Ana səhifə / Eldar Mansurov: “Bəstəkarları hörmətdən salıblar”

Eldar Mansurov: “Bəstəkarları hörmətdən salıblar”

Xalq artisti Eldar Mansurov APA-ya müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Eldar müəllim, bir müddətdir, görünmürsünüz, nə yenilik var? 
– Necə deyərlər, yaşayırıq. Yeniliklər həmişə var. Mən yaradıcılıqda planla yaşayan adam olmadığıma görə, hansı işlər olacaq, gələcək yeniliklər nədən ibarətdir, o haqda danışmağa çətinlik çəkirəm.
– Teatrlarla əməkdaşlığınız varmı? Siz bir neçə tamaşaya musiqi yazmısınız…
– Açığı, teatrla son vaxtlar ara-sıra məşğul oluram. Teatrda işlərim 80-90-cı illərdə olub. 2000-ci illərdə az da olsa, əsasən Mərahim Fərzəlibəyovla bir yerdə çalışmışıq. Nəyə görə Mərahimlə? Biz həm dostuq, həm də Mərahimdən başqa tək-tək teatr rejissorları, teatr direktorları mənə müraciət ediblər. Bir dəfə Amaliya Pənahovanın teatrı üçün, bir dəfə də Rövşən Almuradlının tamaşası üçün musiqi yazmışam. Mən bir tendensiyanı müşahidə edirəm. Bu, keçmişdə də var idi. Hərənin bir dostu vardı, onlar da özününküləri çağırırdılar. Düzü, belə şeyin əleyhinə deyiləm. Amma məsələ ondadır ki, eynilikdən çıxmaq üçün rejissor nəyə görə başqa bəstəkarlarla işləməsin? Başqa bəstəkar olanda rejissorun tamaşalarının rəngi dəyişir. Bunu etmirlər. Yəqin səmimiyyətimə inanarsınız: bunu özümə görə demirəm. İstəyirlər çağırsınlar, istəmirlər, çağırmasınlar. Artıq həvəsim də yoxdur.
– Həvəsim yoxdur desəniz də, içinizdəki o ehtiyacı hiss etdim… 
– Yazmaram demədim. Belə desəm, qeyri-səmimilik olar. Vacib olan bəstəkarın hansı rejissorla işləməsidir. Bu gün yaxşı rejissor çox azdır. Onların da öz adamları, öz dostları var. Musiqinin klassik janrından başqa bütün janrlarında həvəskarlar düşüb ortalığa. İndi musiqiləri aranjemançılar yazır. Hamısı da maliyyəyə bağlı məsələlərdir. Çünki bəstəkara gərək pul verəsən. Belə deyim, yaxşı mal bahalı olur. Bu gün bəstəkarları hörmətdən salıblar. İşlərin hamısını aranjemançılar görür.
– Hörmətdən düşməyin ağrısını gündəlik həyatınızda hiss edirsiniz? 
– Çəkilmişəm kənara, görüm, bunun axırı necə olacaq? Yalandan deməklə deyil ki, Azərbaycan musiqisi uğur qazanır. Vallah, nə o ifaçılar qalıb, nə də o bəstəkarlar. Qalan tək-tək adamları da kino və teatr musiqisindən o qədər uzaqlaşdırıblar, vəziyyət bu yerə gəlib çıxıb.
– Köhnə Bakının xiffətini çəkən adamlar çoxdur. Müsahibədən əvvəlki söhbətimizdə hiss elədim ki, sizin xiffətiniz başqalarınkına oxşamır… 
– Mən köhnə Bakının adamıyam. İndiki mərmərli Bakı mənim şəhərim deyil. Yayın möhkəm isti günlərindən birində bulvara getmişdim. Fontanın yanında dayandım ki, su dəysin, bir az sərinlənim. Bir oğlan üstümə gəldi ki, burda dayanmayın, olmaz. Sən demə, bulvarın direktoru deyib, camaatı bura yaxın getməyə qoymayın. Dünyanın hər yerində yaşıllığın üstündə gəzirlər, bizdə fontanın yanında dayanmağa qoymurlar. Bunların hamısı yalançı gözəlliklərdir. Yaxın durmayın, uzaqdan baxın, gedin. Ona görə mənim Bakım başqa idi. Mənim şəhərimdə səmimi insanlar, kişi adamlar var idi.
– İçərişəhərdə doğulan adamın belə şeyləri qəbul etməyi ikiqat çətindir…
– Hərdən gedirəm. İçərişəhər də o deyil. Məsələn, indi İçərişəhərdə yaşamaram. Əxlaq qaydaları, insanların münasibəti, mühit dəyişib. Mən içərişəhərli balası, hərdən yas yerinə gedirəm, şlaqbaumun arxasında dayanan adam girəndə də beş manat istəyir, çıxanda da. Üç-beş nəfər tanınmış içərişəhərli qalıb, onlara da belə münasibət göstərilir.
“Atam dünyasını dəyişməmişdən qabaq bəzi ağzıgöyçəklər deyirdilər, Eldara musiqiləri atası bəstələyir”
– Sizin dövrünüzlə müqayisədə bir gənc üçün bəstəkar kimi yetişmək, tanınmaq çətindir? 
– Bu gün bəstəkarlıq ən hörmətsiz sənətdir. Məsələn, istəmərəm hansısa gənc Eldar bəstəkar olsun. İndi hamı özünə bəstəkar deyir. Onların yanında bəstəkaram deməyə utanıram. Təhsili olmayan, savadı olmayan adam da özünə bəstəkar deyir.
– Nə vaxt hiss etdiniz ki, sizi atanıza görə yox, özünüzə görə tanıyırlar? 
– Mənə elə gəlir, atam rəhmətə gedəndən sonra. Atam dünyasını dəyişməmişdən qabaq bəzi ağzıgöyçəklər deyirdilər, Eldara musiqiləri atası bəstələyir. Mənim atam tarçalan idi, xalq musiqiləri, muğamlar ifa edirdi. Mən isə estrada musiqisi yazırdım. Atam dünyasını dəyişəndən sonra o adamlara deyirdim, yaxşı, Bəhram Mansurov yoxdur, mənim üçün mahnını indi kim yazır? Bəzən deyirlər, sənin şah əsərin “Bayatılar”dır. Elə düşünmürəm. Mənim şah əsərlərim başqadır. Sadəcə, “Bayatılar” çox məşhurlaşdı, oxundu. Mənim daha yaxşı musiqilərim var.
– Eldar müəllim, bu sualı bəstəkara vermək bəlkə yaxşı çıxmır, amma cavab verəcəyinizə inanıram: məşhur olan, amma ciddi musiqi kriteriyalarına görə zəif qiymətləndirdiyiniz əsəriniz var? 
– Zəif deyə bilmərəm, amma… Bilirsiniz necədir, bəxti gətirən və bəxti gətirməyən əsərlərim var. Əsər də insan kimidir: naxışı ya gətirir, ya gətirmir. Məsələn, “Bayatılar”ı yazanda eyni vaxtda Firəngiz Rəhimbəyovanın oxuduğu “İnanıram sevgiyə” mahnısını da yazmışdım. “Bayatılar”ın bəxti gətirdi, o birinin yox. Mənim aləmimdə “İnanıram sevgiyə” daha üstündür. Daha doğrusu, heç yanbayan qoymaq olmaz. Sadəcə, naxışı gətirmədi. Taledir də…
– Bizim musiqi tariximizdə istedadlı, amma naxışı gətirməyən bəstəkarlar da olub…
– Çox olub, amma ad çəkib onların ailələrini narahat etmək istəməzdim. Ailələri düşünmür ki, onlar naxışı gətirməyən bəstəkardırlar. Heç kimin xətrinə dəyməmək üçün susmağım yaxşıdır.
– İstəyirəm bir az da ailəniz, atanız haqqında danışaq… 
– Tək-tək adamlar var idi ki, bizim evdə olmayıb. Zakir Bağırov mədəniyyət naziri olanda xaricdən gələn qonaqları qarşılamağı atama həvalə edirdi. Bizim evdə aşı köhnə qayda ilə – qaşıqla yox, əllə yeyirdilər. Macarıstandan bir bəstəkar gəlmişdi, görüb hamı əllə yeyir, bu da ha çalışıb, alınmayanda, aşı götürüb töküb ovcunun içinə, başlayıb yeməyə. (Gülür). Yadımdadır, atam ona deyirdi, bundan sonra səndə alınmaz, gecdir. Mən xoşbəxt adamam ki, evimizdə böyük sənətkarları görmüşəm. Seyid Şuşinski, Qurban Pirimov, Yavər Kələntərli, Mirzə Mansur, Fikrət Əmirov, Əlövsət Sadıqov və başqaları. Ailənin ilki olduğuma görə, ad günlərimi təmtəraqla keçirirdilər. On altı kvadratmetrlik otağımıza 30-40 nəfər adam sığışırdı. Atamın bir xasiyyəti vardı: evə qonaq gələndə bizi oturdurdu divanda ki, qulaq asın. Mənim Eldar Mansurov kimi yetişməyimdə belə şeylərin böyük rolu olub.
– Sizin ananız da tar çalıb… 
– Bizim evdə tarı hamı çalıb. Anamla atam tar məktəbində tanış olublar. İllər keçəndən sonra uşaqların hərəsi bir sahəyə meyl göstərdi. Mən pianonu seçdim, oldum bəstəkar. Konservatoriyada oxuyanda düşünürdüm ki, ciddi musiqi bəstəkarı olacağam. Deyir, sən saydığını say, gör, fələk nə sayır. Bir müddət estradadan, rokdan uzaqlaşmışdım, sonra yenə qayıtdım mahnı bəstələməyə. O da necə oldu? Bir dostum var idi, Azərbaycan Televiziyasında bədii rəhbər işləyirdi. Ciddi musiqilərimi göstərirdim ki, bunları alsınlar və mən həmin əsərlərimi radionun fondu üçün yazdıra bilim. Bir gün mənə dedilər, sən get, mahnı yaz gətir görək, sonra ciddi əsərlərinə baxarıq. Dedim, necə yəni, mənə qiyməti mahnı ilə verəcəksiniz? Bir il uzaq düşdüm, heç yerə getmədim. Bir gün anam dedi, demirlər ki, yaz? Yaz, sübut elə ki, bunu da bacarırsan. Bəxtimdən o mahnıların hamısı tutdu. Yavaş-yavaş mahnılarımı Flora Kərimova, Elmira Rəhimova, Yalçın Rzazadə, Mirzə Babayev oxudu.
“Utanırdım deyəm ki, Müslüm, mahnımı oxu”
– Şövkət xanım cavan vaxtı yazdığınız mahnını oxumaqdan imtina edib…
– Hə, olub belə bir hal. Özü də təkcə Şövkət Ələkbərova olmayıb. Məni ən çox yandıran odur ki, Müslüm Maqomayevin, Rəşid Behbudovun dövründə bəstəkarlıq etmişəm, amma müəyyən səbəblərdən onlara mahnı verməmişəm. Məsələn, Rübabə Muradova bizim evin adamı idi, həmişə deyərdi, mahnı ver, oxuyum. Deyirdim, Rübabə xanım, mən estrada yazıram. Cavab verirdi ki, olsun, sən ver, oxuyacağam. Müslüm Maqomayevlə salam-kalamımız var idi, mənə münasibəti yaxşı idi. Amma utanırdım deyəm ki, Müslüm, mahnımı oxu. Mənə elə gəlirdi, münasibətlərdən istifadə edib kiməsə mahnı sırımaq olmaz. Belə şeyi heç vaxt sevməmişəm. Amma indi görürəm, çox adam bu sənətkarlara mahnılarını oxudublar. Həyatdır də…
– Ədəbiyyat adamlarından kiminlə dostluq etmisiniz? 
– Mahnılarımın sözlərini yazan adamların əksəriyyəti ilə dostluğum, münasibətim olub. İbrahim Göyçaylı, Dəmir Gədəbəyli, Vahid Əziz, Baba Vəziroğlu, Nüsrət Kəsəmənli və başqaları. Bəxtiyar Vahabzadənin qonağı olanda həmişə deyərdi, biz səninlə yaradıcılıq dostuyuq. Mən Bəxtiyar müəllimi atam kimi çox istəyirdim… Əvvəllər çox kitab oxuyurdum. İndi gözümə, təzyiqimə görə oxuya bilmirəm.
““Yenə o bağ olaydı” şeirinə yazılan mahnıların heç biri alınmayıb”
– Kimləri oxumusunuz? 
– Düzünü deyim, bizim yazıçılardan çox az oxumuşam. Məni daha çox 17-18-ci əsr fransız ədəbiyyatı maraqlandırıb. Fransız ədəbiyyatı mənə ruhən yaxındır. Məsələn, Dostoyevskini, Tolstoyu oxumaq çətindir. Onların yaradıcılığı mürəkkəbdir. Amma Jan Jak Russonu, Floberi sevə-sevə oxumuşam.
– Gənc şairlərdən tanıdığınız var?
– Çox adam müraciət edir. Zəng vururlar ki, şeir yazmışam, fikrinizi deyin. Bilirsiniz, məni düz başa düşün. Mən böyük şairlər görmüşəm. Nəbi Xəzri ilə, Bəxtiyar Vahabzadə ilə işləmişəm. Yaxud Almas İldırımın, Əhməd Cavadın, Hüseyn Cavidin şeirlərinə mahnı yazmışam. Baxıram, indiki şairlərin yaradıcılığı söz yığınıdır. Vətən haqqında da, sevgi haqqında da eyni hisslərlə yazırlar. Məni yandıran, ağladan şeirlər bu gün yazılmır. Mikayıl Müşfiqin ən çox sevdiyim şeiri “Yenə o bağ olaydı” şeiridir. Mən Eldar Mansurovam, bəstəkaram, amma özümü hələ o şeirə mahnı yazmağa hazır bilmirəm. O şeirə on-on iki mahnı yazılıb, heç biri də alınmayıb. İfaçıları yaxşı oxusalar da, o mahnılar birdəfəlik istifadə üçündür. İstəyirsən, hər gün televiziyada oxusunlar, alınmayacaq.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın