Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / ELDAR MAHUDOVUN YENİ MÜDAFİƏ TAKTİKASI – KÖHNƏ “ÇEKİSTİN” BÜST YALANI

ELDAR MAHUDOVUN YENİ MÜDAFİƏ TAKTİKASI – KÖHNƏ “ÇEKİSTİN” BÜST YALANI

Rövşən Novruzoğlunun sərsəmləmələrinə cavab
Son günlər mətbuatda sabiq MTN şefi Eldar Mahmudovun müdafiəsinə həsr olunan yazılara tez-tez rast gəlinir. Onun rəhbərliyi altında çalışan ən yaxın generallarının həbsindən sonra, Eldar Mahmudov demək olar ki, bir ilə yaxın müddətdir mətbuatın gündəmindən düşmür. Onun barəsində nələr yazılmır? Ancaq maraqlıdır ki, hətta yazılan ən sərt təhqirlərə belə susqunluq nümayiş etdirən Eldar Mahmudovun məhz indiki dönəmdə müəyyən fəallığı nəzərə çarpır. Yəqin ki, Eldar Mahmudovun məhz bu dövrü seçməsi təsadüfi xarakter daşımır. Artıq onun generallarından bəzilərinin ibtidai istintaqı yekunlaşıb, digərlərinin işi isə yekunlaşmaq üzrədir. Ola bilər ki, Eldar Mahmudovun sudan tam quru çıxa bilməsi onun fəallaşması üçün əlavə stimul verib.
Eldar Mahmudovun açıq müdafiəsinə qalxanlardan biri də, özünü milli təhlükəsizlik üzrə ekspert və politoloq kimi təqdim edən Rövşən Novruzoğludur. O, bugünlərdə “HEYKƏL GÜLÜR” başlığı ilə yazdığı müəllif yazısında Eldar Mahmudovu çox ustalıqla müdafiə edir.  Şəxsi işidir, bununla bağlı hansısa iradımız yoxdur. Ancaq müdafiəni yalan üzərində quraraq, bunun fonunda hansısa bölgəni konkret hədəfə alması bizi bu mövzuya toxunmağa vadar etdi.
Onun yazısından bir sitata diqqət edək:

“Eks-nazir Eldar Mahmudovun (Xatırladım ki, o, akademik Əhməd Mahmudovun oğludur) dövründə isə Milli Təhlükəsizlik Nazirliyinin ilk fəaliyyət illəri pis deyildi. Hər şey öz qaydasında idi. Lakin ölkəni təmin edən bu sakitlik, əmin-amanlıq pərdə arxasından boylanan düşmənləri təmin etmədi.
Bu elə vaxt idi ki, özünə “Yaşıl İmam” təxəllüsü götürən (əslində bu adı ona ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi vermişdi) Fətullah Gülən və onun qılaflı dəstəsi Azərbaycanın hökumət və dövlət strukturlarına soxulur, təhsil və səhiyyə sistemini pozur, dini ayrı-seçkilik salır, Vətən, torpaq, müharibə anlayışlarına kölgə salan moizələrlə qulaqları batıran, beyinləri dumanlandıran fəaliyyətlərə start vermişdi… Onlara qarşı amansız mövqedə dayanmaqda Türkiyədən dəstək gəldi. Nəticədə nurçulara ilk zərbəni ölkənin Daxili İşlər Nazirliyinin qurumları vurdu. Sonra Milli Təhlükəsizlik Nazirliyi hərəkətə keçdi. Eks-nazir Eldar Mahmudovun sərəncamı ilə vaxtilə MTN-də özlərinə yuva quran 29 nəfər Fətullah Gülənçi işdən uzaqlaşdırıldı…”
Göründüyü kimi, Rövşən Novruzoğlu Eldar Mahmudovun müdafiəsinə həm də, son günlərin aktual mövzusu olan FETÖ istiqamətindən girişib. İddia edir ki, Eldar Mahmudov bir nömrəli anti- gülənçi olub.
Ancaq deyəsən, Eldar Mahmudovun bu keyfiyyəti Rövşən Novruzoğlundan başqa heş kimə bəlli olmayıb.
Rövşən Novruzoğlunun Eldar Mahmudovun müdafiəsinə girişdiyi mövzulardan biri də onun atası Əhməd Mahmudovla bağlıdır. Belə işlərin ustası olan Rövşən Novruzoğlu bu girişməni də, yalan bir analogiya aparmaqla cəmiyyətə soxuşdurmaq istəyir. Yazır ki, Naxçıvana 500 il bundan əvvəl ölən və Şərurda dəfn olunan ulu babasının qəbrini ziyarət etmək üçün gedibmiş. Məhz bu səfəri çərçivəsində də, təsadüfən gözü Eldar Mahmudovun atasının “dağıdılan” büstünə sataşıb.
Rövşən Novruzoğlunun açıq yalan danışdığını bir neçə aspektdən sübut etmək olar. Maraqlıdır, Novruzoğlu 500 il əvvəl ölən ulu babasının məhz Şərurda dəfn edildiyini hardan bilir? Axı, bu o qədər də yaxın tarix deyil. Desə ki, şəcərəsini dərindən araşdırıb, buna da inanmayın. Onun kimin harada dəfn olunduğu istiqamətində apardığı araşdırması uzağı bir əsri əhatə edə bilər.
Bir şərurlu kimi deyə bilərəm ki, Rövşən müəllim həmin rayonda Şah İsmayıl Xətainin dövründə dünyasının dəyişən əskərlərə aid hansısa məzarlığın və ya ziyarətkahin olması ilə bağlı söylədikləri də, ağ yalandır. Tam əmin olun ki, Şərurda belə məzarlıq yoxdur. Bəs onda “politoloq” haranı ziyarət edib? Yazdıqlarından görünür ki, Naxçıvana getməkdə məqsədi tam başqa olub. Hətta həmin səfərin Eldar Mahmudov tərəfindən təşkil edilməsi də istisna olunmur. Görün, Rövşən Novruzoğlu böhtan cızmaqarasında daha nə yazır:

 

ehmed
“Naxçıvanlılar, yığışın o kişinin günahsız heykəlini yerinə qoyun. Onun Eldar Mahmudova nə dəxli… Ola bilər kimsə məqam gözləyib qisas alsın. Sağlığında qisas ala bilmədi, heykəlindən əvəz çıxdı… Xüsusən onun bir tərəfə qırılıb atılmış gözlərini heç cür unuda bilmirəm. Bu mümkün olan bir iş deyil… Çünki mən qırılmış, dağıdılmış heykəlin gözlərini gülən gördüm… Heykəl gülürdü…”
Göründüyü kimi, özünü əməlli başlı idarə edə bilməyən Rövşən Novruzoğlu böyük bir bölgənin əhalisinə, ağsaqqallarına məsləhət vermək qərarına gəlib. Adama deyəllər, sən kimsən axı? Bu sənin “razmerinə” uyğun olan məsələdirmi? 
Onun yazdıqlarında yeganə doğru məqam budur ki, bəli, Əhməd Mahmudovun büstü Şərurdakı kolleclərdən birinin qabağında olub. Şərur şəhərinin heç də mərkəzində yerləşməyən həmin yeri Rövşən Novruzoğlu təsadüfən görə bilməz. Deməli, “ezamiyyətinin” kökündə duran məsələ məhz bu təxribata imza atmaq olub.
Rövşən Novruzoğlunun nəzərinə çatdırırıq ki, qoy, hər iki qulağını açıb yaxşı qulaq assın və həqiqətin necə olduğunu eşitsin.

Əhməd Mahmudovun büstü Şərurdakı türk kolleclərindən birinin qabağında olub. Bu doğrudur və heç kimim bunu dana bilməz. Həmin kollec mərhumun adını daşıyıb. Görəsən, özünü milli təhlükəsizlik üzrə ekspert adlandıran Rövşən Novruzoğlu yoxa çıxan heykəldən danışarkən, kollecin aqibətinə niyə diqqəti yönəltmir? Bilirik, çünki sərf etmir. Qeyd edək ki, həmin kollec nurçu şəbəkəsinin bir həlqəsi olduğu üçün bağlanılıb. Təbii ki, belə olan təqdirdə, Əhməd Əhmədovun büstünün orada qalmasına da lüzum qalmırdı. Çünki həmin kollecin yerində fizika-riyaziyyat təmayüllü məktəb tikilir. Qeyd edək ki, bu hadisə Eldar Mahmudovun vəzifədən azad olunmasından 6 ay əvvələ təsadüf edib. Bəli, həmin vaxt Naxçıvandakı əlaqədar qurumlar məktəbin olmadığı halda, büstün həmin ərazidə qalmasına lüzum görməyiblər və onu çox hörmətli şəkildə ərazidən götürüblər.

 

e

Bundan da, Eldar Mahmudovun şəxsən xəbəri olub. Əhməd Əhmədovun büstü dağıdılmayıbsa, Rövşən Novruzoğlu onun qırıntılarını hardan görə bilərdi? Bu da yalanın başqa üzü. Yaxşı olardı ki, Rövşən Novruzoğlu belə bir sualla dostu Eldar Mahmudova müraciət edərdi: ölkənin milli təhlükəsizliyinə cavabdeh olan bir adam kimi niyə nurçu şəbəkəsinə aid olan bir məktəbə atasının adının verilməsinə israr edib? Rövşən Novruzoğlu isə yazır ki, Eldar Mahmudov vəzifədə olduğu dönəmdə FETÖ ilə mübarizə aparıb…
Rövşən Novruzoğluna sonda bir məsləhət vermək istərdik, bir daha yolu Naxçıvana düşəndə, oranın əlaqədar qurumlarına müraciət etsin. Əminik ki, ona məmuniyyətlə Əhməd Əhmədovun sağ qalan büstünü göstərərlər. Yarımçıq politoloqa daha bir önəmli məsləhətimiz var. Bir də yalan danışanda ulu babalarının ruhunu narahat edib, onları öz məqsədlərinə çatmaq üçün vasitəyə çevirməsin. Ayıbdır…
RÖVŞƏN ƏLİ
AZİNFORUM.AZ

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın