-təftiş komissiyasının üzvü idi. AXC-Müsavat cütlüyünün zor gücü və qeyri-şəffaf yolla hakimiyyəti əldə etidiyi zamanlarda bu şəxs onların tərənnümçüsü və təbliğatçısı rolunda çıxış edirdi. Daha doğrusu Abşeron rayonunun İcra Hakimiyyəti başçısının müavini vəzifəsi uğrunda dəridən-qabıqdan çıxırdı. Hələ o dövrdə, yəni, 1992-cü ilin noyabrında Naxçıvanda Heydər Əliyevə qarşı çevriliş cəhdləri edildiyi zamanda E.Sabiroğu Xalq Cəbhəsinin nəzarətində olan mətbu orqanlarda məhz Ulu öndərə qarşı mütəmadi çıxışları ilə yadda qalırdı. Lakin AXC rəhbərliyinin ona etimad göstərməməsi onu incik saldı. E.Sabiroğlu cəbhəçi yoldaşlarının vəzifələri öz aralarıda paylaşdığını və onun isə bu bölgüdən pay ala bilmədiyini, kənarda saxlanıldığını görüb, lazımsızlığını anladı və AXC sıralarından kənarlaşdı. Nəhayət, istifadəyə yararsızlığını dərk edən Eldar qisas almaq üçün özünə yollar arayırdı. Uzun çəkən bu axtarışlar Eldarı nəhayət, YAP-a gətirib çıxardı. Lakin o öz seçimində yenidən səhv etdi. Çünki YAP müqəddəs amallar və niyyətlər üçün yaranmışdır. Eldar kimilər orada uzun müddət fəaliyyət göstərə bilməzdi.

Qisasçılıq zəminində AXC-yə qarşı çıxışlar edən E.Sabiroğlu 1994-cü ilin fevral ayında kimlərinsə Əli Nağıyevdən xüsusi xahişləri əsasında “Səs” qəzetində müxbir kimi işə başlayıb. Lakin qeyd etmək lazımdır ki, həmin dövrdə qəzet rəhbərliyi və kollektivi bu “xüsusi xahişə” qarşı olublar. (Həmin dövrdə “Səs” qəzetinin baş redaktoru, hazırda isə “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov və hazırda Nərimanov rayon İH-nın başçısı Abdin Fərzəliyev bu faktı təsdiqləyər). Həmin ilin avqust ayında partiyanın Mərkəzi Aparatı nəzdində analitik mərkəz yaradıldı. Quruma rəhbərlik Səyyad Arana həvalə edildi. Lakin o, həm də “Səs” qəzetinin baş redaktorunun müavini olduğu üçün bu vəzifə Eldara tapşırıldı. Sadəcə qısa müddətdə analitik mərkəz adlı quruma “rəhbərlik” edən bu şəxsin partiyanın idarəçiliyində və ya hər hansısa təyinatda, təqdimatda necə rolu ola bilərdi? Hətta partiyanın ali seçkili orqanı sayılan İdarə Heyətinin səlahiyyətində olan bir təyinatı E.Sabiroğlunun öz adına çıxması, onun hansı anormal gərginliklər içində olmasını təsdiq edir.

E.Sabioğlunun yaxın keçmişlə bağlı danışdığı yalanları sadəcə nağıl adlandırmaq daha doğru sayılardı. Özü haqda yüksək fikirdə olan Eldar irəli sürdüyü yalan iddialarla özünü 90-cı illərin mühüm fiquru sayması gülünc iddiadan başqa bir şey deyil. Bu gün E.Sabiroğlu yalanları ilə elə şəxsləri hədəfə alır ki, həmin insanlar o dövrdə YAP-ın təşkilatlanması istiqamətində işlər aparıb, bölgələrdə partiyanın strukturlarının güclənməsi yönümündə fəaliyyət nümayiş etdirib.

1994-cü ildən 1995-ci ilin sonuna qədər «Səs» qəzetində işləyən E.Sabiroğlu ciddi jurnalistika ilə deyil, rayonlarda icra başçısından narazı olanlar və yaxud da onun yerinə keçmək istəyində olan insanlardan xüsusi həvəsləndirmə müqabilində sifarişli məqalələri ilə yadda qalıb. (“Səs” qəzetinin həmin dövrdəki saylarına baxa bilərsiniz). O hətta partiyanın İdarə Heyəti və Siyasi Şura üzvlərinə qarşı şər, böhtan, şantaj xarakterli yazılarla çıxış edirdi. (Siruz Təbrizli, Rafael Allahverdiyev, Yusif Hümbətov, Samur Novruzov və başqaları bu qəbildən “hədəf” seçilmişdi). O cümlədən, ölkənin mühüm dövlət postlarında fəaliyyət göstərən şəxslərə qarşı sifarişli məqalələri ilə yadda qalan E.Sabiroğlunun jurnalistika fəaliyyəti sadəcə pul qazanmağa köklənmişdi. «Siyasi fəaliyyəti» tamadalıqla məhdudlaşan Eldarın əxlaqı, mənəviyyatı həmin dövrdə partiya aparatında fəaliyyət göstərən insanlara yaxşı məlumdur.

Qəribəsi budur ki, E.Sabiroğlu öz yalanlarına o qədər qapılır ki, miqyasını belə itirir. Nə siyasətdə, nə də jurnalistikada imzası olmayan E.Sabiroğlu bu gün özü haqqında xüsusi rəy yaratmağa çalışır. Təbii ki, bu cəhdlər səmərəsizdir. Axı səni hamı yaxşı tanıyır ay Eldar!

eldar

Bəs Eldar Sabiroğlu özünü Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin «tələbəsi» adlandırmaqla ilə nə demək istəyir, nəyə nail olmaq arzusundadır? E.Sabiroğlu özünü Ali Partiya Məktəbinin məzunu adlandırır. Akademik Ramiz Mehdiyev isə 1972-1974-cü illərdə o zamankı Azərbaycan Dövlət Universitetində (Bakı Dövlət Universiteti) pedoqoji fəaliyyətlə məşğul olub. Hətta akademik Ramiz Mehdiyevin hansı fənndən ona dərs dediyini belə öz yalanları ilə bəzəyən bu adam o qədər başını itirib ki, yalanlarının miqyasının girdabında itib-batıb. Bir məqamı da vurğulamaq gərəkir ki, akademik Ramiz Mehdiyev həmin dövrdə elmi kommunizmdən, həm də rus dilində dərs deyib, Eldar Sabiroğlu isə nəinki rus, heç Azərbaycan dilində doğru düzgün danışa bilmir. Digər tərəfdən, o zamanlar Eldar Sabiroğlu Azərbaycanda təhsil almamışdı. Həmin dövrdə o, əvvəlcə, Zəngibasarın Zəhmət kəndindəki orta məktəbin, daha sonra Yerevandakı Pedaqoji İnstitutunun uğursuz yetirmələrindən biri idi. E.Sabiroğlunun akademik Ramiz Mehdiyevin mühazirəsini dinləməsi onun üçün etiraf etməsə də, əlbəttə şərəf olardı. Çünki akademik Ramiz Mehdiyevin nəhəng elmi fəaliyyətini bir kənara qoysaq, onun Azərbaycan xalqının milli kimliyi, müasir ictimai-siyasi təhlilləri, dünyadakı geosiyasi vəziyyət, ölkəmizdəki radikal müxalifətin yaratdığı “beşinci kolonun” ifşasına həsr etdiyi çoxsaylı məqalələr, həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın Gorusdakı sayıqlamalarına verdiyi elmi faktlara söykənən tutarlı cavablar onun sadəcə ictimai xadim və dövlət məmuru kimi deyil, ləyaqətli bir Azərbaycan vətəndaşı kimi hərtərəfli şəxsiyyətindən xəbər verir. Bu sanballı əsərlərin bircə səhifəsini belə yazmağa qabiliyyəti və istedadı çatmayan Eldar Sabiroğlunu çirkin əməllərə sövq edən, həm də nakam şöhrətpərəstlik hərisliyidir.

Bütün həyatını yalnız yalanlar və tərif söyləmək məharəti üzərində quran E.Sabiroğlu 1995-ci ilin may ayında Rəsul Quliyev ilə parlamentin binasında görüşdükdən sonra birmənalı şəkildə onun məclislərinin tamadasına, Rəsul Quliyevin tərənnümçüsünə çevrildi. Həmin dövrdə E.Sabiroğlu istər mətbuatdakı çıxışlarını, istərsə də açıqlamalarını R.Quliyevə həsr etmişdi. Bütün bu faktlar həmin dövrün mətbuatında öz əksini tapıb. E.Sabiroğlu öz yalanları ilə bunun üstünü örtə bilməz. 1998-ci ilin prezident seçkiləri zamanı radikal müxalifət düşərgəsinin xəbərçisi vəzifəsini layiqincə yerinə yetirən E.Sabiroğlu YAP-ın seçki qərargahındakı informasiyaları qarşı tərəfə ötürməklə məşğul olmuşdu. Partiya tərəfindən ona verilmiş mobil telefon ilə radikal müxalifət nümayəndələrinə dəfələrlə zənglər edən, gündüzlər YAP, gecələr isə AMİP qərargahında hərlənən E.Sabiroğlu elə həmin dövrdə ifşa edilmişdi. Bir sözlə, E.Sabiroğlu özünü üzdə başqa cür təqdim etməyə çalışsa da, hər zaman anti-partiya mövqeyində və fəaliyyətində olan birisi olub.

Bu gün Ulu öndər Heydər Əliyevin adından istifadə edən, bununla da özünə siyasi dividend qazanmağa çalışan E.Sabiroğlu hələ Ümumilli liderimizin partiya Sədri və dövlət başçısı olduğu dönəmdə partiyanın siyasi şurasından və aparatından qovulub, adı partiyanın proporsional seçki siyahısından çıxarılıb. Xəyanətləri, ikiüzlülüyü, riyakarlığı bütün aləmə bəlli olan Eldar 2000-ci ilin parlament seçkilərində partiyanın mövqeyinin ziddinə olaraq namizədliyini fərdi qaydada irəli sürdü və təbii ki, həmin seçkidə də heç kəs ona dəstək olmadı. Uzun müddət tüfeyli həyat sürən, özünə ünvan tapa bilməyən Eldar nəhayət, 7 ildən sonra hansısa yollarla Müdafiə Nazirliyinə gəlib çıxıb. Əslində, E.Sabiroğlunun mahiyyətini göz önünə aldıqda, onun Müdafiə Nazirliyindən də düşmənlərə hansısa məlumatları ötürməsini düşünməmək qeyri-mümkündür.

(Yeri gəlmişkən Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri bu məsələ ilə məşğul olsa yaxşı olar) Çünki onun işi, xisləti məhz xəyanətdən və satqınlıqdan ibarətdir. 20 il ərzində Eldar Sabiroğlunun 5 dəfə işdən qovulması bu insanın hansı «xarakterə» malik olmasının əyani sübutudur. Məqsədi, məramı insanlara çamur atmaq, çirkab içində şellənən, mayası şər və böhtanla yoğrulmuş E.Sabiroğlu bu gün radikal müxalifətin yalanlar püskürən, xalqımızın və dövlətimizin milli maraqlarına düşmən kəsilən mətbu ruporları özünə tribuna etməklə heçnəyə nail olmayacaq. Bu gün işbirliyində olan E.Sabiroğlu və «Azadlıq» qəzeti eyni xislətin daşıyıcılarıdır. Bir sözlə, xəmiri xəyanətlə yoğrulanın düzəlmə ehtimalı çox aşağıdır.

Biz ona yalnız məsləhət görə bilərik ki, əgər azacıq da olsa, vətəndaşlıq duyğusu qalıbsa Azərbaycanın işğal altında olan əraziləri, qədim yurd yerlərimiz (İrəvan, Zəngəzur, Göyçə, Naxçıvan, Dərələyəz, Qarabağ və s.) haqqında görkəmli alimlərimiz İsa Həbibbəyli, Vəli Əliyevin, Yaqub Mahmudovun, İsmayıl Hacıyevin, Musa Urudun əsərlərini oxusun və qabiliyyəti varsa, zərrə qədər də olsa xalqımızın tarixi və mədəni irsinə nəsə bir tövhə versin. Çünki artıq yaşı 60-ı haqlamaqdadır və geriyə dönüb baxsa görəcək ki, heç bir faydalı işlə məşğul olmayaraq ömrünü dedi-qodular və şər-böhtanlarla bada verib”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın