Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Eldar Sabiroğlu ”mahmudovçu” qrupun üzvüdür”

“Eldar Sabiroğlu ”mahmudovçu” qrupun üzvüdür”

Sabiq YAP-çı deputat Prezident Administrasiyası rəhbərinə qarşı yenə məqalə yazıb; Qabil Hüseynli polkovnik barədə sensasion ittihamlar səsləndirdi

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, sabiq YAP-çı deputat Eldar Sabiroğlu növbəti dəfə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əleyhinə yazı ilə çıxış edib. Aylar öncə sərt yazıları ilə gündəmi zəbt edən polkovnikin son yazısı daha kəskindir…

Məqalə əvvəlki yazılar kimi başdan-ayağa Prezident Administrasiyası və qurumun rəhbərinin tənqidi üzərində qurulub. E.Sabiroğlu indiyə qədər səsləndirmədiyi fikirləri bu məqalədə açıqlayıb. MTN olaylarına toxunan sabiq YAP-çı deputat təhlükəsizlik orqanında indiyə qədər baş verən cinayətlərdən Prezident Administrasiyasının xəbərsiz olmasının mümkünsüzlüyünü vurğulayıb. Polkovnikin yazıdakı daha bir iddiası daha dəhşətlidir.

O, 2013-cü ilin əvvəllərində Bakıda keçirilən “Əsgər ölümlərinə son!” aksiyasını Müdafiə Nazirliyinin əleyhinə təşkil olunan etiraz kimi qələmə verərək, burada da Prezident Administrasiyasının rəhbərini günahlandırıb, onun aksiyadan xəbərinin olduğunu bildirib. Polkovnik bunu sabiq müdafiə naziri Səfər Əbiyevə qarşı plan kimi qələmə verib…

Heydər Əliyev hakimiyyətinin ilk illərində dövlət müşaviri işləmiş politoloq Qabil Hüseynli hesab edir ki, Eldar Sabiroğlu kimlərinsə xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxır: “Eldar Sabiroğlunu kimlərsə danışdırır, o da kimlərinsə xoşuna gəlmək istəyir. Hədəf kimi bəlli şəxsi seçməsi də təsadüfi deyil. O, olmayan hakimiyyətdaxili ziddiyyətlərdən zahirən öz xeyrinə bəhrələnmək istəyir. O, Prezident Administrasiyasında işləməyib. Onun dedikləri uydurmadır. Konstitusiyada yazılıb ki, güc nazirliklərinin hamısı birbaşa prezidentə tabedir. Prezident Administrasiyanın baş verənlərdən xəbərinin olub-olmamasının elə də əhəmiyyəti yoxdur. 11 ildən artıq iş başında olan insanın fəaliyyətindən başqaları nə qədər xəbərdardırsa, Prezident Administrasiyası da bu qədər xəbərdar ola bilərdi. Qərarların qəbul edilməsində, icra olunmasında bu qurumun rəhbəri prezidentdən aldığı tapşırıqlar əsasında işləyir. Prezidentin tapşırığı olmadan, o, hər hansi bir təşəbbüslə çıxış edə bilməz. Onun dedikləri təxəyyülünə gücənərək dediyi fikirlərdir”.

Politoloq R.Mehdiyevin Eldar Mahmudovun əməllərindən xəbərinin olmasının mümkünsüz olduğunu da qeyd etdi: “Prezident Administrasiyasının rəhbəri Mahmudovun əməllərini bilə bilməzdi. Prezidentin özü də son zamanlar bu hadisənin mahiyyətini yalnız şahid ifadələrindən sonra öyrənə bilib. Bu hadisələr barədə ilkin məlumatlar ölkə başçısına daxil olub. Ondan sonra bu hadisənin ictimailəşməsi prosesi gedib. Bu baxımdan inanmıram ki, hadisələrin üstü açılana qədər Prezident Administrasiyası səviyyəsində hər hansı bir qurumun bundan xəbəri ola bilərdi. Eldar Sabiroğlu göy guruldamasının da səbəbini Ramiz Mehdiyevdə axtarır. Hər kəs bilməlidir ki, Ramiz Mehdiyevə qarşı mübarizə aparan qrupun başında Eldar Mahmudov dayanırdı. Eldar Sabiroğlu da ”mahmudovçu” qrupun üzvlərindən idi. Həmin adamın intellektual səviyyəsinə, iş qabiliyyətinə bələdəm. Özündən bu dərəcədə müştəbeh olub, özü ilə adını çəkdiyi bir şəxsi tərəzinin bir gözünə qoyması, sadəcə olaraq, özünün reytinqini qaldırmaq məqsədidir. Görüntü yaratmaq istəyir ki, görün mən kimlərlə vuruşuram, mübarizə aparıram. Belə saxta rəylər yaratmağa çalışır. Əgər o, haqq-ədalət uğrunda mübarizə aparmış bir şəxs olsaydı, nəyisə düzəltmək xətrinə meydana atılmış olsaydı, başqa cür hərəkət etməli idi. O, hədəf kimi Azərbaycan dövlətçiliyinin keşiyində kişi kimi cəsarətlə dayanan bir şəxsi götürürsə, faktiki olaraq, Azərbaycan dövlətçiliyinə qarşı çıxır. Bunu belə düşünürəm. Bu şəxsin bəd niyyətlərini qətiyyətlə pisləyirəm. Güman edirəm ki, cəmiyyətin böyük hissəsi də düşündüyüm kimi düşünür”.

Q.Hüseynli polkovnikin hər yazısında Heydər Əliyev və ölkə başçısının adından istifadə etməyinə də aydınlıq gətirdi: “Bu, yaltaqlığın, məddahlığın bir formasıdır. Əlbəttə, Heydər Əliyev və İlham Əliyev tərifəlayiq şəxslərdir. Mən Heydər Əliyevin dövründə dəfələrlə şahidi olmuşam ki, o, Ramiz Mehdiyevin haqqında yüksək fikirlər söyləyib. Onun iş təcrübəsindən öyrənməyi tövsiyə edib. Heydər Əliyev və Ramiz Mehdiyev münasibətləri o zaman digərləri üçün bir örnək idi. Bunları bir-birindən ayırmaq Azərbaycan dövlətçiliyinin uğurlu bir komandasını üz-üzə qoymaq cəhdlərindən başqa bir şey deyil”.

Sabiq dövlət müşaviri E.Sabiroğlunun iki il öncəki əsgər ölümləri ilə bağlı keçirilən aksiyada R.Mehdiyevi ittiham etməsinə də toxundu: “Bu şəxs doğrudan həqiqət carçısı kimi çıxış edirsə, özü həmin zaman vəzifədə idi, niyə o vaxt bu məsələni qaldırmadı? Ordumuzun Səfər Əbiyev dövründəki vəziyyətinə də baxın, indiki vəziyyətinə də. Ordumuzun bugünkü yüksək səviyyəli döyüş hazırlığı, hər cür silahlarla silahlanması, birinci Ali Baş Komandan İlham Əliyev cənablarının xidmətidir.

 

Ondan sonra isə bu işi bilavasitə icra edən Zakir Həsənov cənablarının xidmətidir. Çəkinmədən deyirəm ki, ordumuz Səfər Əbiyev və Eldar Sabiroğlunun işlədiyi dövrdə ağır vəziyyətdə idi. Bu gün Azərbaycan ordusunun torpaqları azad etməyə, müstəqilliyimizi qorumağa qadir potensialı var. Əsgər ölümlərinin təşkilində Ramiz Mehdiyevin iştirakı haqqında fikirlər o qədər gülünc və əsassızdır ki, hətta onlara cavab verməyi lüzumsuz hesab edirəm. Eldar Sabiroğlu qərbi azərbaycanlıların adından çıxış edib, onları yerdə qalan əhali ilə qarşı-qarşıya qoymaq cəhdləri çox uğursuz bir çirkin niyyətdir, Azərbaycan dövlətçiliyinin əleyhinə yönəlmiş bir cəhddir”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın